• Nəqliyyat Nazirliyi ləğv edilə bilər

    Nəqliyyat Nazirliyi ləğv edilə bilər


    Nəqliyyat Nazirliyinin səlahiyyətləri bir-bir əlindən alınır. Əslində, bu günə qədər “Azərbaycan Hava Yolları” QSC (AZAL), həmçinin Xəzər Dəniz Gəmiçiliyi formal olaraq nazirliyin balansındadır. Amma bu qurumlar faktiki olaraq Nəqliyyat Nazirliyinə tabe olmurlar.

    Yalnız bu günə qədər “Azərbaycan Dəmir Yolları” QSC və “Azəryolservis” ASC nazirliyə tabeçilik nümayiş etdirib. Ölkə mətbuatına istinad etsək, Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları”na sədr gətirilməsi bu qurumun da faktiki nazirliyin tabeçiliyindən çıxmasından xəbər verir.


    Nazirliyin nəzarətində və hazırda qeyri-müəyyən durumda olan “Azəryolservis”ə də rəhbər təyin edilməsi gözlənilən şəxsin bir sıra şərtlər irəli sürdüyü iddia edilir...

    Beləcə “Azəryolservis” də əldən çıxır. Ümumən baxdıqda, nəqliyyata aid səlahiyyətlərin demək olar ki, çox hissəsi Nəqliyyat Nazirliyindən alınıb. Ölkə Prezidentinin son günlər nəqliyyat sektoru ilə bağlı tənqidi fikirləri isə bu sahədə ciddi problemlərin olduğunu deməyə əsas verir. Prezident iki gün öncə keçirdiyi müşavirdə bildirib: “Nəqliyyat sektorunda da ciddi pozuntular var. İnsanları incidirlər, onların qarşısına əsassız tələblər qoyulur. Biz artıq bu sahənin bir hissəsini “ASAN xidmət”ə vermişik. Gələcəkdə də hər sahədə “ASAN xidmət”in standartları olmalıdır. Ona görə də gələn il hökuməti əlbəttə ki, böyük işlər gözləyir. Hökumət yeni situasiyada işləyəcəkdir. Neft gəlirləri azalır, ona görə daha çox innovasiyalara üstünlük verilməlidir”.

    Deyilənlərdən belə nəticə çıxarmaq olar ki, noyabrda parlament seçkilərindən sonra ciddi struktur islahatlarına başlanacağı gözlənilir. Artıq bunun anonsu rəsmi şəkildə səsləndirilib. Köklü dəyişikliklərin ediləcəyi nazirliklərin siyahısında ilk yerə məhz Nəqliyyat Nazirliyinin adının düşəcəyi proseslərin gedişindən açıq görünür.
    Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli sayta deyib ki, ümumiyyətlə, nazirliklərin təsərrüfat fəaliyyəti ilə məşğul olması doğru deyil: “Yalnız Nəqliyyat Nazirliyində deyil, bütün nazirliklərdə islahatlar aparılmalıdır ki, onlar təsərrüfat fəaliyyəti ilə məşğul olmasınlar. Nazirliyin vəzifəsi öz sahələrinin strateji inkişafını, taktiki problemlərini həll etməsi ilə məhdudlaşdırılmalıdır.

    Dünyanın bir çox ölkələrində nazirliklərin məhz bu funksiyası var. Həmin qurumlar bu sahənin 1, 5, 10 illik inkişaf proqramını hazırlayır və yön verməyə çalışır.

    Əvvəllər Azərbaycanda belə praktika var idi ki, nazirliklər həm də kommersiya işləri qurur, qapalı səhmdar cəmiyyət yaradır və bu yolla həm də birbaşa öz sahələrinə aid olan kommersiya fəaliyyəti ilə məşğul olaraq, bir növ inhisarçılıq yaradırdı.

    Beləcə, rəqabətli mühiti xeyli dərəcədə aşağı salırdılar.
    Açığı Nəqliyyat Nazirliyi ilə əlaqəli hər hansı siyasi qərar olub-olmayacağını bilmirəm. Amma olarsa da, onun səlahiyyətlərinin böyük bir hisəsinin kəsilməsi doğrudur və bu, gələcəkdə digər nazirliklərə də şamil olunmalıdır”.
    İqtisadçı hesab edir ki, nazirliklərin biznesə müdaxiləsinin minimuma endirilməsi struktur islahatlarının əsasıdır: “Əslində avtobuslar, nəqliyyat sahələri şəhər bələdiyyələri tərəfindən idarə olunmalıdır. Məsələn, Nəqliyyat Nazirliyinin işlərindən biri böyük infrastruktur layihəsi həyata keçirildiyi zaman onun iqtisadi pasportunu hazırlamaqdır. Yəni layihə bitəndən sonra onun iqtisadiyyata nə qədər xeyri olacaq, mal dövriyyəsini nə qədər artıracaq, büdcəyə daxilolmalarda neçə faiz artım gözlənilir və s... Dünya ölkələrindəki nazirliklər məhz bu yöndə fəaliyyət göstərir.

    Nazirlik istər açıq, istərsə də qapalı səhmdar cəmiyyətin təsisçisi olmamalıdır. Nəqliyyat Nazirliyi hər hansı qurumun təsisçisi olanda onun lobbiçiliyi ilə də məşğul olmuş olur. Və həmin qurumun daha çox irəli getməsinə, daha çox gəlir əldə etməsinə və ona daha çox vəsait ayrılmasına çalışır. Bu isə maraqların toqquşması və rəqabətli mühitə ciddi ziyan vurur. Nazirliklər biznesdən, kommersiyadan nə qədər uzaq olsalar, bir o qədər iqtisadi mühitin sağlamlaşmasına töhvə vermiş olar və yaxşı nəticələr əldə edilər”.

    N.Cəfərli nazirliyin tabeliyində olan Nəqliyyat Müfəttişliyinin ləğv olunmasının vacibliyini də vurğulayıb: “Nəqliyyat Nazirliyinin balansında olan Nəqliyyat Müfəttişliyinin özü Azərbaycan qanunvericiliyinə zidd qurumdur. Nazirliyin yaratdığı qurum səhmdar cəmiyyət kimi fəaliyyət göstərir və onların qazancı sürücülərə yazılan cərimələrdən çıxır. Dövlət qapalı səhmdar cəmiyyətə cərimə yazmaq hüququnu verə bilməz. Ona görə də bu qurum özü ləğv olunmalıdır. Nəqliyyata nəzarət adlı qurum dövlət yol polisinin işinin bir hissəsini özünə götürür. Həm də nəzərə almaq lazımdır ki, sürücülərlə nəqliyyat müfəttişləri arasında mütəmadi olaraq narazılıqlar baş verir, qeyri-qanuni hərəkətlərə yol verirlər. Bütün bunlar göstərir ki, Nəqliyyat Nazirliyinin hələ də struktur islahatlarına ehtiyacı var. Hesab edirəm ki, onların əlində olan səlahiyyətlər daha çox azaldılmalıdır”.

    Milli Məclisin deputatı Zahid Oruc da sayta açıqlamasında bu sahənin tənzimlənməyə ehtiyacı olduğunu deyib: “Təəssüf ki, bizdə müxtəlif qurumlardakı islahatlar dərhal şəxsi konteksdə qəbul olunur. Mən düşünmürəm ki, həyata keçirilən tədbirlər həmin nazirə qarşı münasibətin tərkib hissəsidir.

    Həm taksi, həm də ictimai nəqliyyatın xidmətini elə səviyyədə qurmaq lazımdır ki, dövlət də yaratdığı şəraitə görə qanuni ödəmələri əldə edə bilsin. Narazılıqlar kifayət qədər çox oldu deyə, bir sıra islahatların həyata keçirilməsi labüdləşdi. Ən başlıca məsələ hər hansı qurumun özünə yaxın firma və şirkətləri meydana buraxmaqla digərlərini sıxışdırmaq deyil, qanunlar əsasında bərabər şəraiti təmin etməkdir”.

    Rublika.az


    Facebook-da paylaş