• Zaur Hüseynov Tağı Əhmədovun "yolunu" davam etdirir

    Zaur Hüseynov Tağı Əhmədovun "yolunu" davam etdirir

    Bakı Metropoliteni" QSC-nin sədri qiymətlərin artırılmasına nail olmağa çalışır

    Tağı Əhmədov Bakı Metropolitenin rəisi vəzifəsindən kənarlaşdırıldıqdan və onun yerinə Zaur Hüseynov təyin olunduqdan sonra adıçəkilən qurum mətbuatın gündəmini zəbt etməkdədir. Belə ki, Zaur Hüseynov işə başlayar-başlamaz qatarlar arasında böyük intervallar yarandı, stansiyalardan pis qoxu, üfunətli iy gəlməyə başladı. Bir qədər sonra isə bir nəfər metroda intihara cəhd göstərdi, digərini isə qatar vurdu. Hələ bu, harasıdır. Xatırlayırsınızsa, o, "Bakı Metropoliteni" QSC-nin sədri postuna əyləşdikdən bir müddət sonra "Sahil" metrostansiyasının üzərində yerləşən ticarət mərkəzində güclü yanğın qeydə alındı.

    Xülasə, "Bakı Metropoliteni" Zaur Hüseynovun nəzarətinə keçdikdən sonra ard-arda bir neçə xoşagəlməz hadisə baş verdi. Bu isə onu deməyə əsas verir ki, Tağı Əhmədovun metropoliten rəhbərliyindən uzaqlaşdırılması adıçəkilən qurumun işini əməlli-başlı müşkülə salıb. Əgər belə olmasaydı, o zaman Zaur Hüseynov ilk öncə metropolitendə mövcud olan nöqsanların, texniki nasazlıqların aradan qaldırılmasına çalışardı. Lakin "Bakı Metropoliteni" QSC-nin sədri bunun əvəzinə ən asan işdən - ticarət köşklərinin ləğvindən başladı. Yadınızdadırsa, həmin vaxt QSC-nin baş mühəndisi Fuad Tağızadə metrostansiyalarda ticarət köşklərinin həddindən artıq artması nəticəsində səliqəsizlik və natəmizliyin yarandığını bildirmişdi. Bundan başqa, o qeyd etmişdi ki, "Bakı Metropoliteni" QSC yaranan ilk gündən əsas məqsədlərindən biri də metro keçidlərindəki ticarətin birmənalı olaraq yığışdırılmasıdır: "Sərnişinlərin metrodan maneəsiz istifadəsini təmin etmək üçün metro stansiya keçidlərindəki bu vəziyyəti qaydaya salmaq niyyətindəyik. Bakı Metropoliteninin heç bir stansiyasında ticarət olmamalıdır. Bu məsələni qısa zaman kəsiyində həll etmək niyyətindəyik". İnsaf naminə qeyd etmək lazımdır ki, QSC yetkililəri qısa zaman kəsiyində sözügedən problemi həll etdilər və bütün köşklər yığışdırıldı. Bundan sonra insanların metrostansiyalarda normal hərəkəti təmin edildi. Lakin bu gün artıq yenidən "Bakı Metropoliteni" QSC stansiyalarda ticarətlə yanaşı, reklam lövhələrinin də bərpasına başlanılıb. Belə ki, qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bir müddət əvvəl vurğulayıb ki, bütün stansiyalarda reklam lövhələri asılacaq. Hələlik lövhələr müəyyən olunmuş yerlərdə quraşdırılır. Onlar əvvəlkilərdən fərqli olaraq daha böyük və işıqlıdır. Lövhələr avtomatik tənzimlənən LED işıqları ilə təchiz edilib. QSC sözçüsü həmçinin, onu da qeyd edib ki, bir neçə metrostansiyasında məhdud sayda ticarət obyektinin açılması nəzərdə tutulur. Budur, artıq bir neçə metrostansiyada gül, kitab və ya aptek kimi fəaliyyət göstərən ticarət köşklərinə rast gəlmək mümkündür. Bu isə onu deməyə əsas verir ki, Zaur Hüseynov rəhbərlik etdiyi qurumun metro ticarətinin ləğvindən sonra külli miqdarda gəlirdən məhrum olduğunu və həmin vəsaiti heç bir halda təmin edə bilməyəcəyini anladıqdan sonra yenidən əvvəlki sistemə qayıtmağa, yəni Tağı Əhmədovun yolu ilə getməyə üstünlük verib…

    Xatırlayırsınızsa, Tağı Əhmədov vəzifədə təmsil olunduğu müddət ərzində bir neçə dəfə "Bakı Metropoliteni"nin dotasiya ilə fəaliyyət göstərdiyini, hətta ziyanla işlədiyini belə bəyan edib. Hələ o zaman bildirilirdi ki, metropoliten reklamlardan əldə olunan gəlirləri metro işçilərinin əməkhaqlarına əlavə mükafat olaraq paylayır. "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov isə hələ ki, bu mövzuya toxunmayıb. Əslində onun bu məsələ ilə bağlı hansısa radikal addım atması inandırıcı görünmür. Çünki hazırda reklamlar metropolitenin əsas gəlir yerlərindən biridir. Düzdür, dövlət büdcəsindən metronun maliyyələşdirilməsi üçün kifayət qədər vəsait ayrılır. Lakin buna baxmayaraq, son zamanlar, daha doğrusu vahid kart sisteminə keçildikdən sonra metroda gediş haqqının artırılması məsələsi gündəmi zəbt edib. Və hələ ki, heç bir rəsmi qurum bununla bağlı qəti bir söz söyləməyib. Görünür, "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov da Tağı Əhmədovun yolunu davam etdirməyə, qiymətlərin artırılmasına nail olmağa çalışır. Halbuki vətəndaşlar Zaur Hüseynovdan tamam başqa addım gözləyirlər. Belə ki, ən azından o, Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə ərizə ilə müraciət edərək Bakı Metropoliteninə ayrılan dotasiyanın artırılması xahişini edə bilər. Əgər Zaur Hüseynova "yox" cavabı versələr belə, yenə də çarələr tükənməyib. Belə ki, bu zaman "Bakı Metropoliteni" QSC-nin sədri reklam gəlirlərinə müraciət edə bilər. Metropolitendə aparılan müşahidələr də təsdiqləyir ki, bu qurum kifayət qədər reklam gəlirləri əldə edir. Odur ki, metropolitenin ümumiyyətlə, dotasiyaya ehtiyacı yoxdur və sərnişinlərin metrodan istifadəsi zamanı əldə edilən gəlirlər belə, bu qurumun fəaliyyətinin iqtisadi tərəfinin təmin olunması üçün kifayət edir...


    Facebook-da paylaş