• Kərbəlada qəbul edilib, bütün zamanlara ötürülən izzət estafeti

       Kərbəlada qəbul edilib, bütün zamanlara ötürülən izzət estafeti

    Kərbəlada qəbul edilib, bütün zamanlara ötürülən izzət estafeti

    Məhərrəmlik dönəminin ən xas məqamlarından biri - Kərbəla vaqiəsinin başvermə səbəblərini araşdırmaqdır. Öncəki bəhslərimizdə qeyd etdik ki, İmam Hüseynin (ə) qiyamında əsas qayələrdən biri - düşünmək azadlığını müdafiə etmək idi. Və bu azadlığı öz həyatı hesabına qoruyan İmamın (ə) adı ilə bağlı olan İlahi hərəkatı təhlil etmək bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

    İki gün və üç sual

    Aşura hərəkatını təhlil edəndə, əsas 3 suala cavab vermək lazım olur:
    Aşura niyə baş verdi?
    Aşura necə baş verdi?
    Aşuranın nə kimi nəticələri oldu?

    Bu 3 sual ətrafında çoxlu araşdırmalar, çoxlu tədqiqatlar aparılıb. Amma bu araşdırmanın tam dolğun olması üçün bir nurani çalara diqqət etmək lazımdır. İslam tarixində 2 gün var ki, birində şadlanmaq ibadətdəndir, digərində qəmlənmək. Diqqət edək: İslam tarixində bir gün bir cöllükdə bir hadisələr olur ki, nəticədə Rəbbimiz Qurani-Kərimdə bizə dinin kamilləşdiyi gün, nemətlərin tamamlandığı gün, İslamın din olaraq bəyənilən gün kimi bu hadisəni çatdırır. Bu, Qədir-Xum günüdür.
    İslam tarixində digər bir gün də var ki, burada başqa çöldə, başqa hadisələr baş verir. O gün və o çöllü-biyabanlıq İslam tarixinə başqa bir adla düşəcək. Öncə sözügedən o birinci gün və o birinci çöllük başqa bir səciyyə daşıyır. Allah tərəfindən dinin bəyənildiyi bir gün kimi tarixə düşür. Digər gün isə tam fərqli bir gündür. Burada artıq İslamın axırına çıxmaq istəyənlərin, İslamın əsaslarını məhv etmək istəyənlərin qarşısına çıxılan bir gündür.

    Üç çalar, üç müstəvi

    İslam mütəfəkkirləri bildirir ki, Aşuranı anlamaq üçün 3 çalara, 3 istiqamətə diqqət yetirmək lazımdır. Bunun bir çaları - əql, əqlaniyyətdir. Yəni suallar cəhəti, suallar çalarıdır. Niyə baş verdi Aşura, necə baş verdı, nə kimi nəticələri oldu? İnsanın bu məsələlərlə bağlı araşdırmaları olmalıdır.

    Aşuranın digər çaları - qəhrəmanlıq, izzət çalarıdır. Üçüncü çaları - sevgı, məhəbbət, daxildən gələn hərarətin doğurduğu bir çalardır. Və Aşura günü biz baş vermiş hadisəni anlamaq istəyiriksə, hər cəhətə ki, toxunmalıyıq, gərək özümüzə bunlarla bağli suallar verək. Və bu sırada ən əsas suallardan biri budur ki, bu 2 gün arasında nə kimi əlaqə var. Qədir-Xum çölündə baş verən hadisələrlə Aşura günündə, Kərbəla çölündə baş verənlər arasında nə kimi əlaqə var? Nə kimi əlaqə var ki, hadisələrin birində Rəbbimiz dininin kamilləşməsi, nemətlərin tamamlanması barədə bəşəriyyətə bildiriş edir, bu birisində söhbət bundan gedir ki, İmam Hüseyn (ə) öz hərəkatının ana qəyəsinin çatdırışında İslamın mahiyyətinin, faktiki mövcudiyyətinin aradan getmə təhlükəsini açıqlayır?
    İslamın mövcudiyyətinin aradan getması nə deməkdir? Yəni namaz qılan, oruc tutan olmayacaqdı? Xeyr, zahirdə oruc tutanlar da olacaqdı, namaz qılanlar da. Hətta Əba Əbdillahın (ə) qatilləri arasında da zahirdə namaz qılanlar var idi. İmamının (ə) qatili olan namaz qılan... Bundan böyük absurd təsəvvür etmək belə çətindir! Hətta döyüş ərəfəsində İmam Hüseynin (ə) arxasında cəmlə namaz qılanlar da oldu bu yezid tör-töküntülərindən. Bundan artıq münafiqlik ola bilərmi?!

    Nəyin estafeti ötürülürdü?

    Qayıdaq təqribən 1500 il öncəyə. Qədir-Xum adlı məkanda İmam Hüseynin (ə) nurani babası - Rəsuli-Əkrəm (s), nurani atası Həzrət Əlinin (ə) imamətini elan edir. Və bu hadisəni Rəbbimiz dinin kamil həddə yetişməsi, nemətlərin tamamlanması, İslamın bir din olaraq bəyənilməsi kimi tanıdır. Məgər Qədir-Xumdan öncə namaz qılan, oruc tutan yox idi? Bəs necə olur ki, din kamilləşmiş duruma gəlir? Nə oldu ki, Qədir-Xumda deyilir: kamilləşdi, tamamlandı, bəyənildi, Aşura günü isə dinin arada getməsi barədə danışılır?

    Nə oldu ki, bir halda kamilləşmədən danışılır, digər halda isə İslamın aradan getmək təbili vurulur? Nə idi birinci halda bəyənilməyə səbəb olan, digər halda isə dinin aradan getməsinə səbəb olan? Bu suallara cavabla Aşuranın niyə baş verməsi cavablanır.
    Belə məlum olur ki, zahiri namazın və zahiri orucun müəyyənedici əhəmiyyəti yoxdur. Namaz və orucun özü nə dinin kamilləşməsi, nə dinin nemətlərinin tamamlanmasıdır, nə də İslamın din olaraq Uca Allah tərəfindən bəyənilməsdir. Bunların zahiri mövcudiyyəti, zahiri qalmaqlıği İslamın əsaslarının qalmaqlığı demək deyil. İslamin əsası - izzətdir, mənəviyyat və ləyaqətdir. Və Qədir-Xum çölündə əslində Əmirəlmömininin (ə) imaməti elan olunmaqla İslamın özülünün, əsasının izzət, şəxsiyyət, ləyaqət, mərdlik, mənəviyyat olması elan olunurdu və Həzrət Peyğəmbərdən (s) sonra izzəti, ləyaqəti, mənəviyyatı qorumaq estafeti Əmirəlmöminin İmam Əliyə (ə) təhvil verilirdi.

    Əba Əbdillahın (ə) isə Aşura öncəsı vəziyyəti o cür idi ki, lənətlik Yezid müsəlman toplumunda izzət adına, ləyaqət adına heç bir şeyin qalması ilə razı deyildi. Və önəmli məqam budur ki, bunu nəzəri olaraq yox, praktiki olaraq həyata keçirirdi. İzzət, mənəviyyat estafetinin ötürülməsi ilə din kamilləşdi, nemət tamamlandı, İslam din olaraq bəşəriyyət üçün bəyənildi. Yezid (lən) isə bu estafetin ötürülməsini bilmərrə aradan aparmaqda qərarlı idi. Və Əba Əbdillah (ə) İslamın real aradan getmək təhlükəsini görür. Müsəlman toplumunda İslamın ana prinsiplərindən olan izzətin, ləyaqətin itirilməsi təhlükəsini görür. Bu təhlükə qarşısında Əba Əbdillah (ə) öz mübarək vücudunu qurban verir və bununla da İslamı qaçılmaz məhvdən sığortalayır. Həyatını qurban verir ki, hər zaman müsəlman toplumları bu məktəbə baxıb, bundan ibrət götürsünlər və toplumda izzət, şəxsiyyət, ləyaqət, mənəviyyat kimi dəyərləri yaşatsınlar.

    Əql və eşqin qovuşduğu məkan

    Aşura niyə baş verdi? Aşuranın baş verməsinin əsas səbəbi və əsas hədəfi, əsas qayəsi - ümmətin içində izzətin, ləyaqət və şəxsiyyətin itməsinə imkan verməməkdir. Və Əba Əbdillahın - İmam Hüseynin (ə) "Zillət bizdən uzaqdır" şüarı o məna daşıyır ki, izzətə xələl gətirə biləcək hər bir şey, şəxsiyyət və ləyaqəti aşağılaya biləcək hər bir şey - qəbuledilməzdir. Və bütün azadxah və şəxsiyyətli insanlar üçün, hər bir zaman və hər bir məkan üçün bu, qalıcı və sönməz bir dərsdir.
    Aşura necə baş verdi? Aşura - başdan-başa vücudi səhnələrin bir toplumudur. Aşura - bir vücudi kompozisiyadır. Aşura - bir pak bulaqdır ki, orada bütün əsli sular üzə çıxır. Bir bulaqdır ki, əsrlər boyu insanlar gələrlər bu bulaqdan mənəvi qida alarlar. Aşura - bir pak və nurani Günəşdir ki, onun saçmasıyla varlıq aləminin bütün rəngləri üzə çıxar. Aşura - əqlin özüdür. Aşura - eşqin özüdür. Aşura - əqllə eşqin bir-birinə qovuşmasıdır. Aşura - insan imkanlarının tam realizəsidir. Aşura bir səhnədir ki, burada əql zirvədədr, eşq və məhəbbət də zirvədədir. Aşura - İNSAN adına nə varsa, onun təzahürüdür. Dillər acizdir, qəlblər taqətsizdir vəsf etsin Aşura günü baş verənləri. Qəlblərin iqtidarı çatmır o müsibətin nəqlinə... Nəyi deyəsən?
    Gedək Aşura səhnəsinə. Hansı səhnədən danışaq?! Hər addımı, hər baxışı, hər nöqtəsi, hər sözü vücudi bir səhnədir Aşuranın.

    Əli Əkbər (ə) səhnəsi

    Aşura səhnəsində adamı heyran edən məqamlardan biri də İmam Hüseynin (ə) böyük oğlu Həzrət Əli Əkbərin (ə) səhnəsidir. Əli Əkbər ağanın ata tərəfini tanıtdırmağa ehtiyac yoxdur. İmam Hüseynin (ə) oğlu. Həzrət Əlinin (ə) və xanım Zəhranın (s.ə) nəvəsi. Rəsuli-Əkrəm (s) övladı.
    Amma Əli Əkbər ağanın ana tərəfi barədə təbərrük üçün bir məlumat verək. Əli Əkbərin anasının babası Ürvə ibn Məsud adlı bir dərin mömin insan idi. İslam yolunda şəhid olan bu insan barəsində Rəsuli-Əkrəmin (s) son dərəcə maraqlı deyimi var. Həzrət Rəsulullah (s) buyurub: "Mən (Merac zamanı) İsa ibn Məryəmi müşahidə etdim və Ürvə ibn Məsud ona hamıdan çox oxşayırdı".
    Bu nə ayıldıcı məqam, bu nə çalardır ki, Əli Əkbər ağanın atasının babası Həzrət Peyğəmbərdir (s), anasının babası isə bəşər övladı içindən İsa peyğəmbərə (ə) ən çox oxşayan insan idi?!
    Bir məqam da qeyd edilməlidir ki, Əli Əkbər ağanın özü Rəsuli-Əkrəmə (s) ən çox oxşayan insan idi. O qədər oxşayırdı ki, bir kəs Rəsuli-Əkrəmi (ə) xatırlamaq istəyəndə, gedib Əli Əkbər ağaya nəzər salardı...

    Aşura günü... Bir an yetişir ki, artıq İmam Hüseyn (ə) Əli Əkbər ağaya meydana getməyə izn verir. İzn verəndən sonra, Əba Əbdillah (ə) balasına bir nəzər salır - Peyğəmbəri-Əkrəmə (s) hamıdan çox oxşayan balasına. Baxışını aşağı salır, kövrəlir İmam (ə). Sonra barmağını göyə tutur və mübarək saqqalını əli ilə tutur və beləcə Rəbbi ilə raz-niyaz edir. Əba Əbdillah (ə) deyir: "İlahi! Şahid ol ki, bu qövm ilə döyüşə bir cavan yollandı ki, insanlar arasında xilqət, xasiyyət, danışıq baxımından Rəsulullaha (s) ən çox oxşardır. Hər vaxt ki, Sənin Rəsulunu (s) görmək şövqü bizi bürüyürdü, onun üzünə nəzər salırdıq..."
    İndi belə bir şəxs meydana gedir. Meydanda hadisələr o yerə çatdı ki, yezid tör-töküntüləri hər tərəfdən Əli Əkbər ağanın mübarək vücudunu zərbətlədilər. Hər tərəfdən qılınclar endirilir. Deyirlər, Əli Əkbər ağa atından möhkəm-möhkəm tutmuşdu ki, endilrilən qılınc zərbələrindən yerə yıxılmasın. Şəhadət məqamında olan Əli Əkbər ağa atası Hüseyni (ə) səsləyir: "Atacan! Xudahafiz! (Artıq) başımın üstünə cəddim Rəsulullah (s) gəlib və su ilə dolu bir camı mənə içizdirir". Əba Əbdillah (ə) özünü balası Əli Əkbərə yetirir. Üzünü qoyur balasının üzünə, yanağını qoyur yanağına. Buyurur ki, "Səndən sonra, əziz oğlum, vay olsun bu dünyaya".
    İmam Cəfər Sadiqdən (ə) nəql olunur ki, Əba Əbdillah (ə) Əli Əkbər ağanın mübarək qanından bir ovuc götürür və göyə atır və bu qanın bir qətrəsi də yerə qayıtmır.

    Həzrət Zeynəb (s.ə) səhnəsi

    Gedək İmam HüseynİN (ə) bacısı Həzrət Zeynəb (s.ə.) səhnəsinə. Bayaqdan sükut edən Zeynəb (s.ə.) Əba Əbdillahın (ə) bacısı ki, öz balaları şəhid olanda səsi çıxmırdı, insanları ruhdan salmamaq üçün, olmazın əzab və itkilər önündə səsini çıxartmırdı. Amma Əli Əkbər ağanın şəhadət səhnəsini görəndə "Vay, qardaşımın oğlu, ey vay", deyərək fəryad çəkir. Aşura səhnəsi Əli (ə) qızı Zeynəbin misilsiz dərdini görür. Rəsulullaha (ə) bəşər içində ən çox oxşayan qardaş balası şəhid edilib. Zeynəb (s.ə.) artıq tab gətirmir və özünü Əli Əkbər ağanın mübarək bədəninin üstünə atır. İmam Hüseyn (ə) Həzrət Zeynəbi (s.ə.) qaldırır və xeymələrə aparır və uşaqlara deyir: "Qardaşınızı gətirin xeyməyə".

    Aşura səhnəsinin bir dərdli nöqtəsi də var. Deyirlər, Əba Əbdillah (ə) bütün şəhidləri xeyməyə özü gətirərdi. Amma Əbülfəzl Abbas və Əli Əkbər ağa şəhid olanda bunu edə bilmədi. Taqəti olmur Bəni-Haşimin parlaq Ayı olan Həzrət Əbülfəzi və Peyğəmbəri-Əkrəmə (s) ən çox bənzəyən Əli Əkbər ağanı xeymələrə gətirməyə.

    İzzət çağırışı

    Xeymələr... Aşuranın xeymələri... Xeymələr deyəndə insanın qəlbi qovrulur. Nələrin şahidi olmadı bu xeymələr. Necə dərdlər, necə faciələr gördü və nə qəhrəmanlıqlar, dözümlülük və fədakarlıqlar gördü Aşuranın xeymələri.
    Aşuranın əsr vaxtı... Əba Əbdillahın (ə) son anlarında gözü xeymələrdə idi. Əba Əbdillahı (ə) halqaya alıb, zərbələr yağdırır nanəcib düşmən, ümmətin İmamına qənim kəsilən düşmən. Və Əhli-beytin (ə) qanına susamış düşmən, xeymələri qarət etmək hərisliyinə düşür, zəlalət silsiləsini olmazın şərərəfsizliklərlə davam etdirmək istəyir. Yaralarından qan axa-axa qılıncına dayanaraq, min bir məşəqqətlə ayağa qalxır Həzrət Hüseyn (ə). Yalqızdır Hüseyn (ə), qəribdir Hüseyn (ə), hər mənada meydanda təkdir Hüseyn (ə). Ayaq ustə durmağa taqəti yox yaralı Zəhra (s.ə.) balasının. Düşməni qeyrətə səsləyir, müdafiəsiz xanım və uşaqları qarət etmək istəyən şərəfsiz nanəcibləri axırıncı dəfə kişi olmağa çağırır Hüseyn (ə). "Hürr olun, azad olun. Müsəlman deyilsinizsə, heç olmasa azad kişi olun!" deyir düşmənlərə İmam Hüseyn (ə). (milli.az)

    Dünya nə qədər mövcuddur, bu cümlələr dəyərlidir. Hər anın, hər zamanın cümlələridir bu. Düşmən olsan da, qeyrətin, kişiliyin olsun! Tökmə günahsız körpə qanını, dava etmə müdafiəsiz qadın, qoca, uşaqlarla! Müsəlman olmursan - özün bilərsən, heç olmasa, insanlığın, mərdliyin olsun! - səslənir bu gün Qəzzada, Qüdsdə, Şuşada, Bagdadda. Dünyaya ünvanlanır bu gün bu çağıriş: "Müsəlman deyilsiniz, məsihi deyilsiniz, yəhudi deyilsiniz - heç olmasa zərrədək alicənablığınız olsun!".
    Aşura bütün dövrlərə, zamanlara yönəli qeyrət, namus, mərdlik çağırışıdır. İnsanı alçalmamağa çağırır Aşura. İzzətli olmağa, sərəfli olmağa çağırır insanı Aşura. Budur Aşuranın ən böyük nəticəsi. Hər durumda, hər vəziyyətdə, hər bir halda şəxsiyyət və ləyaqəti, izzəti-nəfsi qorumaq! Heç bir vəziyyətdə insan imkan verməli deyil bu dəyərlərin tapdalanmasına. Budur Aşuranı dərsləri!

    Allahım, bizi İmam Hüseynin (ə) yolunu gedənlərdən qərar ver!
    Allahım, cəmi ümməti izzəti, mənəviyyatı, ləyaqəti yaşadanlardan qərar ver! Amin!

    RUBLİKA.AZ


    Facebook-da paylaş