• Siyavuş Novruzov: “YAP-ın siyahısından yalınız partiyanın ali rəhbərliyinin xəbəri var”

    Siyavuş Novruzov: “YAP-ın siyahısından yalınız partiyanın ali rəhbərliyinin xəbəri var”

    “Son qərar təbii ki, partiya rəhbərinin və İdarə Heyətinin olacaq”

    Seçkilər yaxınlaşsa da, hələlik hakim partiya özünün namizədlər siyahısını açıqlamağa tələsmir. Ölkənin siyasi arenasında mövcud olan partiyalar və müstəqil şəxslər də YAP-ın hansı namizədlərlə seçkiyə gedəcəyini gözləməkdədir. YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzovla söhbətimiz də bütövlükdə seçkilərə həsr olundu.(musavat.com)

    - Siyavuş bəy, YAP-ın seçki siyahısının açıqlanmasının yubanmasında partiyadaxili narazılıqların da əsas faktor olduğu haqda deyilənlərin əsası varmı?

    - Heç bir əsası yoxdur. Hazırda seçki ilə əlaqədar hazırlıq işləri gedir. Bizim 125 dairə üzrə Mərkəzi Seçki Qərargahının 84 rayon və şəhər şöbələri yaranıb. Hazırda orda olan insanlar üçün müşavirələr keçirilir. Bu gün də iki zona üzrə müşavirələrimiz var - Şirvan və Şəki-Zaqatala bölgəsi üzrə. O cümlədən hər dairə üzrə 10 nəfər imza toplayan şəxs müəyyənləşdirmişik.

    Artıq onlar üçün Seçki Məcəlləsindən təlimatlar çıxarıb hansı hüquq və vəzifələrinin olması, necə imza toplaya bilərlər, bununla bağlı bütün respublika ərazisində treninqlər keçirilir. Seçkilərə namizədlərlə bağlı isə bu gün heç bir problem yoxdur. Sadəcə olaraq, seçki qanunvericiliyinə uyğun olaraq seçkilərə ən azı 60 gün qalmış Azərbaycan Respublikasının Prezidenti tərəfindən sərəncam verilməli, seçkilər elan olunmalıdır.

    Seçkilər elan olunduqdan sonra YAP-ın rəhbər strukturu, yəni İdarə Heyəti kimin hansı dairədən namizəd kimi irəli sürülməsi barədə rəsmi qərarını verəcək. Yəni elan olunduqdan və dərc olunub qüvvəyə mindikdən sonra. Bu günə qədər isə bizim partiyadan hər dairə üzrə kim namizəd olacaqsa, artıq siyahı hazırdır.

    Odur ki, mətbuatda getdiyi kimi, ara qarışdırmağa, yaxud müxtəlif məqsədlərə hesablanmış heç bir məsələ yoxdur. Əvvəlki seçkidə YAP-ın 71 dairədən namizədi parlamentdə təmsil olunurdu, 5 yerimiz boşalıb, hazırda 66 nəfər parlament üzvümüz var. İndi də biz bütün dairələr üzrə namizədlərimizi irəli sürəcəyik. Odur ki, heç bir problem yoxdur.

    - Bir neçə gün əvvəl YAP-ın seçki siyahısı adlı bir siyahı dərc olundu. Ola bilərmi ki, bu, partiyanın mətbəxindən ötürülüb?

    “Yekun siyahı yəqin ki, gələn həftə açıqlanacaq”

    - Bunlar hamısı yanlış fikirlərdir. Siyahı ilə məşğul olan şəxslərdən başqa bunu heç kəs bilə bilməz və heç kəsin də bu haqda məlumatı yoxdur. O baxımdan da bu, ancaq şayiədir. Görürsən “Azadlıq” qəzetində yazırlar ki, “filan mənbədən məlumat almışıq”. Ümumiyyətlə, indiki dövrdə heç bir ağıllı, ağlı başında olan adam “Azadlıq” qəzeti və Əli Kərimli ilə əməkdaşlıq etməz. Çünki perspektivi və gələcəyi olmayan bir qəzet, bir təşkilatla hər hansı əməkdaşlığın heç bir mənası yoxdur. İkincisi də, bundan məlumatı olan kənar adam ola bilməz. Bunu bilən yalnız partiyanın ali rəhbərliyidir, ali rəhbərliyin də o partiya, yaxud qəzetlə heç bir əməkdaşlığı ola bilməz. Ona görə də hər hansı bir təlimatçı, nümayəndə ilə müzakirələr aparılmır ki, sonra harasa məlumat da verilsin. Bunlar yalan, sırf ara qızışdırmağa, ara vurulmasına hesablanmış məlumatlardır.

    - Görünən budur ki, bütün siyasi partiyalar hakim partiyanın seçki ilə bağlı yekun qərarını gözləyir...

    - Bu, təbii haldır. Bu, seçki texnologiyasıdır. Hər bir partiya götür-qoy edir ki, hardan, kimi namizəd irəli sürəcək. Bu gün bütün partiyalar özünə rəqib kimi YAP-ı görür. Ona görə də onlar gözləyirlər, götür-qoy edirlər ki, hardan kim gedəcək. Yəni zəif nöqtə axtarsınlar ki, ordan namizədlərini irəli sürsünlər. YAP-ın kifayət qədər resursları, imkanları var və partiyanın 600 mindən artıq üzvü var, bu gün fəaliyyət göstərirlər. İstənilən dairədən bizim həm tərəfdaşımız, həm seçicimiz, həm fəallarımız mövcuddur. Onlar özləri də seçki texnologiyasını bilən, bu təcrübədən bəhrələnən insanlardır, bütün seçkilərdə olduğu kimi, bu seçkiləri də çox uğurla aparacaqlar. Biz 125 dairənin hamısını əhatə edəcəyik.

    - Keçən seçkidə 71 mandat qazanan hakim partiya bu dəfə neçə mandata iddia edir? Mandat sayı çox olacaq, yoxsa az?

    - Təbii ki, seçkilərin tarixinə nəzər salsaq, hər dəfə, həm bələdiyyə, həm də ki, parlament seçkilərində yeni uğurlar olub. Yəni beş ildən bir YAP-ın parlamentdəki üzvlərinin sayı çoxalıb və hesab edirik ki, bu dəfə də belə olacaq.

    - Bu, həm də o demək deyilmi ki, növbəti seçkidə müxalifətə ayrılan yerlərin sayı daha az olacaq?

    - Bu, seçicinin seçimidir. Seçici kimi seçəcəksə, o da təmsil olunacaq. Hər hansı bölgüdən söhbət getmir, bu, təyinatlı orqan deyil ki... YAP keçən seçkilərdə bəzi dairələrdən namizəd irəli sürməmişdi. Respublikada tanınmış bir sıra ziyalılar var idi ki, onlara, o cümlədən dövlətçilik mövqeyində olan bir sıra siyasi partiya rəhbərlərinə alternativ verməmişdi. Bu gün də bu məsələlər müzakirədədir, amma son qərar İdarə Heyətinin olacaq.

    - Maraqlıdır, YAP aparıcı müxalifət liderlərinin, məsələn, İsa Qəmbərin namizəd olduğu dairədən ciddi namizəd irəli sürməyi planlaşdırırmı?

    - Təbii ki, biz hər bir dairədən namizədimizi irəli sürəcəyik. Bizim də hesablamalarımız var ki, təxminən kim hansı dairədən gedə bilər. Müxalifətdən də kimin seçkiyə getməsindən asılı olmayaraq bu gün YAP-ın nüfuzu, partiya sədrinin Azərbaycanda apardığı işlər, dünyada ölkəmizi təmsil etməsi, ölkəmizin beynəlxalq tədbirlərin məkanına çevrilməsi və xalqla iqtidar birliyi də imkan verəcək ki, seçicilər bu görülən işlərin davamı olsun deyə, YAP-ın namizədlərinə səs versinlər.

    - Bu dəfə parlamentdə yeni simaların sayının nə qədər olacağı barədə heç olmasa təxmininiz varmı?

    - Azərbaycanda 50-yə yaxın siyasi partiya var. Bu partiyaların böyük əksəriyyəti seçkilərə qoşulmaqla bağlı bəyanat veriblər. Bir çox bitərəflər, tanınmış ziyalılar, incəsənət adamları, o cümlədən yazıçılar, jurnalistlər, QHT nümayəndələri də seçkidə iştirak niyyətlərini ortaya qoyub, ayrı-ayrı bloklar, qruplar yaranıb. Təbii ki, bunların hər biri öz namizədliyini müxtəlif dairələrdən irəli sürəcək. O baxımdan bizim tədqiqatlar, təhlillərlə yanaşı, əsas məsələ namizədlərin irəli sürülməsi prosesinin başa çatmasından asılıdır.

    - Yeri gəlmişkən, media mənsubları sırasında da parlamentə iddialılar az deyil. Onların təmsil olunduğu dairələrdən YAP-ın ciddi namizədləri olacaqmı?

    - YAP-ın özünün də kifayət qədər media nümayəndələri var. (Gülür) Söhbət onda deyil ki, hansısa dairədən media mənsubu namizəddirsə, onun alternativi də media təmsilçisi olacaq. Ola bilər ki, ordan rayon təşkilatı sədri, rayonda fəaliyyət göstərən bir aktiv, Bakıda yaşayan, amma həmin dairədə böyük nüfuza malik olan bir ziyalı da ola bilər.

    - Artıq siyahının elan olunmasına az qalıb...

    - İnşallah, gələn həftə seçkiyə start veriləcək.

    - Siyahı da gələn həftə açıqlanacaq?

    - Yəqin ki.

    - YAP-ın yekun siyahısında adı olmayan və müstəqil şəkildə namizədliyini irəli sürən YAP-çılara münasibət necə olacaq?

    - Bununla bağlı bizim həmişə mövqeyimiz olub. Təbii ki, seçmək və seçilmək hüququ konstitusion hüquqdur, bu, konstitusiyada təsbit olunub. Qanun da, Seçki Məcəlləsi də icazə verir ki, yaşı 25-ə çatmış, ağlı yerində olan, ağır cinayət törətməyən şəxslərin hər biri öz namizədliyini irəli sürə bilər. Amma YAP-ın üzvü olub bir əqidəyə xidmət edən, partiyanın qərarlarını yerinə yetirən hər bir partiya bilməlidir ki, YAP ölçüb-biçir, tədqiqat aparır və həm ölkənin gələcəyi, həm dövlətçiliyimizin möhkəmliyi üçün, həm orda qələbənin əldə olunması üçün apardığı tədqiqatların nəticəsində namizəd irəli sürür. Əgər o şəxs tam səmimi qəlbdən, sidq ürəkdən YAP-ın sıralarındadırsa və YAP-la birgədirsə, partiya qərarlarına riayət edərək ordan özünün bitərəf kimi namizədliyini irəli sürüb öz partiya yoldaşına alternativ olmamalıdır. Belə olan təqdirdə o, partiya tərəfindən heç bir dəstəyə, yaxud müdafiəyə arxalana bilməz.

    - Partiya sədri, ölkə prezidentinin YAP-ın siyahısı üzrə yekun qərarı varmı, yoxsa hələ razılaşdırılmayıb?

    - Bu proseslərin hər biri öz qaydasında gedir. Son qərar təbii ki, partiya rəhbərinin və İdarə Heyətinin olacaq.


    Facebook-da paylaş