• Oliqarxların məhkəməsində daha bir şok fakt - Milyonluq saxta şirkətlər

       Oliqarxların məhkəməsində daha bir şok fakt - Milyonluq saxta şirkətlər
    Oliqarxların məhkəməsində daha bir şok fakt - Milyonluq saxta şirkətlər

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1984-cü il təvəllüdlü Araz Eyvazovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
    Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda əlavə şahidlər dindirilib. (azxeber.com)
    Şahid Nurlan Tağıyev bildirib ki, tır şoferi olub: “Mən Balaxanıda depodan mebelləri yükləyib Eldəniz Axundovun obyektinə aparırdım”.
    Sonra “Sədərək” Ticarət Mərkəzində işləyən Əmirxan Əmrahov ifadə verib. O bildirib ki, Araz Eyvazovu onun qardaşı Cəmil vasitəsilə tanıyıb: “Cəmil gəlib dedi ki, “Ariel” var, əzik qutulardadır. Onları mənə 20-30 qəpiyə verdilər, mən də 50 qəpikdən satdım”.
    Bundan sonra şahid qismində dindirilən Masallı rayon sakini Əfqan Əliyevin qanunsuz əməlləri aşkarlanıb. O məhkəməyə ifadəsində özünün şirkəti olduğunu və İrandan mal gətirib satdığını deyib: “Sərhəng G” MMC adlı şirkətim var idi. Şampun, sabun, yuyucu toz gətirirdim. Gömrükdən malları keçrimək üçün Araza etibarnamə vermişdim”.
    Hakim Azad Məcidovun sualına cavab olaraq şahid bildirib ki, onun adına bankda pul olmayıb və İranda hər hansı bir firma ilə müqavilə bağlanmadığını bilmir: “Firma mənim adıma olub, Bakıdakı notaruisların birində etibarnamə vermişəm. Amma Arazı görməmişəm, sadəcə adını eşitmişəm”.
    Hakim bildirib ki, məhkəməyə təqdim edilən sənədlərdəonun şirkətinin adına Türkiyədən 10 milyon dollara yaxın mal gətirildiyi qeyd olunub. Şahid həmin sənədlərə baxıb və ordakı imzanın ona məxsus olmadığını deyib. O bildirib ki, şirlıtin möhürü və sənədlərinin harda, kimdə olmasından xəbərsizdir.
    Hakimlər kollegiyası “Sərhəng G” MMC-nin direktorundan kimin vasitəsi vıə məsləhəti ilə tanımadığı Araz Eyvazova etibarnamə verdiyini soruşublar. Şahid isə suala cavab verməkdən imtina edib. Bildirib ki, başqa heç bir şey deməyəcək. Əfqan Əliyev bildirib ki, gömrük və vergi işlərini Araz Eyvazov həll edib.
    Bundan sonra şahidin halı pisləşib, ağlamağa başlayıb. Onun ifadəsinə fasilə verilib.
    Bundan sonra digər şahid Rauf Quliyev dindirilib. Ağcəbədi rayon sakini olan R.Quliyev “Raket servis” MMc adlı şirkət yaratdığını deyib: “Araz Eyvazovu üzdən tanımıram, amma adını eşitmişəm. İndi birinci dəfə burda burda görürəm. Arazın adına etibarnamə vermişdim. Özüm İrandan şampun, yuyucu toz, sabun gətirirdim. Şirkətdə tək özüm idim, başqa işçim yox idi”.
    Hakim Azad Məcidov şahiddən şirkətinin aylıq dövriyyəsinin nə qədər olmasını, hansı növ vergi ödəməsini, gömrükdə gətirdiyi mallar üçün nə qədər rüsum ödədiyini və həyata keçirdiyi biznes işindəki milyonlarla dolların mənbəyini soruşub.
    Rauf Quliyev isə suallara cavab verməkdən imtina edib və susub.
    Dövlət ittihamçısı deyib ki, şahid Rauf Quliyev istintaqa ifadəsində etibarnamə və gömrük bəyannmasi işlərinin Araz Eyvazova aid olduğunu deyib. Prokurorun şahiddən “Siz şirkət açıb sənəd satırdınız?” sualına da rauf Quliyev cavab verməyib.
    Sonra şahid Rauf Quliyev ümumiyyətlə İrana getmədiyini deyib.
    Təqsirləndirilən Araz Eyvazov bildirib ki, Əfqan Əliyevi və Rauf Quliyevi tanımır: “Mən bu adamları görməmişəm. Etibarnamə üçün Hərbi Prokurorluğun arxasında brokerlər oturduğu yerdə Alqayıt adlı şəxsə müraciət etmişəm. Etibarnamələri də onun vasitəsilə almışam. Rauf Quliyevin adından mənə 3 dəfə etibarnamə verilib. Mallar da Türkiyədən gəlib, bu vətəndaşın heç nədən xəbəri yoxdur. Onun adına şirkət açılıb, özü heç bir işdə olmayıb. Özünüz bilirsinizdə...”
    Hakim Azad Məcidov bildirib ki, bəzi suallara aydınlıq gətirilməlidir: “Mən bilmirəm. Siz deyin, bunlara şirkəti kim açıb? Siz necə bu firmanın adı ilə xarici ölkələrə milyonlarla pul köçürmüsüz?”
    Araz Eyvazov isə bütün bu işləri Gömrük əməkdaşı olduğu deyilən Alqayıt və Sunay vasitəsilə həll etdiyini deyib. A.Eyvazov şahid Rauf Quliyevdən başqa bir adama vəkalətnamə verib-vermədiyini soruşub: “Sən kiməsə sənin adından başqası üçün etibarnamə verə bilməsi barədə vəkalətnamə vermisən? Çünki vəkalətnamə verməsən sənin adından özün olmadan mənə etibarnamə verə bilməzlər”.
    Rauf Quliyev isə heç kimə vəkalətnamə vermədiyini deyib. O bildirib ki, hazırda fəaliyyəti dayandırılmış şirkətin sənədlərinin və möhürünün kimdə olduğunu bilmir.
    Hakimlər kollegiyası Türkiyədən “Raket Servis” MMC-nin adına bir neçə şirkətdən 66700 manatlıq mal göndərildiyinə dair məhkəməyə təqdim edilən sənədi şahidə göstəriblər. O özünün sahibi olmadığı firmanın belə bir sifariş verdiyindən xəbərsiz olduğunu deyib və bildirib ki, heç vaxt Türkiyədə olmayıb.
    Digər şahid Afəttin Həşimov ifadə verərək “Elvin C” adlı şirkət yaratdığını deyib. O bildirib ki, 2008-ci ildə yaradılan firma 2-3 ay öncə fəaliyyətini dayandırıb.
    A.Həmidov deyib ki, İrandan uşaq bezi, yuyucu toz, sabun gətirib, Masallıda dükanlara satıb: “Bir tıra 500 min manatlıq mal yükləyirdik. İranda Həmid adlı şəxslə müqavilə imzalamışdım. Burdan gedəndə özümlə 500 min manat götürürdüm, gömrükdə də bəyan edirdim, vergini də ödəyib keçirdim. Geri qayıdanda isə gömrükdə hər maşına görə 700 manat rüsum ödəyirdik. Şirkətin aylıq dövriyyəsi 500 min idi, vergiyə isə hissə-hissə 70 min manat verirdim. Mühasibim rayonda Fariz müəllim idi. Onunla əmək müqaviləsi bağlamamışdıq”.
    Araz Eyvazovla bağlı danışan A.Həmidov bildirib ki, ona etibarnamə verməyib: “Astarada gömrükdə tanıdım ona. Ordakı yaxın adamlar dedilər ki, yerlindi. Aldığım malların siyahısını verdim ona, mənə gömrüklə bağlı məsləhət verdi. Türkiyədə olmamışam, ordan da mal gətirməmişəm. Alqayıtı, Sunayı da tanımıram”.
    Araz Eyvazov isə ümumiyyətlə A.Həmidovu tanımadığı və heç vaxt Astarada olmadığını deyib: “Mən bütün işləri Alqayıtla həll etmişəm”.
    Hakim Zeynal Ağayev bildirib ki, Afəttin Həmidov gömrük əməliyyatları barədə verdiyi informasiyaların doğru olub-olmadığını bilmək üçün Dövlət Gömrük Komitəsinə sorğu göndəriləcək.
    Hakim Azad Məcidov müdafiə tərəfindən prosesdə adı hallanan Alqayıt adlı şəxsin anket məlumatlarının dəqiqləşdirilməsini və məhkəməyə dəvət edilməsini istəyib.
    Təqsirləndirilənin vəkili Akif Məlikov bildirib ki, bu gün Alqayıt adlı şəxslə görüşüb: “O bizim vəkil olduğumuzu və Bakı Ağır Cinayətlər Məhkəməsində gedən proseslə bağlı gəldiyimizi biləndən sonra özünə dair heç bir məlumat vermədi. Dedi ki, yalnız rəhbərliklə danışa bilərik. Oranın müdiri isə öz vəkili vasitəsilə məhkəməyə gəlib ifadə verəcəklərini dedi. Bizə heç bir məlumat, telefon nömrəsi vermədilər. Fəaliyyət göstərdikləri ünvanda isə hər hansı bir şirkətə aid tanınma nişanı, lövhə yox idi”.
    Hakim şahid qismində dindirilən hər üç şirkət rəhbərini yalan ifadə verməyə görə məsuliyyət daşıdıqları barədə məlumatlandırıb və sonda isə onların ifadələri əsasında Baş Prokurorluğa təqdimat göndəriləcəyini qeyd edib. Azad Məcidov bildirib ki, onların ifadələri və əməlləri Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən araşdırılacaq.
    Sonra hakim Azad Məcidov iki ay öncə proseslə bağlı Gömrük Komitəsinə sorğu göndərdiklərini və hələ də onlara cavab verilmədiyini bildirib.
    Məhkəmənin növbəti iclası oktyabrın 28-nə təyin edilib.
    Qeyd edək ki, hazırda məhkəmə istintaqı davam etdirilən işdə Şərurun keçmiş icra başçısı Rəfael Rəsulovun oğlu Orxan, Polis Akademiyasının keçmiş rəisi, general-mayor Ramiz Nağıyevin oğlu, hazırda Gömrük Komitəsində vəzifə tutan mayor Tağı Nağıyev, “Şərur” Tikinti şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğlu Eldəniz Axundov məhkəmədə zərərçəkmiş qismində tanınır.

    RUBLİKA.AZ


    Facebook-da paylaş