• Şəmsəddin Əliyevin özbaşına əməllərinin əzabını get-gələ saldığı vətəndaşlar çəkir

    Şəmsəddin Əliyevin özbaşına əməllərinin əzabını get-gələ saldığı vətəndaşlar çəkir

    Xətai Məşğulluq Mərkəzinin rəhbərliyi nə işlə məşğuldur?

    Dövlətimiz tərəfindən vətəndaşların işlə təmin edilməsi, işsizliyin azalması üçün mütəmadi olaraq müxtəlif layihə və planlar həyata keçirilsə də, etiraf edək ki, bu gün həm paytaxt Bakıda, həm də bölgələrimizdə kifayət qədər işsizlikdən əziyyət çəkən vətəndaşlar var. Təkrarçılıq kimi olmasın amma, bilməyənlər üçün qeyd edək ki, hər rayonun özünün Məşğulluq Mərkəzi var. Məşğulluq Mərkəzləri isə Dövlət Baş Məşğulluq Mərkəzinə tabedirlər.

    Qeyd edək ki, Məşğulluq Mərkəzlərinə ayrılan vəsaitlərin, daha sonra vətəndaşların niyə iş yerləri ilə təmin edilməməsi hər zaman müzakirə edilən məsələlərdən olub. Bu gün çox az sayda insan taparıq desin ki, mən, Məşğulluq Mərkəzi vasitəsilə işlə təmin edilmişəm. Bildiyimiz kimi, hər bir işsiz vətəndaş yaşadığı və qeydiyyatda olduğu rayon üzrə Məşğulluq Mərkəzinə müraciət edə bilər. İşsiz vətəndaş işi və qazancı olmayan, işə başlamağa hazır olub Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi və onun yerli orqanlarında iş axtaran kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. İşsiz statusu almış vətəndaşlar işsizliyin başlanmasından (şəhər (rayon) məşğulluq mərkəzlərində iş axtaran kimi qeydiyyata alındığı gündən) əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən çox müddətdə haqqı ödənilən işə malik olduqda onların işsizlik müavinəti axırıncı iş yerindəki son 12 ay ərzində hesablanmış orta aylıq əməkhaqqının 70 faizi məbləğində müəyyən edilir. Lakin bu gün, məşğulluq mərkəzləri heç də öz işləri ilə məşğul olmur. Yəni icra etməli olduqları işin tam əksini edirlər. Bu gün redaksiyamıza daxil olan şikayət bizim yenidən bu mövzuya toxunmağımıza səbəb oldu. Belə ki, daxil olan şikayət Xətai rayon Dövlət Məşğulluq Mərkəzidir. Şikayətçi iddia edir ki, mərkəzə dəfələrlə gedib-gəlməsinə baxmayaraq, onu heç bir işlə təmin etmirlər. Artıq illərdir ki, işsiz olduğunu vurğulayan şikayətçi iddia edir ki, mərkəzdə baş verən qanunsuzluqlar birbaşa Şəmsəddin Əliyevin adı ilə bağlıdır. Qeyd edək ki, Şəmsəddin Əliyev Əhmədli qəsəbəsi 1723-cü keçid ev 3/23 ünvanda yerləşən Xətai rayon Məşğulluq Mərkəzinin müdiridir. Şikayətçinin dediyinə görə, mərkəzə yeni müraciət etdikdə, onun adını, soyadını və telefon nömrəsini adi bir dəftərə yazıb, əmin ediblər ki, biz sizi işlə təmin edəcəyik. Və iş olan kimi sizi məlumatlandıracağıq. Bir neçə aydan sonra yenidən mərkəzə üz tutan şikayətçi bildirir ki, ikinci dəfə getdikdə isə mərkəzdə çalışan işçilərdən biri bildirib ki, sizin bura gəlməyinizə ehtiyac yoxdur. İş olan kimi biz sizlə əlaqə saxlayıb çağıracağıq. Eyni hal bir neçə dəfə təkrarlansa da, şikayətçiyə heç bir iş təklif edilməyib. Həmçinin işsiz kimi qeydiyyatda olduğu halda, ona heç müavinət də ayrılmayıb.(xeber-xetti)Belə olan halda etirazını bildirdikdə isə, mərkəzin müdiri Şəmsəddin Əliyev şikayətçiyə bildirib ki, xoşun gəlmirsə, mərkəzə gəlmə və hardan iş tapırsan get tap. Həmçinin daxil olan məlumatlarda qeyd olunur ki, istər işsiz kimi qeydiyyata düşmək, istərsə də, iş tapmaq üçün mərkəzə üz tutduqlarında kor-peşman geri qayıtmalı olurlar. Və bu durum artıq illərdir ki, təkrarlanır. Və yaxud da, vətəndaşları o qədər get-gələ salırlar ki, mərkəzə müraciət edənlər bezib bir daha gəlmirlər. Sakinlər iddia edirlər ki, aylardır bu mərkəzə müraciət etmələrinə baxmayaraq, onlara hesablanmış əmək haqqının heç bir qəpiyini də ödəmirlər. Bir sözlə, mərkəzdə qanunsuzluq, özbaşınalıq sanki günbəgün artır. Vətəndaşlara iş təkliflərinin və onlara hesablanan əmək haqlarının verilməsi isə yox dərəcəsindədir. Bir sözlə, bəzi qurumlar kimi, Xətai rayon Məşğulluq Mərkəzi də icra etməli olduğu işi unudub və vətəndaşlara dövlət tərəfindən Qanunla təsdiqlənmiş müavinətləri vermirlər.


    Facebook-da paylaş