• Azərbaycanla Türkiyənin arasını vururlar

    Azərbaycanla Türkiyənin arasını vururlar

    Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Görüşdə Azərbaycanla Türkiyənin dünya miqyasında ən yaxın dövlətlər olduğunu deyən İlham Əliyev ölkələrimizin bir-birini bütün məsələlərdə daim dəstəkləməsinin önəmini vurğulayıb.

    Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar qardaşlıq təməli üzərində həyata keçirilən birgə təlimlərin böyük əhəmiyyət daşıdığını qeyd edib. O, həm Türkiyədə, həm də Azərbaycanda keçirilən təlimlər zamanı müxtəlif sahələr üzrə nümunəvi iş birliyinə nail olunduğunu bildirib.

    Baş Qərargah rəisi Türkiyə və Azərbaycan prezidentlərinin rəhbərliyi ilə bu əlaqələrin qarşıdakı illərdə daha da genişləndiriləcəyini əminliklə qeyd edib.

    Görüş Suriya ətrafında gərginliyin pik həddə çatdığı bir vaxtda baş tutur. Hər iki qonşumuz Rusiya və Türkiyə bu münaqişədə tamam fəqli tərəflərdir. Türkiyə Bəşər Əsədsiz Suriyanın dünyaya daha faydalı olacağını bəyan etsədə, Rusiya əksinə əldə olunan razılaşmalarda Əsədin də iştirakını istəyir.(ANS)

    Hazırda isə Rusiya bütün beynəlxalq etirazlara baxmayaraq, Suriya ərazisini bombalayır. İŞİD-ə qarşı koalisiya dövlətləri Suriya ərazisində Rusiyanın İŞİD -ə qarşı deyil, onların dəstəklədiyi Azad Suriya Ordusuna və digər qruplaşmalara qarşı mübarizə apardıqlarını iddia edir.

    Məlumdur ki, Türkiyə də buna etiraz edən dövlətlərdəndir. Hətta bir nəçə gün əvvəl Rusiya qırıcılarının Türkiyənin hava sərhədlərini pozması ilə əlaqədar Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov izahat üçün bu ölkənin Xarici İşlər Nazirliyinə çağrılıb. Rusiyaya edilən xəbərdarlıqlara baxmayaraq, ölkəyə məxsus qırıcılar yenə də Türkiyənin hava sərhədlərini pozub.

    Hərbi ekspert Azad İsazadə bildirir ki, Rusiya faktiki olaraq İŞİD-ə qarşı mübarizə adı altında Bəşər Əsədə qarşı döyüşən silahlılara qarşı mübarizə aparır: “Türkiyə isə Rusiyadan terrorçulara qarşı mübarizə aparmasını tələb edir. İndi dünyada İŞİD-ə qarşı iki koalisiya yaranıb – Qərb və Rusiya ilə onu dəstəkləyin dövlətlər. Rusiya Türkiyənin dəstəklədiyi qüvvələrə hava zərbələri endirir. Bu isə Türkiyənin maraqlarına uyğun gəlmir.”

    Belə bir vəziyyətdə isə Suriya münaqişəsində Azərbaycanın da adı hallanır. Azərbaycanla Türkiyə strateji müttəfiqdir. İki ölkə bir çox beynəlxalq təşkilatlarda bir-birinə tam dəstək göstərir.

    Hərbi ekspert bildirir ki, Suriya münaqişəsində Azərbaycanın Rusiyanın tərəfində adının hallanması qardaş ölkə ilə münasibətləri soyuda bilər:

    “Soyuqluqluğun Azərbaycan və Türkiyə hakimiyyəti arasında olacağı ehtimal edilir. Amma xalqlar arasında heç bir soyuqlaşma hiss edilməyəcək. Hər iki ölkə rəhbərliyi xalqlar arasında münasibətlərin yaxınlığını bildiyi üçün dövlətlərarası siyasi məsələlərdə də razılığın əldə olunması zamanı çətinliklər yaranmasını düşünmürəm.”

    Ekspert bildirir ki, aradakı soyuqluq Türkiyənin və Azərbaycanın beynəlxalq müstəvidə bir-birinə dəstəyini təsir etməyəcək.

    Digər bir tərəfdən isə İŞİD-lə mübarizədə Azərbaycanın adının hallanması ölkəmizə bu terror təşkilatının diqqətini cəlb edə bilər.

    Hərbi ekspert belə bir məqamda Rusiyanın Azərbaycanı müdafiə etmək üçün hərbi baza yerləşdirməsinin ölkəmiz üçün faydalı nəticələr verməyəcəyini deyir: “Bu günə qədər İŞİD və onun tərafdarları Azərbaycanda heç bir terror aktı həyata keçirməyib. Hərbi bazanın yerləşdirilməsi isə əslində təhlükəsizlik deyil, təhlükə yaradacaq. Belə obyektlərin yaradılması yeni terror aktı üçün məkan seçilə bilər.”

    Bəzi məlumatlara görə, Rusiya İŞİD-ə qarşı mübarizəni İraq ərazisində də davam etdirmək istəyir. Bu isə onun əməliyyatlara daha çox pul xərcləməsi ilə nəticələnə bilər. Belə olan halda isə Rusiya ətrafında olan dövlətlərdən kömək istəmə ehtimalını artırır.

    Hərbi ekspert isə Azərbaycanın Rusiyaya hər hansı böyük hərbi yardım göstərəcəyini real saymır: “Vaxtilə Qəbələ RLS Rusiyaya icarəyə verilmişdi. Bu formada obyekt Rusiya həbiçilərinə verlirəsə, o zaman icarə haqqında güzəşt əldə edilə bilər. Amma hal-hazırda belə bir obyekt yoxdur. Hazırda isə Azəbaycanın Rusiyaya İŞİD-lə mübarizədə maliyyə yardımı etməsi real deyil.”

    Qərb və rus mətbuatlarında yazılan məlumatlardan görürük ki, Rusiya qırıcıların uçuş marşurutunun Azərbaycan , Xəzər dənizi , İran və İraq üzərindən keçdiyi göstərilir. Azad İsazadənin sözlərinə görə, belə xəbərlərin mətbuata sızdırılması Azərbaycana qarşı təxribatdır: “Rusiyanın İŞİD-i vurmaq üçün Ermənistanında ərazisindən keçdiyi istisna edilmir. Amma mətbuata Azərbaycan üzərindən keçdiyi sızdırılır. Bu isə Azərbaycana qarşı təxribat kampaniyasının bir hissəsidir.”

    Ekspert bildirir ki, Rusiyanın İŞİD-lə mübarizəsində Azərbaycanın iştirakı heç bir halda ölkəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsini ikinci plana atması ilə nəticələnməz: “Əgər Azəbaycan hansısa dövlətin tərəfində terrorçuların məhv edilməsində iştirak edəcəksə, bu zaman başlıca şərt yenədə Qarabağ probleminin ədalətli həllidir. ”

    Türkiyə həm Qarabağ münaqişəsinin həllində həmdə digər məsələlərdə Azərbaycan üçün önəmli dövlətdir. SSRİ dağılandan sonra rəsmi şəkildə Azərbaycanla Türkiyə arasında ilk diplomatik əlaqələr quruldu.

    O dövrdən başlayaraq həm iki ölkə rəhəbrliyi həm də xalqları isti münasibətdədir. Kəlbəcər rayonunun işğalından sonra Türkiyə Ermənistan ilə olan sərhədini bağlayıb. Türkiyə Azərbaycanı iqtisadi cəhətdən də həmişə dəstəkləyib. İki ölkə arasında bağlanan müqavilələr əsasında Bakı-Tbilisi-Ceyhan neft boru xətti çəkilib.

    Bu neft kəməri Müstəqil Dövlətlər Birliyində (MDB) Rusiya ərazisindən keçməyən ilk boru xəttidir. Amma iqtisdi, siyasi əməkdaşlıq və xalqlar arasında münasibətlər iki ölkə arasında baş verən mövqe fəqliliklərinin asanlıqla həll edildiyini göstərir.

    Rublika.az


    Facebook-da paylaş