• Suraxanının icra başçısı üsyan yetişdirir

    Suraxanının icra başçısı üsyan yetişdirir


    Suraxanı rayon icra başçısı İlqar Abbasov seçki ərəfəsində gərginlik yaradır. İcra başçısı hakimiyyət üçün əlavə problemlər meydana çıxarıb.

    Avropa Oyunları ərəfəsində iqtidarı zərbə altına qoyan İ.Abbasov yenə də yarıtmaz fəaliyyəti ilə diqqət çəkir.

    Oyun günlərində Suraxanıdakı məbəd yolunun bərbad vəziyyətdə olması turistlərin nəzərindən yayınmamışdı. Bu dəfə isə əhalini üsyana sürükləyən icra başçısı seçki ərəfəsində dövlətə çətinlik yaradır.

    Qərbin ölkəyə qarşı qərəzli və ikili standartlara söykənərək yürütdüyü siyasət, təzyiq rıçaqlarını gücləndirib bəzi dairələrin maraqlarını təmin etmək istəyi dövründə Suraxanı meri də Azərbaycana zərbə endirməklə məşğuldur.

    Rayonun problemlərini həll edərək vətəndaşların etirazını sakitləşdirmək yerinə məsələlərə biganə, laqeyd yanaşır. Onun ögey münasibəti nəticəsində Suraxanı sosial poblemlər girdabında boğulur, icra məmurları isə vətəndaşları etirazlara sövq edir.

    Verilən məlumatlarda bildirilir ki, rayon ərazisində yaşayan Qarabağ əliləri icra hakimiyyətinin zülmünə məruz qalıblar. Onlar ölkə prezidentinə də müraciət ünvanlamışdılar.
    Qazilər dövlət tərəfindən onlara göstərilən qayğının İlqar Abbasov tərəfindən heçə endirildiyini iddia edirdilər.

    İddia edirdilər ki, dolanışıqlarını təmin etmək üçün xırda biznesin yaradılmasına imkan verilmir. Səbəb isə həmin ərazidə rayon icra hakimiyyətinin vəzifəli şəxslərinə məxsus müxtəlif ticarət obyektlərinin olmasıdır.

    Ölkə rəhbərliyinin Qarabağ əlillərinə göstərdiyi yükək qayğıya baxmayaraq, Abbasov öz şəxsi istəklərini reallaşdırır. Qarabağ əlillərindən hər 2 sot torpaq sahəsi üçün 500 manat ödəniş də alınmışdı.

    Sonradan isə torpaqların sənədləşdirilməsi aparılmadı, əlillər get-gələ salındı. Bir müddət sonra isə, onlara məxsus torpaqların 1 sotu rayonun icra başçısının göstərişi ilə 2500 manata ayrı-ayrı şəxslərə satılmağa başladı.

    Torpaq sahələri təşkilatın Suraxanı rayon şöbəsinin keçmiş sədri Oqtay Əliyev tərəfindən satılır. Oqtay Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İ.Abbasovla qohumdur. Buna görə də ondan edilən şikayətlərə baxılmır. Hətta Oqtay Əliyevdən sonra şöbənin fəaliyyətinə də icazə verilmir. Torpaqların satılma məsələsində Yeni Günəşli ərazisində yerləşən notariat kontorunun da rolu var. Lakin sonradan ciddi səylər nəticəsində bu haqsızlığın qarşısı alındı və Qarabağ qazilərinin bu əraziyə olan hüquqları tanındı. Amma problem yenə də öz həllini tam tapmadı. Artıq Qarabağ qazilərinin əllərində bütün tələb olunan sənədlər olsa da, İlqar Abbasov onlara tikintiyə başlamaq imkanı vermir.

    Bu gün də 186 nəfər Qarabağ müharibəsi əlili həmin torpaq sahəsində tikiləcək evlərin vasitəsilə mənzil-kommunal şəraitlərinin yaxşılaşacağı gözləntisindədir. Ailə üzvləri ilə birlikdə bu insanların sayı 900 nəfərdən çox edir.

    Şikayət məktubunda qeyd olunub: “Biz də əlil adamlarıq – ayağını, əlini itirən və əlil arabasında həyat tərzi keçirən insanlar var. Ailələrimiz böyüyüb, problemlərimiz çoxalıb. Ancaq BŞİH və Suraxanı RİH tərəflərindən bu torpaq sahəsində tikinti aparılmasına icazə verilmir. Məsələni onunla izah edirlər ki, bu torpaq sahəsinin təyinatı dəyişdirilməlidir.

    Biz də bütün sənədləri, məktubları, Suraxanı RİH-nin razılıq məktubunu, BŞİH-nin razılıq məktubunu, və bütün başqa qurumlardan lazım olan sənədləri almışıq.

    Lakin təssüflər olsun ki, həmin sənədlər yığılıb qalıb, məsələ isə öz həllini tapmır. Lakin həmin əraziyə bitişik sahədə bir iş adamı 7 hektar torpaq sahəsini qısa müddətdə sənədləşdirib, normal tikinti işləri aparırlar”.

    Suraxanıda Bahar bağları deyilən ərazisində torpaq alveri də əlavə gərginliyə səbəb olub. İcra başçısının “əlaltısı” və “Baharın sahibi” kimi təqdim edilən Hövsan bələdiyyəsində sədr müavini olmuş Arif Aslanovun fırıldaqçılığı ilə sakinləri aldadıb. Suraxanı rayonu ərazisində torpaq satışı zamanı korrupsiya hallarının yaşanması təkcə bu ərazilərə aid deyil.

    Son illərdə bu barədə Qaraçuxur qəsəbəsində də ciddi nöqsanlar yaranıb. Qaraçuxur bələdiyyəsinin sədri Tahir Rzayev bu məsələdə günahkar bilinmişdi və öz ərizəsi ilə vəzifəsindən uzaqlaşdırılmışdı.

    Rublika.az


    Facebook-da paylaş