• Sumqayıtda bağçada “ölü canlar”, “bağça pulu” və kəsilən stavkalar - İcra başçısına Zakir Fərəcova MƏKTUB

    Sumqayıtda bağçada “ölü canlar”, “bağça pulu” və kəsilən stavkalar - İcra başçısına Zakir Fərəcova MƏKTUB

    Sumqayıt şəhərində 4-cü məhəllədə yerləşən 7 saylı “Günəş” uşaq bağçasının tərbiyəçisi Qəhrəmanova Sevinc Sail qızı Xeberle. com vasitəsiylə Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcova şikayət məktubu ünvanlayıb. S. Qəhrəmanova məktubda qeyd edir ki, 1985-ci ildən həmin bağçada işləyir. O, bildirir ki, işlədiyi bağçanın əvvəlki müdiri Adilə Həziyevə rəhmətə getdiyindən sentyabrın 1-dən yeni müdir təyin olunub. Hər şey də elə bundan sonra başlayıb: “Mən bu illər ərzində 1 stavka ilə işləmişəm və 154 manat əmək haqqı almışam.Təzə müdir gələndən məni çağırdı və dedi ki,sizə artıq stavka yox, 0,75 yazacağam. Çünki mənim yerim yoxdur.”

    Şikayətçi qeyd edir ki, Adilə Həziyevə rəhmətə gedəndən sonra onu 3 ay tərbiyəçi Aidə Heydərova əvəz edib və bu müddətdə ona stavka yazılıb: “Əgər yer yox idisə (yəni vaxt bölgüsü), onda Adilə və Aidə müəllimə mənə necə stavka yazırdılar? Tək mənə deyil, bütün tərbiyəçilərə. Yalnız Leyla müəllimədən başqa.”

    S. Qəhrəmanova deyir ki, bağçanın yeni müdirəsi Mətanət Tahirova bildirib ki, onun və başqa tərbiyəçilərin stavkasını kəsib 0,75 yazacaq: “Haradansa bir qanun çıxarıb mənə göstərir ki,bu qanuna əsasən mənə və başqa tərbiyəçilərimizə stavka yaza bilməz. Mətanət xanımın sözündən belə çıxır ki, o düz işləyir və bizim stavkalarımızı kəsir? Mən Qəhrəmanova Sevinc Sail qızı bizim möhtərəm prezidentimizin, cənab İlham Heydər oğlu Əliyevin qərarlarından ali qərar tanımıram. 2010-cu ildə bizim çox hörmətli Prezidentimiz müəllimlərin güzəranının yaxşılaşdırılması məqsədil əqərara almışdı ki, müəllimlərin iş saatı azaldılsın, maaşlarına dəyməmək şərtilə.”

    Tərbiyəçi onu da vurğulayır ki, bağçada tanımadıqları işçilər, yəni “ölü canlar” da var: “Əgər təzə müdir düz işləyirsə onda o, birinci bizim bağçamıza şərik olan “ölü canlar”ı işdən çıxarmalı idi. O, əksinə bunların hamısını saxlayıb heç birini də işdən çıxarmır. 4 qrupu olan kiçik bir bağçada 32 nəfər işçi var. Mən müdirə deyirəm ki, məzuniyyətdə olan (6 aylıq öz hesabına) tərbiyəçimizin pulunu bəs kimə yazırsan? Axı bu adam yoxdur. Deyir ki, o olmasa da o pulu sizə yaza bilmərəm. Hətta o işdən çıxsa belə yenə də o pulu sizə yaza bilmərəm. Onun yerinə təzə işçi götürə bilərəm.”

    Bununla yanaşı, S. Qəhrəmanov onu da qeyd edib ki, hər ay valideynlərdən 11 manat “bağça pulu” da yığılır: “Müdirə deyir ki, mən də sizin qədər maaş alıram (1 stavka). Amma mən bağçanı dolandırmalıyam. Ona görə bağça pulu yığıram ki, uşaqlara yemək alım. Mən bildiyim qədər dövlətimiz bağçaları çox gözəl təmin edir. Müdirə xanım hansı təminatdan danışır, başa düşə bilmirəm. Bəlkə bu suala siz cavab verəsiniz. Biz, Lyuba müəllimə (bizim profkomumuzun sədri) və mən Maarifdə bu işlə əlaqədar baş mühasibin yanında olmuşuq. O dedi ki, sizin kimi veteranlara müdir həmin “ölü canlar”dan 0,25 yazsa sizin stavkanız düzələcək. Yaxud da, məzuniyyətlərin hesabına da sizə stavka yaza bilər. Yazmalıdır. Əgər müdir işləyənlər bu pulu yazmaq istəmirlərsə, bəs bu pullar hara gedir? Xahiş edirəm ki, bu məsələyə diqqət yetirəsiniz və mənim stavkamın yenidən geri qaytarılmasına kömək edəsiniz. Bu bağçanın qoruyucusu kimi sizdən xahiş edirəm.”(teref)
    Şikayətçi məktubunda onu da vurğulayır ki, 2002-ci idə bağçaya qaçqınlar girmək istəyirmiş və onlar buna imkan verməyib: “Mən və bizim digər işçilərimiz 20 gün (qışın soyuğunda) bağçada gecə-gündüz qalmışıq. Biz ona görə ailəmizi atıb, bizə əziz olan bağçada qalmamışıq ki, indi hansısa Biologiya müəllimi stavkalarımızı kəssin! Gecə bağçada qalmışıq, gündüz isə işləmişik.Özü də 28 uşaqla. Bütün bu dediklərimi o vaxt icrada işləyən Bəxşeyiş müəllim də təsdiq edə bilər. Xahiş edirəm ki, bu məsələyə baxasınız. Mənim və qızlarımızın stavkalarını yenidən geri qaytarasınız.”

    S. Qəhrəmanova tədbir görülməyəcəyi halda, Azərbaycan Respublikasının Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya və Təhsil naziri Mikayıl Cabbarova müracət ünvanlayacağını bildirib.

    İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcova ünvanlanan məktubun sonunda şikayətçi bu məsələyə şəhər rəhbərinin düzgün qiymət verəcəyinə əminliyini ifadə edib: “Qabaqcadan düz nəticə çıxarmağınıza ümid edərək sizə təşəkkürümü bildirirəm.”

    Xeberle.com olaraq bildirək ki, Sumqayıt İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov çıxışlarında bağçalarda mövcud olan vəziyyətin qənaətbəxş olmadığını və qanun pozuntusuna yol verən şəxslərin cəzalandırılacağını deyib.

    Rublika.az


    Facebook-da paylaş