• İŞİD Azərbaycanın dəniz sərhədlərində - qorxunc gəlişmə

    İŞİD Azərbaycanın dəniz sərhədlərində - qorxunc gəlişmə
    İŞİD Azərbaycanın dəniz sərhədlərində - qorxunc gəlişmə

    Terror qruplaşmasının Türkmənistana girməsi xəbəri yayılıb, sərhəddə qanlı döyüşlər gedir; milli təhlükəsizlik nazirinin vəzifədən götürülməsinin daha bir səbəbi üzə çıxır...
    Azərbaycanın da daxil olduğu bölgə ətrafında proseslər durulmaq əvəzinə qəlizləşməkdə davam edir. Böyük güclərin başının Suriyaya, Yaxın Şərqə, İŞİD məsələsinə qarışdığı vaxtda İŞİD də öz təsirini daha geniş ərazilərə yaymaq üçün taktikasına təcili düzəlişlər eləməkdədir.
    Hədəfdə isə artıq həm də terror qruplaşmasının güclü olduğu Əfqanıstanla sərhəd müsəlman postsovet ölkələridir. Bu yöndə ilk ciddi cəhd, "sınaq yoxlanışı” ötən ay artıq baş verib. Tacikistanda müdafiə nazirinin müavini Abdulhalim Nazarzodanın başçılıq elədiyi qiyam əslində bunun xəbərçisi idi.
    Sözsüz ki, qiyamın yatırılması və Nazarzodanın dəstəsinin zərərsizləşdirilməsi müstəsna olaraq Rusiyanın hesabına oldu (Putin özü həmin kritik günlərdə şəxsən Düşənbəyə baş çəkmişdi - KTMT-nin toplantısı bəhanəsi ilə). Başqa sözlə, ilk sınaqdan rəsmi Moskva pis çıxmadı. Lakin problem aradan qaldırıldımı, Tacikistanın, MDB-nin xarici sərhədlərinə yaranan qorxunc təhlükə sovuşdumu?
    Söyləmək çətindir. Bir şey dəqiqdir ki, İŞİD başda olmaqla, terror qruplaşmaları belə bir taktika ilə ən əvvəl böhran arealını böyütmək, böyük güclərin, o sırada Rusiyanın diqqətini Yaxın Şərqdən, Suriya və İraqdan yayındırmaq niyyəti güdür.
    Aydındır ki, postsovet ölkələrinin təkbaşına İŞİD bəlası ilə mübarizə aparmaq imkanları çox məhduddur. Demək, köməyə ya Rusiya çağırılacaq, ya da ABŞ (NATO) qüvvələri. Bu da asılı olacaq ölkə rəhbərliyinin xarici siyasətdə hansı vektoru seçməsindən. Bütün hallarda artıq yeni geosiyasi situasiyadan danışmaq olar.
    Təsadüfi deyil ki, Tacikistan böhranı təzəcə səngiyən kimi, indi də Türkmənistan-Əfqanıstan sərhədində vəziyyətin son dərəcə gərginləşdiyi barədə məlumatlar yayılıb. Rusiyalı politoloq Aleksandr Knyazev "Nezavisimaya qazeta”da yazıb ki, Əfqanıstan ərazisindən İŞİD qruplaşmasına məxsus yaraqlılar Türkmənistanın sərhədyanı yaşayış məntəqələrindən bir neçəsini ələ keçirib (virtualaz.org).
    "Şahidlərin bildirdiyinə görə, Türkmənistanın Marı şəhərinə hər gün sərhəddə həlak olan hərbçilərin cəsədləri daşınır. Marı aerodromundan hərbi aviasiyanın sərhədə doğru intensiv uçuşları müşahidə olunur. Ümumiyyətlə, Türkmənistan istiqamətində situasiya pisləşməkdədir”- Knyazev yazıb.
    Məlumatlara görə, Türkmənistan İŞİD təhdidinə qarşı müttəfiq axtarışına çıxıb və özünün neytral statusundan imtina etməyə hazırlaşır. Lakin ehtimal olunur ki, bu təhdidə qarşı Aşqabad Rusiya ilə yox, ABŞ-dan kömək istəməyi nəzərdən keçirir. Belə ki, bu günlərdə prezident Qurbanqulu Berdıməhəmmədovun tapşırığı ilə xarici işlər naziri Rəşid Meredov Vaşinqtona uçub. Qazaxıstandakı MDB sammitinə isə Berdıməhəmmədov daha aşağı ranqlı məmuru - baş nazirin müavinini və xarici işlər nazirinin müavinini göndərib.
    Rusiyalı politoloqa görə, bu fakt Aşqabadın müttəfiq qismində kimi seçdiyini aydın göstərir. Digər rusiyalı ekspert Arkadi Dubnov isə hesab edir ki, Aşqabad Rusiyanın Xəzərdən onunla razılaşdırmadan Suriyaya raket zərbələri endirməsindən narazıdır. Başqa yandan, Rusiya Türkmənistan qazının "Transxəzər" marşrutu ilə Avropaya və TAPİ marşrutu ilə Əfqanıstan, Pakistan və Hindistana nəqlinə imkan vermək istəmir. Vaşinqton isə hər iki layihədə Türkmənistanın tərəfindədir.
    Maraqlıdır ki, Aşqabadın özündə Əfqanıstanla sərhəddə döyüşlərin getdiyini təsdiqləmirlər. "Nə İŞİD, nə Taliban? Bizdə Türkmənistanda bu haqda heç nə məlum deyil”- deyə Aşqabaddakı mənbə "Rosbalt”a bildirib.
    Həmçinin Türkmənistan XİN Qazaxıstana rəsmi etiraz notası göndərərək bildirib ki, oktyabrın 15-də Astanadakı MDB sammitində Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Mərkəzi Asiyada təhlükəsizliklə bağlı situasiyadan danışarkən "guya Türkmənistan sərhədində hansısa insidentlərin baş verdiyini” bildirməsindən narazılıq ifadə edib. "Türkmən tərəfi Qazaxıstanın mövcud vəziyyətə uyğun olmayan bu bəyanatlarından olduqca narahatdır” - notada qeyd edilir.
    Müşahidəçilərə görə, Aşqabad Əfqanıstanla sərhəddə baş verən qanlı olayları dünya ictimaiyyəti ilə yanaşı, öz vətəndaşlarından da gizlədir. Belə ki, Rusiya və Orta Asiya KİV-lərində Əfqanıstan-Türkmənistan sərhədində qanlı döyüşlərin getdiyinə dair xəbərlərin yayılmasından sonra Aşqabad həmin saytlara girişi bağlayıb. Xüsusi xidmət əməkdaşlarının nəzarəti altında çoxmərtəbəli binalardan peyk antenalarını sökməyə başlayıblar. Bundan əlavə, əmək kollektivlərində işçilərə başa salınır ki, "antihökumət saytlarına” girməsinlər.
    Türkmənistandakı rejimin sərt avtoritar xarakteri nəzərə alınarsa, baş verənlərlə bağlı məlumatların ziddiyyətli və kasad xarakterini anlamaq mümkündür. Ancaq hər necə olmasa, İŞİD təhlükəsinin MDB sərhədlərinə çatdığı artıq heç bir şübhə doğurmur. Türkmənistan isə Azərbaycanın dəniz qonşusudur, bizə həmsərhəd ölkədir. MDB-nin son Qazaxıstan sammitində də terror təhlükəsi gündəmin əsas mövzularından olub ki, bu da sözsüz ki, vəziyyətin ciddiləşdiyinə dəlalət edir.
    Ən böyük terror təhdidlərindən biri isə İŞİD-in "qara xəritəsi”ndə də göstərildiyi kimi, Azərbaycana ünvanlanıb. Yeri gəlmişkən, prezident İlham Əliyevin sammitdəki çıxışının mühüm hissəsi məhz bu problem, onun kökləri və terrorla birgə mübarizə yollarına həsr edilmişdi. Bu xüsusda diqqətçəkici məqamlardan biri ölkə başçısının qayıdan kimi Eldar Mahmudovu Azərbaycanın milli təhlükəsizlik naziri vəzifəsindən götürməsi oldu.
    Belə qəfil qərarın motivləri haqda kifayət qədər yazılıb. Ancaq şübhə yox ki, motivlərin biri Azərbaycana ünvanlı yeni terror təhlükəsi ilə bağlıdır. Görünür, dövlət başçısı MTN-in hazırkı iş üslubu və kriteriyalarını yeni çağırışlara adekvat saymayıb. Bu çağırışlar isə rəsmi Bakını terrora qarşı mübarizədə qat-qat çevik və daha uzaqgörən strategiya qurmağa vadar edir - həm də ləngimədən.

    RUBLİKA.AZ




    Facebook-da paylaş