• “Payızda maaş krizisi olacaq” - ŞƏRH

    “Payızda maaş krizisi olacaq” - ŞƏRH

    Əli Məsimli: “Dünya bazarında neftin qiymətinin bir dollar aşağı düşməsinə görə büdcə 26,5 milyon dollar itirir”

    “Sentyabr ayından etibarən ölkədə maaş və pensiyaların verilməsi ilə bağlı ciddi kriz yaşanacaq. Avqust ayında əhalinin ödənişləri bütün resurslar işə salınmaqla ünvanına çatdırılsa da, qarşıdakı dönəmdə problemlər gözlənilir”.

    Bu barədə adının çəkilməsini istəməyən mənbədən məlumat verilib. Mənbənin dediyinə görə, neft gəlirlərinin kəskin şəkildə azalması ilə əlaqədar olaraq ölkəyə valyuta daxil olmasında problemlər yaranıb ki, bu da əhalinin maaş və pensiyalarının ödənişində çətinliklər yaradır.

    Bu barədə yayılan məlumat nə qədər əsaslıdır? Azərbaycanın ehtiyatları bu problemi həll etməyə imkan verirmi?

    İqtisadçı ekspert, deputat Əli Məsimli bu haqda danışarkən qeyd etdi ki, büdcədən maliyyələşən dövlət sektorunda maaş problemi olmayacaq: “Bu suala büdcədən maliyyələşən dövlət sektorunun, dövlət müəssisələrinin və özəl sektorun timsalında ayrıca baxmaq lazımdır. Bu il neftin qiyməti büdcə proqnozlarında nəzərdə tutulan 90 dollardan təqribən 2 dəfə aşağı səviyyədədir. Manatın 21 fevral devalvasiyasına qədər apardığımız hesablamalara görə, dünya bazarında neftin qiymətinin aşağı düşməsinin hər dollarına görə büdcə 26,5 milyon dollar itirir.(musavat.com)

    Devalvasiyadan sonrakı kursla bu rəqəm bir qədər artıq alınır. 2015-ci ilin 19,4 milyard manatlıq büdcə gəlirlərinin 10,4 milyard manatı və ya 53 faizindən çoxu Neft Fondundan transfertin payına düşəcək”.

    Ə.Məsimli bildirdi ki, dünya bazarında neftin qiymətinin hansı səviyyədə olmasından asılı olmayaraq, Neft Fondundan transfert qarantiya olunmuş məbləğdir: “Həmin məbləğ 2015-ci ilin büdcəsinin müdafiə olunan xərc maddələrini örtmək, yəni əmək haqqı, pensiyaya ayırmalar, sosial ödənişlər üçün yetərli olduğundan, neftin qiymətindən asılı olmayaraq bu il hökumət təkcə Dövlət Neft Fondundan transfertlər hesabına büdcə çərçivəsində götürdüyü sosial öhdəlikləri yerinə yetirə biləcək. Yəni dövlət sektorunda çalışanların əmək haqlarının verilməsində, eləcə də pensiya və digər ödənişlərin reallaşmasında problem olmayacaq. 2015-ci ilin dövlət büdcəsinin gəlirlərinin 4,8 milyard manatı və ya 25 faizi Vergilər Nazirliyi xətti ilə qeyri-neft sektorundan daxilolmalardır”.

    Deputat əlavə etdi ki, büdcə gəlirlərinin 1,6 milyard manatı və ya büdcə gəlirlərinin 8 faizindən artığı Gömrük Komitəsi xətti ilə formalaşacaq. Vergilər Nazirliyi xətti ilə neft sektorundan daxilolmalar isə 2,3 milyard manat və ya büdcə gəlirlərinin 12 faizə yaxınını təşkil edəcək: “Deməli, neftin qiymətinin aşağı düşməsi dövlət büdcəsinin gəlirlərinin 88 faizə qədər hissəsinə birbaşa yox, dolayısı ilə təsir edəcək. Amma həmin 12 faizlik və ya 2,3 milyard manatlıq hissəsinə birbaşa təsir göstərəcək və onu 1-1,4 milyard manata qədər azalda bilər.

    Yəni bu halda əgər 2015-ci ildə neftin qiyməti orta hesabla 50 dollar ətrafında olarsa, onda manatın devalvasiyasının nəticələrini nəzərə almadan büdcəyə 1 milyard manatdan bir qədər artıq, devalvasiya nəzərə alınmaqla təqribən 1,4 milyard manat, yəni büdcə gəlirlərinin təqribən 7 faizi məbləğində az vəsait daxil olacaq. Amma işlər düzgün təşkil olunsa, manatın 21 fevral 2015-ci il tarixdə baş verən devalvasiyası nəticəsində qiymətlərin dəyişməsinin multiplikativ effekti kimi büdcəyə bundan xeyli çox əlavə vəsait daxil ola bilər.

    Bir sıra dövlət müəssisələrinə, xüsusən də özəl sektora gəldikdə isə hansı şirkətlər, müəssisə və təşkilatlar öz iş ahəngini əvvəllər olduğu kimi davam etdirir, onlarda maaşların verilməsində problem olmayacaq. Lakin hansı qurumların maliyyə imkanları zəifləyibsə, təbii ki, bu qurumlarda problemlər, o cümlədən əmək haqlarının gecikməsi halları da ola bilər”.


    Facebook-da paylaş