• Ərdoğan TƏSLİM OLMUR

    Ərdoğan TƏSLİM OLMUR

    Türkiyənin Hərbi Hava Qüvvələri paytaxt Ankarada keçirilən yürüşdə törədilmiş qanlı partlayışlardan sonra İraqın şimal bölgələrində və Diyarbəkir regionunda Kürdüstan İşçi Partiyasının (PKK) mövqelərinə raket zərbələri endirib.

    Son bombardmanda İraqın şimalındakı Metina və Zapda PKK mövqeləri məhv edilib, raket zərbələri nəticəsində 49 terrorçunun öldüyü barədə məlumatlar yayılıb. Bu arada Türkiyənin təhlükəsizlik qüvvələri bu il oktyabrın 10-da Ankarada törədilən terrorun arxasında İŞİD terror təşkilatının durduğunu bildirirlər. Ölkənin Baş naziri Əhməd Davudoğlu şübhəli qismində İŞİD ilə yanaşı, PKK-nın da adını çəkib.

    Ekspertlərin fikrincə, bundan əvvəl, oktyabrın 9-da PKK Türkiyə hökumətinə atəşkəs təklifi etsə də, Türkiyə hökuməti bu təklifi qəbul etməmişdi.

    Minlərlə insan şənbə günü həlak olanların xatirəsini anmaq üçün Ankaranın mərkəzinə toplaşıb. Ölkənin cənub-şərqində yerləşən Diyarbəkirdə polis Ankaradakı terrora etiraz edən aksiyanı dağıdıb.(ANS)

    Siyasi analitiklər hazırda bölgədə qarışıq hərbi-siyasi vəziyyətin yarandığını bildirirlər. Onların fikrincə, istər Rusiya Prezidenti Vladimir Putin, istərsə də Türkiyə hökuməti İŞİD-in mövqelərinin bombardman etdiklərini bildirsələr də, onlardan birinin əsl hədəfi Bəşər Əsədə müxalif olanlardısa, ikincinin isə əsl hədəfi PKK-dır.

    Türkiyədə siyasi vəziyyət günbəgün gərginləşməsinə səbəb ölkədə yaxınlaşan parlament seçkiləri ərəfəsində terror aktlarının geniş vüsət alması göstərilir. PKK terror təşkilatına qarşı mübarizənin davam etdiyi bir vaxtda paytaxt Ankarada 126 insanın həlak olması ilə nəticələnən terror aktının törədilməsi ciddi narahatlıq yaratmaqla yanaşı, əhalinin terrora qarşı kütləvi aksiyalarına rəvac verib.

    Maraqlı cəhət odur ki, belə kütləvi aksiyalar zamanı indiki Prezident Rəcəb Tayyib Ərdoğanın istefasının səsləndirilməsi hökumətdə böyük əndişə yaradıb. Belə ki, oktyabrın 11-də Ankaradakı məlum terror aktlarının törədildiyi ərazinin yaxınlığında minlərlə insanın iştirakı ilə həlak olanların xatirəsini anma mərasimi keçirilib. Aksiya iştirakçıları hökumətin, xüsusən də prezident Rəcəb Tayyib Ərdoğanın əleyhinə şüarlar da səsləndirib, onun istefasını tələb ediblər.

    Ümumiyyətlə, Ərdoğanın istefasının gündəmə gətirilməsinə səbəb nədir, indiki vəziyyətdə bu, nə dərəcədə real görünür, prezidentin istefa verməsi mümkündürmü?

    Siyasi icmalçı Rüstəm Məmmədov bununla bağlı ANS PRESS-ə bildirib ki, bu, labüd olan məsələ deyil. Bu, PKK-nın ortaya atdığı oyunlardır. Onlar çalışırlar ki, cammatın gözünə qorxu salsınlar, əhalini qorxutsunlar və qarşıdan gələn parlament seçkisi baş tutmasın. Təbii ki, bu hadisələr təsadüf deyil.

    R.Məmmədov "istefa baş verəcəyi təqdirdə Türkiyədə nələrin baş verəcəyi" ilə bağlı suala belə cavab verib: "İstefa məsələsi qeyri-mümkündür. Türkiyədə siyasi rejim kifayət qədər güclüdür. Türk hökuməti bu terror hadisəsindən də öhdəsindən gələcək. Ərdoğanın istefa verməsi Azərbaycan tərəfinin də marağında olan məsələ deyil. Ərdoğan iqtidarı, hakimiyyəti Azərbaycan-Türkiyə münasibətlərində kifayət qədər mühüm yer tutur. İstənilən halda ölkədə hakimiyyət dəyişikliyi qanunlar çərçivəsində baş verdikdə daha yaxşı olur."

    Politoloq Mübariz Əhmədoğlu isə son zamanlar Türkiyənin daxilində ciddi siyasi proseslərin getdiyini, ölkənin parlament seçkilərinə hazırlaşdığını söyləyib: "Bu, Türkiyənin daxili işidir. Rəcəb Tayyib Ərdoğan çox mürəkkəb dövrdə Türkiyəyə rəhbərlik edir və ölkənin iqtisadiyyatında inqilabi dəyişiklik yaradıb. Bu, danılmaz faktdır. O, Qərbin Türkiyəyə qarşı laqeydlik siaysətinə çox cəsarətli şəkildə cavab verir, xalqın, dövlətin milli maraqlarını əsaslı şəkildə qoruyur. İndiki mürəkkəb vəziyyətdə Ərdoğanın yerinə başqası olsaydı, Türkiyə belə güclü ola bilməzdi.

    O da bəllidir ki, Türkiyə prezidentinin ətrafında neqativ hallar baş verir, onun yaxın ətrafının adları korrupsiyada hallanır, siyasi partiyalarla münasibət və s. ürəkaçan deyil. Buna rəğmən bilmək lazımdır ki, Ərdoğan olmasaydı, Türkiyə heç vaxt müsbət mənada indiki vəziyyətdə ola bilməzdi. Ərdoğan yenidən öz siyasətini dəyişməklə, indiki reallıqları nəzərə almaqla, Türkiyəni, dövləti, milli maraqları ön plana çəkməklə, özünün və ətrafının maraqlarını arxa plana keçirməklə Türkiyədə çox uğurlu siyasət aparır."

    M.Əhmədoğlu Türkiyə prezidentinin istefasının gündəmə gətirilməsinə də aydınlıq gətirib. Onun fikrincə, indiki terror hadisələri son deyil və iki ildir Türkiyədə terror hadisələri mütəmadi təşkil olunur: "Bunu ona görə edirlər ki, Türkiyənin imici zəifləsin, Türkiyə güclü dövlət kimi görünməsin. Türkiyənin siyasətində maraqlı olan iri geosiyasi qüvvələr var. O qüvvələr Türkiyəni özünə tərəf çəkməyə çalışır. İndi terror aktları törətməklə ölkəni zəiflədirlər, imicinə zərbə vururlar və növbəti mərhələ Ərdoğanın istefası tələbidir. Yəqinki istefa tələbi bir müddət davam edəcək. Mən Ərdoğanın istefasının gündəmə gətirilməsinə Türkiyədə terror hadisəsindən sonra növbəti mərhələ kimi yanaşıram."

    Oktyabrın 10-nu Ankarada mərkəzi dəmiryolu vağzalında ardıcıl olaraq iki partlayış baş verib. Həmin zaman vağzal yaxınlığında “Əmək, sülh, demokratiya” adı altında kürdlərlə anlaşılmazlıq və terrora qarşı keçirilən mitinq iştirakçıları toplaşıb. Nəticə partlayış zamanı 100 nəfər həlak olub 300-dən çox insan yaralanıb. Türkiyə xüsusi xidmətlərinin məlumatına görə partlayış iki terrorçu-kamikadze tərəfindən həyata keçirilib.

    Ölkənin Baş naziri Əhməd Davudoğlu hadisədən sonra verdiyi bəyanatda terrorun təşkilində İŞİD silahlıları, Kürdüstan Fəhlə Partiyası ( PKK) fəallarının və radikal solçuların şübhəli bilindiyi bildirib. Hücuma görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. Ankarada baş verən terror hadisəsinə görə on minlərlə insan İstanbul, Batman, İzmit, Diyarbəkir, İzmir, Adana və başqa şəhərlərdə etiraz aksiyasına çıxıb.

    Bu il iyulun sonunda Türkiyə hakimiyyəti PKK nümayəndələrinə qarşı geniş əməliyyatlara başlayıb. Ankara və Vaşinqton bu partiyanı terror təşkilatı kimi tanıyır. Sentyabrın 6-da Türkiyənin Hakkari vilayətində PKK silahlılarının hücümu nəticəsində 16 türk əsgərinin həlak olması sentyabrın 8-də isə öklənin şərqində avtobusun partlaması nəticəsində 14 türk polisinin ölməsi Türkiyəni İraq ərazisində kürdlərə qarşı geniş əməliyyatlara başlamağa məcbur edib.

    Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradak iqamətgahında mühüm görüşlər keçirəcək. Adətən belə görüşlər protokol qaydasına görə həftənin cümə axşamı təşkil olunur. Lakin Türkiyədəki vəziyyətin ciddiliyi nəzərə alınaraq belə görüşlər bu günə planlaşdırılıb və mühüm qərarların qəbul olunacağı gözlənilir.

    Türkiyə mətbuatının yazdığına görə, Prezident Ərdoğan terör aktı və Rusya ilə yaranan böhranın çözülməsi ilə əlaqədar bu gün Ankarada 4 önəmli görüş keçirəcək. O, daxili işlər naziri Selami Altınoku, Milli İstibarat Təşkilatının rəhbəri Hakan Fidanı, həmçinin Silahlı Qüvvələrin Baş Qərərgah rəisi ordu generalı Hulusi Akarı qəbul edəcək. Ərdoğan bu önəmli görüşlərin ardından Baş nazir Əhməd Davutoğlu ilə görüşəcək.

    Bu görüşlərdə həm terrorla mücadilə, həm də Rusya ilə yaranan vəziyyətlə bağlı mühüm tədbirlərin alınması gözlənilir.

    2013-cü il iyunun 2-də Türkiyənin paytaxtı Ankarada, İstanbulda, İzmirdə və başqa şəhərlərdə etirazçılar hakim partiyanın apardığı siyasətə qarşı genişmiqyaslı etiraz aksiyası keçirib. Etirazçılar ölkənin o vaxtkı Baş naziri Rəcəb Tayyip Ərdoğanın istefaya getməsini tələb ediblər. Aksiyada on minlərlə insan iştirak edib.

    Bundan əlavə, keçən il iyulun 8-də də R.T.Ərdoğanın istefası tələb olunub. Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasından (AKP) prezidentliyə namizəd, o vaxtkı Baş nazir Rəcəp Tayib Ərdoğan müxalifət dairələrindən ona gələn istefa çağırışlarına rədd cavabı verib. Ərdoğan bu tələblə çıxış edənlərin nə siyasətdən, nə də siyasi tarixdən baş çıxarmadıqlarını söyləyib.

    Rublika.az


    Facebook-da paylaş