• Tərs yola düşən vətəndaşlar: Onların 20 manatları milyonlara necə çevrilir?

    Tərs yola düşən vətəndaşlar: Onların 20 manatları milyonlara necə çevrilir?

    Piyadalar keçidlərdən istifadə etməyi əlavə vaxt itkisi hesab etsələr də, onlar bu yoldan keçməklə həm özlərinin, həm də başqalarının həyatını qoruyacaqlarının fərqində deyillər.

    Son illər paytaxtımızda xeyli yeraltı və yerüstü piyada keçidləri inşa olunub. Köhnə keçidlər də təmir olunaraq, əhalinin istifadəsinə verilib. Keçidlərin funksiyası yol hərəkətini tənzimləmək, piyadaların təhlükəsizliyini təmin etməkdir.

    Lakin vətəndaşlarımız nədənsə, bunu başa düşmürlər. Demək olar ki, Bakının hər yerində yerüstü və yeraltı keçidlər var. Piyada keçidi üçün zolaqlar var.

    Hətta indi həmin zolaqların yanında Günəş enerjisi ilə çalışan lövhələr də qoyulub. Bir sözlə, piyadalar nəzərə alınır. Amma piyadalar bunu nəzərə almırlar.

    “Yol hərəkəti haqqında” Qanunda dəyişikliklərə əsasən piyadalar yol hərəkəti qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinə müvafiq olaraq, məsuliyyət daşıyırlar. İnsanlar müəyyən olunmayan yerlərdən keçdiklərinə görə 20 manat məbləğində cərimə olunurlar. Bu cərimələr də yeraltı, yerüstü keçidlərin olduğu ərazilərdə qaydaları pozan piyadalara tətbiq olunur.(musavat.com)Yanvarın 1-dən avqustun 7-dək Bakıda qaydaları pozduğu üçün 68 min piyadanın hər biri 20 manat cərimə olunub. Bu da 1 360 000 manat deməkdir.

    Bu qədər insanın cərimə edilməsinə səbəb nədir? Niyə keçidlərdən istifadə edilmir?

    Bu və bu kimi suallara cavab tapmaq üçün şəhərimizin bəzi küçələrində olan keçidlərə baş çəkdik.

    Paytaxt Bakıda ən çox piyadanın cərimə edildiyi yer "Nizami" kinoteatrının qarşısındakı küçədir. Yolun 4 hissəsinə çıxışı olan yeraltı keçiddən istifadə edənlər çoxdur.

    Amma yolun bir hissəsində vətəndaşlar keçiddən istifadə etməyin vacibliyini bilmədikləri üçün 20 manat cərimə edilirlər. Küçənin ensiz və əsas yol olmaması, sakinləri çaşdırır. Bəli, keçiddən istifadə edilməsi ilə bağlı lövhə olsa da, bu, diqqət çəkən yerdə deyil.

    Qarşı tərəfdə dayanan polislər isə yolu düz keçməyən vətəndaşları cərimə etmək üçün gözləyirlər. Bu proses uzun zamandır ki, davam edir. Onlar vətəndaşların sadəcə, o yerdən keçərkən yanıldıqlarını bilirlər. Amma bunun qarşısını almaq əvəzinə, bu durumdan istifadə edirlər.

    Cərimələrin tətbiq edilməsində ən böyük səbəb vətəndaşların can güvənliyidir. Əgər belədirsə, polislər niyə vətəndaşların yolun üstündən keçməsini gözləyirlər? Niyə öncədən onlara xəbərdarlıq etmirlər?

    Buradan uzaqlaşaraq, şəhərin digər bir ərazisinə gedirik. Yarım saat ərazində 4 nəfər yolu düzgün keçmədiyi üçün cərimə edildi. Hansı ki, yaxınlıqda yeraltı keçid var.

    Cərimə edilənlər əsasən gənclər idi. Onlardan bir neçəsi ilə söhbətləşdik.

    Aqşin adlı 19 yaşlı gənc dedi ki, tələsdikləri üçün keçiddən istifadə etməyiblər: "Dostumla görüşə tələsirdik. 30 metr qabağa gedib, keçiddən keçib, yenidən o yolu qayıtmaq istəmədik. İndi də polis saxladı, cərimə etdi. Tələsməyimiz 40 manata başa gəldi. Normalda keçiddən keçirik".

    Şəhər sakinləri arasında kiçik sorğu da keçirdik. "Keçiddən istifadə edirsinizmi" sualı ilə yaxınlaşdığımız vətəndaşların cavabları əsasən belə oldu:

    - Mən məcburən keçiddən keçirəm. Çünki ayaqlarımda duz var. Sürətli qaça bilmirəm.

    - Sərf etmir. Keçidləri elə yerə qoyublar ki, yolum azı 2 dəfə uzanır. Misal üçün mənim iş yerimin yanındakı keçid Dram Teatrının qarşısındadır. Mən yuxarıdan gəlirəm. Yolun qarşı tərəfindəki restoranda işləyirəm. Oraya getmək üçün 200 metr geriyə qayıdıb, keçidə düşüb, daha 200 metr gedib işə çatmalıyam. Hansı ki, yolun üstündən 15 metrlik yoldur.

    - Hər kəs nəsə bəhanə edəcək. Elə mən özüm də... Məsələ burasındadır ki, bizdə o mədəniyyət formalaşmayıb. İnsanlar qaça-qaça yol keçməyə, həyatını təhlükəyə atmağa üstünlük verirlər. Amma 2 dəqiqə yolu gec keçib, keçiddən istifadə etmirlər. Biz beləyik oğul, belə də olacağıq. Zibil qabının yanında oturub, siqaret kötüyünü yerə atanlarıq, biz...

    Mərkəzdən uzaqlaşıb, gedirik metro ətraflarına... Orada da dəyişən bir şey yoxdur. Keçid ola-ola hər kəs yolun üstündən, avtomobillərin önündən qaça-qaça keçir.

    Misal üçün "İnşaatçılar" metrostansiyasının yaxınlığında müşahidələr apardıq. İnsanlar yeraltı keçiddən yox, avtomobil yolunun üzərindən keçməyə üstünlük verirlər. Və bu, hər gün eynilə təkrarlanır. Burada yolu keçənləri cərimə edəcək polislər də yoxdur.

    Taksi sürücüsü Qulu Sadıqov deyir ki, qış aylarında, cərimələr yeni tətbiq edilən vaxtlarda burada polislər dayanırdılar. Yolu düzgün keçməyənləri cərimə edirdilər. Amma onlar da burada çox qalmadılar: "Gördülər ki, bacarmırlar, getdilər. Kimisə saxlayırdılar. Həmin adam başlayırdı, polisin üstünə qışqırmağa... Əsasən də qadınlar... Hay-şivən salırdılar. Özüm gözümlə görmüşəm. Qadın polisin sözünə baxmadan, heç nə olmamış kimi mindi, marşruta və getdi. Bura belədir. Mədəniyyəti insanlara qazandırmaq çətindir. Olmayan şeyi inkişaf da etdirmək olmur".


    Facebook-da paylaş