• Cahangir Əsgərov prezidentin tapşırığını niyə yerinə yetirmək istəmir?

    Cahangir Əsgərov prezidentin tapşırığını niyə yerinə yetirmək istəmir?

    AZAL rəhbəri hələ də baha qiymətlərdən imtina etməyib

    Şirkətdə yaşanan müxtəlif problemlər kadr dəyişikliyi məsələsini gündəmə gətirib


    Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda səsləndirdiyi sərt fikirlər yəqin ki, çoxlarınızın yadındadır. Xatırladaq ki, ölkə başçısı bu iclasda AZAL-da biletlərin qiymətinin bahalığı məsələsinə də toxunmuşdu. Prezident bildirmişdi ki, biletlər həddindən artıq bahadır və bu məsələ tez bir zamanda nizama salınmalıdır.

    Qeyd edək ki, dövlət başçısının bu çıxışından dərhal sonra "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) rəhbərliyi, o cümlədən sədr Cahangir Əsgərov qiymət məsələsində dəyişiklik edəcəklərini açıqladı. Bildirildi ki, avqust ayından etibarən xarici ölkələrə uçuşların tarifi aşağı salınacaq. Avqust ayını yaşamağımıza baxmayaraq, AZAL rəhbərliyi hələ də verdiyi vədə əməl etmir. Üstəlik, vətəndaşlar xaricə əvvəlkindən daha baha qiymətə uçmaq məcburiyyətində qalıblar. Bu günlərdə hüquqşünas Aslan İsmayılov qiymət məsələsini hələ də tənzimləmək istəməyən QSC sədrini ağır formada ittiham edib.(gundelik-baku)Onun sözlərinə görə, AZAL-ın qiymət müəmması sadəcə, vətəndaşların aldadılması deyil: "Atılan addımlar AZAL prezidenti Cahangir Əsgərovun qanuna sığmayan əməllərini ört-basdır etməyə hesablanıb. Qiymətlərin aşağı salınması görüntüsünü yaratmaq üçün köhnə manevirlərinə əl atdı və Moskvaya, Türkiyəyə bir tərəfə təyyarə biletinin qiymətinin 99 avroya endirildiyini bəyan etdi. Məlum oldu ki, belə "qiymət endirimi" faktiki olaraq əvvəlki bilet qiymətindən baha edir. Yəni bir tərəfə 99 avro, geri dönməyə 99 avro və üstəlik baqaja görə 50 avro ödənilməlidir. Bu barədə yazdıq, onu ifşa etdik. Cahangir Əsgərov elan etdi ki, qiymətləri 30 faiz azaldır. Faktiki isə qiymət azalmayıb. AZAL baha qiymətdən imtina etməyib. Həmin qiymətlərdir. Cahangir Əsgərov deyir ki, guya Azərbaycan vətəndaşları bahalı biletlər alır, ona görə də qiyməti endirmir. Faktiki olaraq isə problem AZAL prezidentinin inhisarçılığıdır. O ucuz sərnişin daşımaları həyata keçirən aviaşirkətləri Azərbaycana buraxmır. Bir müddət əvvəl Türk Hava Yollarının Azərbaycanda fəaliyyətini də dayandırmaq istəyirdi. İstəyi bu idi ki, Türk Hava Yollarının bircə reysini saxlasın, qalan reyslər isə AZAL-a verilsin. 2014-cü ilin sonunda Türk Hava Yollarının rəhbərliyi Azərbaycana gəlib Cahangir Əsgərovla böyük bir mübahisə etdi. Cahangir Əsgərov istəyini həyata keçirmək üçün israr etmişdi. Belə olanda ona demişdilər ki, AZAL İstanbula buraxılmayacaq. Bundan sonra o, geri çəkildi. Lakin şərt qoydu ki, Türk Hava Yollarının təyyarələrinin biletləri AZAL biletlərindən ucuz olmamalıdır". Hüquqşünas həmçinin bu məmurun Azərbaycan vətəndaşına münasibətinə də toxunub: "O Azərbaycan vətəndaşlarına baha qiymətə bilet satır, burada pul qazanır, amma ölkədə heç nəyi yoxdur. Bu adamın malı, mülkü xaricdədir. Onu Azərbaycan vətəndaşının narazı olmağı, etiraz etməsi də əsla maraqlandırmır. O, Azərbaycan dilində danışmağı da özünə rəva bilmir. İş yerində yalnız rus dilində danışanlardır. Cahangir Əsgərov Azərbaycan dilində danışanlara ikinci sort adamlar kimi baxır, öz işçilərini ən ağır sözlərlə təhqir edir. Mənə bu barədə yazanlar var". Qarşı tərəfdən hələlik, bu ittihamlara heç bir cavab gəlməyib. Apardığımız qısa araşdırmalar nəticəsində öyrəndik ki, ölkə başçısının məlum tənqidlərindən sonra AZAL-da heç bir dəyişiklik baş verməyib və sərnişinlər yenə də hava nəqliyyatında qiymət bahalığı problemi ilə üz-üzədirlər. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, qiymətləri aşağı salmaq barədə fikirləşməyən AZAL şefi bununla da əhali arasında sanki sosial narazılıq yaratmağa çalışır: "Prezidentin xəbərdarlığından neçə müddət keçib, amma "Azərbaycan Hava Yolları" QSC-də qiymət problemi həll olunmamış qalır. Şirkət rəhbəri prezidentin tapşırığını yerinə yetirmək istəmir. Qiymətlərin baha olması ilə bağlı yuxarılara göndərilən şikayətlərin sayı artıb. Bu isə o anlama gəlir ki, Cahangir Əsgərov öz əli ilə öz quyusunu qazır. Əgər şirkət yaxın vaxtlarda qiymətləri aşağı salmasa, sərnişinlərinə sərfəli şərtlər təklif etməsə, o zaman QSC-də kadr dəyişiklikləri qaçılmaz olacaq".

    O ki, qaldı cəmiyyət sədrinin Azərbaycan dilinə qarşı olan soyuq münasibətinə, bu barədə növbəti saylarımızda geniş araşdırma yazısı dərc edəcəyik. Biləcəksiniz ki, şirkətdə işləyən şəxslərə niyə ana dilində danışmağa qadağa qoyulub.


    Facebook-da paylaş