• "Təhlükəli zolaq"dakı icra başçıları hansılardır? - Sentyabr ayına olan kadr islahatlarının ilk anonsu verildi

    "Təhlükəli zolaq"dakı icra başçıları hansılardır? - Sentyabr ayına olan kadr islahatlarının ilk anonsu verildi

    Bu icra hakimləri yaxın günlərdə görəvdən alına bilərlər

    İslahat anonsu bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbərlərini təşvişə salıb


    Sentyabr ayına proqnozlaşdırılan kadr islahatlarının ilk anonsu artıq verildi. Belə ki, avqust ayının 13-də prezident İlham Əliyevin imzaladığı sərəncamla Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov tutduğu vəzifədən kənarlaşdırıldı. Ölkə başçısının digər sərəncamı ilə Tahir Budaqov Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edildi. Qeyd edək ki, hələ Birinci Avropa Oyunları gedən ərəfədə köklü kadr islahatlarının həyata keçiriləcəyi barədə söz-söhbətlər yayılmağa başlamışdı.

    Biz artıq gözlənilən dəyişiklikləri müşahidə etməkdəyik. Tahir Budaqovun vəzifəsindən çıxarılması paytaxt və kənd rayonlarının icra başçılarından bir neçəsini əməlli-başlı təşvişə salıb. Başqa sözlə desək, bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbərləri "yəqin məni də işdən çıxararlar" fikri ilə dərd çəkirlər. Özəl qaynaqlardan aldığımız məlumatlarda isə bildirilir ki, vətəndaşlarla normal münasibət qurmağı bacarmayan, adı daim qalmaqallı və ziddiyyətli məsələlərdə, o cümlədən büdcə vəsaitlərinin mənimsənilməsində hallandırılan bəzi icra başçılarının siyahısı hazırlanaraq yuxarılara təqdim olunub: "Bəzi dövlət məmurları, əsasən də icra başçılarından bir neçəsi elə fikirləşirlər ki, onların haqqında müxtəlif instansiyalara göndərilən şikayət məktublarına baxılmır. Əslində, onlar yanılırlar və böyük səhv etmiş olurlar. (gundelik-baku)Çünki müvafiq instansiyalarda vətəndaşların istənilən müraciətinə həssas yanaşılır və insanların şikayətinə dərhal baxılır. Bəzi icra başçılarından Prezident Administrasiyasına və digər yuxarı instansiyalara göndərilən şikayət məktublarının sayı-hesabı yoxdur. Hazırda həmin icra başçıları ilə bağlı gərgin müzakirələrin aparıldığı deyilir". Mənbənin sözlərinə görə, "təhlükəli zolaq"da olan icra başçılarının siyahısında Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov ön sıralarda dayanır: "Hansı mətbuat orqanına baxırsan, bu məmurla bağlı tənqidi yazılar və şikayətlər yazılır. Xətai rayonunun sakinlərindən demək olar ki, heç biri icra başçısının fəaliyyətini təqdir etmir. Axı onlar başçının hansı müsbət əməlləri ilə öyünə bilərlər? O bu vəzifəyə təyin olunandan sonra adı ancaq qanunsuz torpaq satışında və yaşıllıqların məhv edilməsində çəkilib. Hörmətli şəxslərdən birinin adından harda gəldi istifadə edən icra başçısının gələcək vəzifə taleyi sual altındadır. Deyilənə görə, Razim Məmmədov yaxın günlərdə görəvdən alına bilər". Məlumatlı mənbənin bildirdiyinə görə, son vaxtlar adı mətbuatın gündəmindən düşməyən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev də yol üstədir: "Beyləqan rayonunun hazırkı durumu, insanların yaşayış səviyyəsi ürəkləri dağlayır. İcra başçısının indiyə qədərki rəhbərliyi dövründə rayonun abadlaşmasına, sosial-iqtisadi inkişafının sürətləndirilməsinə ayrılan büdcə vəsaitlərinin böyük hissəsi təyinatı üzrə xərclənməyib. Maliyyə Nazirliyi və Hesablama Palatasının, eyni zamanda digər dövlət qurumlarının apardıqları müvafiq yoxlamalar zamanı Beyləqan Rayon İcra Hakimiyyətində ciddi nöqsanlar aşkarlanıb. Amma icra başçısı bəzi üsullardan istifadə etməklə hər dəfə vəziyyəti öz xeyrinə dəyişə bilib. Buna baxmayaraq, rayonda başçının fəaliyyətindən etirazlar səngimək bilmir. Yerli camaatın məmur özbaşınalığına tab gətirməyə dözümü qalmayıb. Bunu və çoxsaylı şikayətləri nəzərə alan yuxarılar icra başçısının dəyişdirilməsi məsələsini müzakirə edirlər. Çox güman ki, ən qısa müddətdə Beyləqan Rayon İcra Hakimiyyətinə yeni başçı təyin ediləcək". Qaynağımızın iddiasına əsasən, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin, Cəbrayılın başçısı Mahmud Quliyevin, Füzuli İcra Hakimiyyətinin rəhbəri Alı Alıyevin, Xızı rayonuna rəhbərlik edən Xəzər Aslanovun, Şabranın icra başçısı Novruz Novruzovun, İmişlinin başçısı Vilyam Hacıyevin, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun, Ağdamın rəhbəri Raqub Məmmədovun, Naftalanın icra hakimi Natiq Aslanovun və Neftçala İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin də yaxın vaxtlarda vəzifələrini itirmək təhlükəsi var. Biz isə hesab edirik ki, bu şəxslər görəvdən alınsalar, adları çəkilən rayonların sakinləri gələcəyə ümidlə baxa bilərlər.


    Facebook-da paylaş