• “Dükan sələmçiləri” şəbəkəsi əhalini soyur və bahalıq yaradır

    “Dükan sələmçiləri” şəbəkəsi əhalini soyur və bahalıq yaradır

    Azərbaycanda dükan sələmçiləri şəbəkəsi var və təəssüf ki, onlar öz əhatə dairəsini hər gün genişləndirir. Bu şəbəkənin sayəsində nəzarətsiz milyonlarla manat dövriyyədədir, qiymətlər süni artırılır.

    Bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

    Hüquq müdafiəçisinin sözlərinə görə, son aylar mağazalar tərəfindən kreditlə satılan mal və məhsullarla bağlı şikayətlər çoxalıb: “Təşkilatımıza edilən sonuncu şikayət “Delloro” mebel mağazalarından olub. Şikayətçi bildirib ki, kreditə mebel alıb, mağaza ilə müqavilə bağlayıb və ilkin ödəniş edib. Mağaza isə ona göstərilmiş mebeli deyil, digər bir model gətirib. Lakin müştərinin təkidinə baxmayaraq mebel geri qaytarılmayıb”.

    E.Hüseynov dedi ki, bundan sonra hüquqşünasların iştirakı ilə mağaza ilə müştəri arasında bağlanılan müqavilə araşdırılıb: “Müqavilə “Maqnit” mağazalar şəbəkəsi tərəfindən bağlanır. Müştəriyə malın nağd qiyməti bildirilmir. Hətta mağazalarda satılan malın nağd satış qiymətləri də yazılmayıb. Əvəzində isə müştərilərə malların nağd satış qiyməti ilə kredit satış qiyməti arasında fərq olmadığı göstərilir. Guya faizsiz kreditlərdir. Halbuki mal və məhsullar dəyərindən 30-50 faiz baha satılır”.(virtualaz.org)

    Təşkilat rəhbəri kreditlə mal satan mağazaların əksəriyyətində süni qiymət artımına rast gəldiklərini dedi: “Məsələn, iş adamı “Maqnit” mağazalarında pul qoyaraq digər mağazalardan mal alır. Həmin malı baha qiymətə kreditə verir. İstehlakçı isə reklam və təbliğatlara inanaraq malı dəyərindən dəfələrlə baha qiymətə “Maqnit” mağazalarından alır. Bu kredit lizinq deyil. Qiymətlərin süni şişirdilməsi və bu cür kreditlər dövlətin maliyyə-kredit siyasətinə xələl gətirir”.

    AİB ötən ayın əvvəlindən mağazalar tərəfindən təklif edilən kreditlərlə bağlı araşdırma aparıb və nəticələrlə bağlı Nazirlər Kabineti, Prezident Administrasiyası, İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edib: “Son 4 ayda baş verən iqtisadi proseslər göstərir ki, hətta dövlət vəsaitlərinin kredit şəklində əsassız xərclənmələrinə yol verilib. Kommersiya banklarında problemli kreditlərin həcminin böyük olması təkcə banklardan vətəndaşlara və hüquqi şəxslərə kredit şəklində verilmiş pullarla bağlı deyil. Bank kreditlərində yaranmış problemlər aysberqin görünən tərəfidir. Görünməyən tərəfi isə istehlakçıların ticarət şəbəkələrindən kreditlə və ya yerində rəsmiləşdirməklə aldıqları mallara görə ödənişlərdə yaranan problemlərdir. Bəziləri bunu lizinq hesab edir. Lakin müqavilələrin təhlili göstərir ki, bu, lizinq deyil. Bütün növ məişət malları və aksessuarları, mobil telefonlar, mebel, mənzil təmiri aksessuarları, ev əşyalarının böyük əkəsriyyətini istehlakçılar uzunmüddətli ödənişlə alırlar.

    Burada iki cür rəsmiləşmə var. Birincisi, ticarət şəbəkəsi ayrı-ayrı kommersiya bankları vasitəsilə malları kreditlə satır. Bunlar nəticə etibarilə istehlak kreditləri kimi banklarda toplanır, mərkəzi kredit reyestrinə daxil edilir. Daha çox yayılmış və daha çox problemli sahə isə ticarət şəbəkələrindən birbaşa istehlakçıya müddətli ödənişlə malların satılmasıdır. Bu zaman ticarət mərkəzi, satış şirkətləri özləri bank rolunu oynayır və malını kreditlə satmış olur. Əslində dükan özü kredit müqaviləsi bağlamır. Dükanda oturan başqa bir şəxs malı dükandan alıb müştəriyə nisyə ödənişlə verir. Alıcı isə bunu hiss etmir. Təbii ki, nağd satışdan fərqli olaraq kreditlə, müddətli ödənişdə mal daha baha qiymətə satılır. Bu da süni qiymət artımına səbəb olan amillərdndir. Təsəvvür edin, ticarət şəbəkəsi nağd satışda olan malın dəyərinə azı 20-30 faiz əlavə etməklə onu müddətli ödənişə verir. Bu zaman alıcının ödəmə qabiliyyətli olub-olmamasını, gəlirinin səviyyəsini, başqa dükanlara və banklara kredit borcunun olmasını heç kəs araşdırmır. Bu, tam nəzarətsiz qalmış və böyük məbləğdə vəsaitlərin dövriyyə etdiyi bazardır”.

    Hüquq müdafiəçisi qeyd etdi ki, məsələn, şəxs gedib dükandan məişət əşyaları, mobil telefon alır. “İlkin ödənişsiz və faizsiz” adı ilə təqdim edilən mal digər yerlərdəki nağd ödənişlərdən dəyərindən baha qiymətə satılır. İstehlakçı buna fikir vermir, onu həmin anda müddətli ödəniş maraqlandırır: “Burada reklamın rolu böyükdür. Bir müddətdən sonra ödənişlərində problem olanda müştəri ya bankdan kredit götürüb borcunu ödəyir, ya da əksinə, banka borcu ödəmək üçün heç bir sənəd təqdim etmədən dükandan bahalı telefon alır, digər dükanda onun ucuz qiymətə satıb pul əldə edir və banka ödəniş edir. Beləcə, zəncirvari bir inkişafla borclar şişir.

    İlkin təhlillər göstərir ki, bu gün problemli kreditlərin bu qədər şişməsində “dükan kreditləri”nin payı təxminən 35-45 faiz arasındadır. Süni qiymət artımının yaranması, istehlakçı hüquqlarının pozulması, telefon və digər məişət əşyalarına zəmanət verilməməsi və s. bu kimi istehlakçı şikayətlərinin 70 faizə yaxını “dükan kreditləri” ilə alınan mallara aiddir”.

    AİB aidiyyəti qurumlardan bu sahəyə diqqətin artırılmasını, süni qiymət artımının qarşısının alınmasını, istehlakçıların hüquqlarının bərpasını istəyib.


    Facebook-da paylaş