• Yaxın Şərq düyününün açarı...

    Yaxın Şərq düyününün açarı...
    Yaxın Şərq düyününün açarı...

    Etiraf edək ki, “ərəb baharı” yaşayan ölkələrin heç biri Suriya kimi olmamışdı. Çox çalışırsan ki, bu ölkədən diqqətini azacıq yayındırasan, gəl ki, mümkün deyil, çünki az qala bütün xəbər proqramları Suriyada və Suriya ətrafında baş verən proseslərdən başlayır...
    Biz indi bu prosesin iç təfərrüatlarına varmayacağıq. Bizim üçün maraqlı olan Suriyanın polyarizə etdiyi beynəlxalq münasibətlərdir. Rusiya ilə ABŞ, Rusiya ilə Türkiyə, Rusiya ilə NATO arasında münasibətlər hər gün soyumaqda davam edir. ABŞ Rusiyanın Suriyadakı fəaliyyətindən razı deyil. Bunu başqa cür də yozmaq olardı. Amma ABŞ strateqləri də qismən haqlıdır. Nə qədər ki, Əsəd hakimiyyətdədir, heç kim iki cəbhədə vuruşmaq istəməyəcək...
    Bəli, ABŞ strateqləri deyirlər ki, Əsəd hakimiyyətdə qalana qədər Suriyada yaxşını pisdən, normal müxalifəti İŞİD-dən ayırmaq mümkün olmayacaq. Elə bu səbəbdən də onların rəyincə, qüvvələr ilk növbədə Əsəd hakimiyyətinə qarşı yönəlməlidir.(Axar.az)
    Rusiyaya gəldikdə isə, Əsəd az qala küncə sıxılmışdı. Rusiya bir növ onu xilas etdi və hakimiyyət qüvvələri təzədən bir neçə məntəqədə nəzarəti əllərinə keçirdilər. Ona görə də hələ Rusiya Suriyaya müdaxilə etməyə başlayanda biz yazmışdıq ki, bu, sadəcə, Suriya böhranına bir az da “benzin” ələyəcək...
    Amma kiçik bir nüans da var. İndi bəziləri deyir ki, Yaxın Şərqdə, ərəb ölkələrində sabitlik vardı, son proseslər bu sabitliyə son qoydu. Amma Yaxın Şərqlə məşğul olanlar, hətta bu bölgə ilə maraqlananlar yaxşı bilirlər ki, heç də belə deyil, bu regionda az qala hər on illiyə bir müharibə düşür.
    İndi ərəb ölkələrinə baxanda düşünürük ki, sanki bütün geosiyasi vektorları aydın görürük – ortalıqda ABŞ var, Türkiyə var, İran var, Rusiya var... Amma məsələnin görünməyən tərəfi də yox deyildir...
    Rusiya Suriyaya hərbi müdaxiləyə hazırlaşanda çoxları Moskvaya diplomatik “ziyarət”ə yollandırlar. Onların arasında İran da vardı, İsrail də...
    Bizə həmişə elə gəlib ki, Yaxın Şərqdə baş verən bütün dəyişikliklər əvvəlcə bir testdən keçirilir. Əvvəlcə öyrənilir ki, görən, filan qüvvə hakimiyyətə gəlsə o, Yaxın Şərq problemində hansı mövqeyi tutacaq və onun İsrailə münasibəti necə olacaq?
    Bunu qeyri–adi bir şey kimi də qəbul etmək lazım deyil – bütün ölkələr çalışır ki, ən azı öz yaxın ətrafını özü üçün əlverişli etsin, öz ətrafında əlverişli geosiyasi çətir qura bilsin. Bədbəxtlikdən də bu bölgə az qala yarım əsr davam edən müharibə və barışmazlıq psixologiyasını səngitmir, onu daha da stimullşadırır. Dünyanın taleyini həll edən böyük güclər də prosesin ortasında görürlər ki, ay aman, devirmək istədikləri bu despotik hakimiyyətlər əslində siyasi olimpə can atan “yeni qüvvə”lərlə müqayisədə, necə deyərlər, lap yola getməlidirlər. Bəli, köhnələrlə heç olmasa, danışmaq mümkündür, onlar reallıqları nəzərə almağı bacarırlar. “Yeni”lər isə yalnız bir şey deyir: “Heç nə eşitmək istəmirik, heç nə bilmirik, bu ərazilər bizimdir və burada İsrail adlı dövlət ola bilməz!”
    Təsəvvür edin, bu qədər proses baş verib, dünyanın mənzərəsi dəyişib, amma ərəblərin Yaxın Şərqlə bağlı ritorikası tamamilə dəyişməyib...
    Sözsüz ki, elə bu səbədən də hətta Əsəd kimilər belə bəzən kiməsə onun yerinə gəlmək istəyənlərdən daha konstruktiv və daha mötədil görünür. Ona görə də bütün proseslər yarımçıq qalır: bir qüvvəyə azacıq dəstək verir, birdən ayılıb “Ay aman, kimə dəstək veririk?!” deyirlər...
    Halbuki Yaxın Şərq problemini həll etmək üçün ikicə məsələni razılaşdırmaq lazımdır: İsrailin bir dövlət kimi mövcud ola bilməsini qəbul etmək və Qüdsü güzəşt etmək...
    Mən bunları yazıram və sanki bunun doğura biləcəyi “etirazı” indidən duyuram: bəli, deyə bilərlər ki, bu nə deyir, heç Qüdsü də güzəşt etmək olar?!.
    Amma yada salım ki, Qüds də, elə bütün Fələstin də bir vaxt Osmanlı dövlətinin tərkibində idi. Türklər ondan əl çəkməyi bacardılar, Osmanlının “haqq”ı və “qanuni maraqları” üçün mücadilə açmadılar. Əgər türklər bunları bacardılarsa, deməli, ərəblər də bacarar və yaxud da bacarmalıdırlar...
    Ərəb dövlətləri çoxdur. Ərəb əraziləri də yetərincədir. Bir Qüdslə ərəb dünyası heç nə itirməyəcək. Amma Qüdsi güzəşt etməməklə ərəb dünyası az qala sabahını, perspektivini itirib... Məgər bunu dərk etmək və qəbul etmək belə çətindirmi? Bilmək lazımdır ki, nə qədər ki, Yaxın Şərq probleminin düyünü açılmayıb bu bölgədə əsl sülh, əsl azadlıq olmayacaq...
    Həm də siyasi idealları da bir az təftiş etmək pis olmazdı. Tarixdə imperiyalar çox olub. Bircə anlığa fikirləşin. Hamı onları bərpa etmək istəsə, bu dünyadan nəsə qalarmı?..

    RUBLİKA.AZ


    Facebook-da paylaş