• Azərbaycana yeni iqtisadi təhlükə

    Azərbaycana yeni iqtisadi təhlükə
    Azərbaycana yeni iqtisadi təhlükə

    Gələn ilin büdcəsi ölkə üçün yeni problemlərə imza ata bilər.
    Gələn ilin dövlət büdcəsində yaşayış minimumunun qiyməti 136 manat səviyyəsində götürülüb.
    Bu, cari il üçün nəzərdə tutulan 131 manatlıq səviyyədən 3,8 faiz yüksəkdir. (ANS)
    2016-cı ilin büdcə xərclərində, ümumiyyətlə, 22,9 faiz azalma olmasına baxmayaraq, Azərbaycan artıq on ildir ki, davam edən ənənəyə uyğun olaraq bu il də yaşayış minimumunu, uyğun olaraq müvafiq sosial ayırmaları artırıb. 2015-ci il büdcəsində də yaşayış minimumu əvvəlki ilə baxanda 4,8 faiz artırılmışdı.
    “Yaşayış minimumu haqqında” qanuna əsasən, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Yəni vətəndaşın yaşaması üçün lazım olan ərzaqların, geyimlərin və digər məişət avadanlıqlarının, həmçinin kommunal xidmətlərin toplam qiymətindən ibarətdir. Ölkədə bir çox sosial müavinətlər bu göstərici əsasında müəyyən edilir.
    Bütövlükdə götürəndə, son 10 il üzrə yaşayış minimumu 112,5 faiz, yəni təxminən 2,1 dəfə artıb. 2006-cı ildə Azərbaycanda yaşayış minimumunun qiyməti 64 manat təşkil etmişdi.
    Azərbaycanın təxminən 130 dollara bərabər yaşayış minimumu göstəricisi region ölkələri müstəvisindən baxanda da normal görünür. Məsələn, bu, Rusiyanın 158 dollara bərabər göstəricisindən aşağı olsa da, Gürcüstanın 70 dollara bərabər müvafiq göstəricisindən xeyli yüksəkdir.
    Lakin iqtisadçı ekspert Azər Mehdiyev gələn il üçün nəzərdə tutulan yaşayış minimumu artımını yetərli saymır. “Yaşayış minimumu ən vacib istehlak mallarına uyğun tutulur və ərzaq bu məsələdə əsas paya malikdir. Devalvasiyadan sonra ölkədə ərzaq məhsullarının qiyməti 35-40 faiz artıb. Buna görə də yaşayış minimumu da bu səviyyədə artmalı idi”,- deyə iqtisadçı ekspert bildirib. (ANS PRESS)
    Azər Mehdiyevin sözlərinə görə, Azərbaycanda yaşayış minimumu səviyyəsi müəyyən edilərkən heç bir ciddi araşdırma aparılmır: “Nə vaxtsa bir rəqəm müəyyən ediblər. Hər il rəsmi inflyasiya göstəricisinə uyğun onu artırırlar. Rəsmi inflyasiya göstəricisi çox vaxt ərzaqın real bahalaşmasından qat-qat az olur”.
    Nazirlər Kabinetinin sabiq şöbə müdiri, iqtisadçı ekspert Oqtay Haqverdiyev müsahibəsində ümumiyüyələ yaşayış minimumu göstəricisinin normal yaşayış üçün yetərli olmadığını bildirir: “Yaşayış minimumu insanın aclıqdan ölməməsi üçün lazım olan kaloriyə uyğun hesablanır. Yəni hesablanmış ərzaqdan aşağı səviyyədə kalori qəbul edən insan aclıqdan ölə bilər. Buna görə də həmin səviyyədən aşağı göstəriciəyə uyğun yaşayanlar artıq yoxsul sayılır”.
    İqtisadçı ekspertin fikrincə, Azərbaycan vətəndaşları normal yaşamaq üçün 2 dəfəyə qədər artıq pul qazanmalıdırlar: “Mən Dünya Bankının normativləri əsasında araşdırma aparmışam. Azərbaycanda dörd nəfərlik ailə normal yaşamaq üçün ən azı 1000 manat gəlir əldə etməlidir. Bunun üçünsə ailənin iki fərdi 450 manat ətrafında dəyişən orta maaş göstəricisindən bir qədər çox pul qazanmalıdır”.
    Lakin iqtisadçı ekspertin fikrincə, bu pulu ölkə üzrə əmək qabiliyyətlilərin təxminən 30 faizi qazanır: “Ölkədə 4 milyona yaxın əmək qabiliyyətli insan var. Onların yalnız 1,3 milyonu muzdla işləyir, yəni orta maaş göstəricisinə yaxın daimi maaşları var. Yəni əmək qabiliyyətlilərin 70 faizə qədəri normal dolanmaq üçün vəsait qazana bilmir və münətəzəm olmayan gəlirlərlə ailələrini dolandırırlar”.
    Beləliklə, ölkə əməkqabiliyyətlilərinin böyük hissəsi ingilis iqtisadçısı Qay Stendinqin yeni təhlükəli sinif adlandırdığı prekariatın sıralarını daxil olur. Çevik əmək bazarı dövründə formalaşmış yeni sosial sinif işəgötürənlərin işçilərlə uzunmüddətli əlaqə qurmaq istəməməsi nəticəsində yaranır.
    Əsasən dörd təhlükəli əhval-ruhiyyənin - narazılığın, həyat istiqamətlərinin itirilməsinin, narahatlığın və tənhalığın daşıyıcısı olan bu sosial sinif Azərbaycanda da sürətlə artmaqdadır. Azərbaycanda hətta dövlətdən maliyyələşən elə qurumlar var ki, işçi ilə yalnız 2 aylıq əmək müqaviləsi bağlayır. Bu isə prekariatın sıralarını aydan aya genişləndirir.
    Hökumət bu nüansı nəzərə almalıdır və daimi iş yeri olan əmək qabilliyyətlilərin payını aydan aya artırmalıdır. Əks halda, bu, dörd təhlükəli əhval-ruhiyyənin daşıyıcıları ölkədə ciddi sosial partlayışlara səbəb ola bilərlər.

    RUBLİKA.AZ


    Facebook-da paylaş