• Çörək bol olarsa..., qiymət ARTIR, çəki AZALIR...

    Çörək bol olarsa..., qiymət ARTIR, çəki AZALIR...

    Artıq bir neçə vaxtdır ölkənin əksər mətbu orqanlarında kənd təsərrüfatı mütəxəssislərinə istinadən gələn ilin martında çörəyin qiymətinin artacağı ilə bağlı proqnozlar səsləndirilir.

    Yumurta, ət, süd və digər ərzaq məhsullarının qiymətindəki artım da çörəyin bahalaşacağı ilə bağlı ehtimallara əsas verir. Baxmayaraq ki, ötən il də bahalaşma ilə bağlı proqnozlar səsləndirilirdi. Amma fermerlərin anbarında istehsal üçün lazım olan ehtiyatlar qaldığından bu il çörəyin qiymətini sabit saxlamaq mümkün oldu.

    Amma indi artıq ehtiyatlar tükənib, üstəlik unun qiyməti də artıb. Hələlik istehsal müəssisələri un məmulatlarını bahalaşdırıb, çörəyin çəkisini azaltmaqla məşğuldur.

    Bəs sabah nə baş verəcək? Çörək bahalaşacaqmı? Ümumiyyətlə, çörəyin qiymətini artırmağa səbəb varmı?

    Bu suallara cavab axtardıq

    Hazırda ölkə bazarında birinin qiyməti 30 qəpikdən 5 manatadək olan çörəklər satılır. Qiymətlər unun keyfiyyətindən, tərkibindən, qablaşdırmadan, çəkidən asılı olaraq dəyişir. Məsələn, “zavod çörəyi” 30-40 qəpik, “kərpic cörək” 40-80 qəpik, pəhriz çörəyi 40 qəpik-1 manat, təndir çörəyi 50-80 qəpik, “ləzgi çörəyi” 1 manat, kəpəkli çörək 40-80 qəpik, tam buğda çörəyi 60 qəpik, tam çovdar çörəyi 60-80 qəpiyədir. Alman texnologiyası ilə hazırlandığı iddia edilən çörəyin qiyməti isə 3-5 manat arasında dəyişir.

    Qeyd edək ki, ölkə əhalisinin çörəyə illik tələbatı 1,2 milyon tondur. Əhalinin istehlak etdiyi ərzaq məhsullarının 15 faizini çörək və çörək məmulatları təşkil edir. Rəsmi statistikaya inansaq, ölkə əhalisinin 60 faizi zavod çörəyinə üstünlük verir.

    Ölkədəki çörəkbişirmə müəssisələrinin rəsmi sayı bəlli deyil. Ən azından Dövlət Statistika Komitəsinin və ya İqtisadiyyat və Sənaye Nazirliyinin rəsmi saytlarında bu barədə hər hansı məlumat yoxdur. Ekspertlərin səsləndirdiyi qeyri-rəsmi məlumatlarda isə ölkədə 1000-dən çox irili-xırdalı çörəkbişirmə müəssisəsinin fəaliyyət göstərdiyi bildirilir.

    Çörək və un məmulatları istehsalı müəssisələrinə dövlət tərəfindən milyonlarla manat güzəştli kreditlər ayrılıb. Məsələn, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun apreldə verdiyi açıqlamada qeyd olunur ki, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində investisiya layihəsinin maliyyələşdirilməsinə 229,4 milyon manat güzəştli kredit verilib. Həmin kreditlərin bir hissəsi müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodlarının yaradılmasına yönəldilib.

    Fond 2013-cü ildə ümumi dəyəri 108,2 milyon manat, gündəlik istehsal gücü 721 ton olan 25 çörək zavodunun tikintisinə, ən müasir texnologiya və avadanlıqla təchiz edilməsinə 38,1 milyon manat güzəştli kredit verib. Fondun ayırdığı kreditlər hesabına gündəlik istehsal gücü 650 tona yaxın olan 20-dək çörək zavodu artıq istifadəyə verilib.

    Təkcə Bərdədəki “Qarabağ” çörək zavodunun tikintisinə fond tərəfindən 2,7 milyon manat güzəştli kredit ayrılıb. Zavodun ümumi dəyəri isə 4 milyon manat qiymətləndirilir.

    İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) çörəkbişirmə müəssisələri ilə bağlı araşdırmasının nəticələrinə görə, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 25 çörək zavodunun tikintisinə 108,2 milyon manat vəsait ayrılır. Bu zavodların gündəlik istehsal gücü 721 tondur. Hesablamalara əsasən, belə çörək zavodlarının istehsal etdiyi məmulatlar Bakı və Sumqayıt ərazisində yaşayan istehlakçıların 70-75 faizini çörəklə təmin edə bilər.

    Amma istehsal müəssisələrinin çoxluğu qiymətlərin artıb-azalmasına təsir etmir. Unun bahalaşacağı təqdirdə çörək də bahalaşacaq. Bu proses isə artıq gedir.

    Düzdür, hələlik yalnız makaron və digər un məmulatlarının qiyməti artırılıb. Məsələn, “türk paxlavası” 9 manatdan 11 manata, son bir neçə gündə isə 12 manata yüksəlib. Gəncə paxlavasının qiyməti də bu səviyyəyə qalxıb.

    Ötən il Novruz bayramında 70-80 qəpiyə şəkərbura almaq mümkün idisə, hazırda onun birinin qiyməti 1 manatdan aşağı deyil. Qozlu şirniyyatlar 2, cemli şirniyyatlar isə 1 manat bahalaşıb. Ümumilikdə, un məmulatları çeşidindən asılı olaraq 10 qəpik-2 manat arasında bahalaşıb.

    500 qramlıq çörək 420 qrama düşüb

    “Çörəyin qiyməti dəyişməyib, amma çəkisi azalıb. Xüsusilə də 30 və 40 qəpiklik “zavod çörək”lərinin çəkisinin azaldığını müşahidə edirik. Baxın, 30 qəpiklik çörək necə kiçilib” - bunu metronun “Neftçilər” stansiyasının yaxınlığındakı un məmulatları mağazasının satıcısı Nizami Quliyev deyir.
    N.Quliyev dediklərini sübut etmək üçün çörəkləri tərəziyə qoyur: “Baxın, bu “Azəri çörəyi”dir. Qablaşdırmanın üzərində çəkisi haqqında məlumat verilməyib. Əvvəllər çəkisi 500, uzaqbaşı 480 qram olurdu. İndi isə 420 qramdır. 40 qəpiklik “zavod çörəyi” qabaqlar 750 qram olurdu, amma indi 550-600 qramdan artıq deyil”.

    “Fresco” supermarketində də satıcılar çəkinin azaldığını söylədilər, amma çörəyi çəkməkdən imtina etdilər: “Bəzən alıcılar şikayətlənirlər. Əsasən zavod çörəklərinin çəkisindən narazılıq edirlər”.

    Alıcı Vüqar Qəmbərov isə deyir ki, son bir aya qədər gündə iki çörək alıb: “Evdə iki azyaşlı övladım olmaqla 4 nəfərik. Əvvəllər gündə iki çörək alırdım. İndi isə ikisi bəs etmir. Çünki çörəyin çəkisi çox azaldılıb”.

    “Qiymətlərin dəyişməsi unun qiymətindən asılıdır”

    Zavod çörəklərinin istehsalı ilə məşğul olan “Sərham” MMC-dən virtualaz.org saytının sorğusuna cavab olaraq bildirdilər ki, müəssisə istehsal etdiyi çörəklərin çəkisini azaltmayıb.

    Qiymətlərin artırılması məsələsinə gəldikdə isə un bahalaşacağı təqdirdə çörəyin qiyməti artırıla bilər: “Çörəyin qiyməti birbaşa unun qiymətindən asılıdır. Sabah unun neçəyə olacağını heç kim bilmir. Qiymət birdən-birə artırılarsa, təbii ki, çörəyin də qiyməti artacaq”.

    Müəssisədən bir çörəyin neçəyə başa gəldiyini, mağazalara neçəyə satıldığını açıqlamaq istəmədilər: “Bizim istehsal etdiyimiz çörəyin qiyməti 40 qəpikdir. Yəni mağazalar 40 qəpiyə satır. Biz isə mağazalara, iaşə müəssisələrinə aşağı qiymətə təklif edirik. Qiymətləri mağazalar müəyyənləşdirir. Bir çörəyin neçəyə başa gəlməsi isə kommersiya sirridir, onu açıqlaya bilmərik”.

    Xırdalanda yerləşən şörəkbişirmə sexindən isə adlarını açıqlamamaq şərti ilə belə izah verdilər: “Çörəyin qiymətinə satılmayan məhsulların geri qaytarılması, işçilərin aylıq məvacibi, kommunal və daşınma xərcləri təsir edir. Bəlkə də itki olmasaydı, qiymətləri sabit saxlamaq mümkün olardı. Hələ vergini və digər qurumlara verilən xərcləri nəzərə almırıq. Üstəlik, çörəyin qablaşdırılması da xərclərə təsir edir”.

    Qeyd edək ki, İqtisadi Tədqiqatlar Mərkəzinin araşdırması nəticəsində bəlli olub ki, müəssisələrin rentabelliyi əvvəlki illərə nisbətən aşağı düşüb. Xırda müəssisələr böyük müəssisələrin onları sıxışdırmasından narazılıq edir. Dövlət orqanlarının yoxlamalarının sayının artması da istehsala təsir göstərib. Sahibkarlar tez-tez “görüşdükləri” dövlət orqanlarının adını sadalayıblar. Bu siyahıda Gigiyena-Epidemiologiya Mərkəzi, İqtisadiyyat və Sənaye Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Əmək Müfəttişliyi Xidməti, Nəqliyyat Nazirliyi öndə gedir.

    Çörəyin bahalaşmasına iqtisadi əsas varmı?

    İqtisadçılar bu suala demək olar ki, birmənalı olaraq mənfi cavab verir. Məsələn, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyir ki, hazırda ölkə bazarında buğda və un olduqca baha təklif edilir: “Xaricdə buğdanın 1 tonu 168 dollar olduğu halda bizdə 250 dollara satılır. Keyfiyyətli unun 1 tonu 200 dollardır, Azərbaycanda isə aşağı keyfiyyətli un 400-450 dollara satılır. MDB ölkələrində çörək ölkəmizlə müqayisədə ucuzdur”.

    V.Məhərrəmov zavod çörəklərinin ucuz başa gəldiyini qeyd etdi: “Bir ədəd zavod çörəyinin istehsalı 15-16 qəpiyə başa gəlir. 4-5 qəpik isə daşınma xərcləri kimi nəzərə alınır. 21 qəpiyə ticarət obyektlərinə verilir, 30 qəpiyə satışa çıxarılır. Problem ondadır ki, satılmayan və geri qaytarılan çörək də qiymətlərə təsir edir. Geri qaytarılan çörək aşağı qiymətlərlə heyvan saxlayanlara təklif olunur. Yəni tullantı çox olur”.

    Ekspert onu da deyir ki, çörəyin çəkisinin azaldığı müşahidə olunur: “40 qəpiklik çörəyin çəkisi 750 qram, 30 qəpiklik çörəyin çəkisi isə 500 qram olmalıdır. Amma standartlar nəzərə alınmır, çəki norması tələbinə əksər hallarda tam əməl edilmir”.

    İqtisadçı Nübar Seyidova isə deyir ki, Novruz bayramı ərəfəsində yeni bahalaşma müşahidə ediləcək. Amma budəfəki bahalaşma ciddi olmayacaq: “Çünki sahibkarlıq və biznes fəaliyyəti sahəsində artıq fərqli situasiya yaranıb, prezidentin tapşırığı ilə planlı yoxlamalar dayandırılacaq. Bu da qiymətlərdə özünü mütləq göstərməlidir. Çünki sahibkarlar əlavə xərclərdən azad olacaqlar. Amma Novruz bayramı ərəfəsində cüzi də olsa bahalaşmanın baş verəcəyi proqnozlaşdırılır. Hər dəfə belə olub. Bu bahalaşma dalğasında isə çörəyin qiyməti 5-10 qəpik civarında artırıla bilər”.

    Bu il “Kənd təsərrüfatı ili” elan edilib. Kənd Təsərrüfatı Nazirliyinin açıqlamalarına inansaq, inkişaf üçün möhkəm təməl qoyulub. Taxıl istehsalı artıb, buğda, un ehtiyatları var. Yaxın bir-iki ildə inkişafdan daha yaxşı bəhrələnə biləcəyik. Bu məntiqlə nəinki çörəyin, eləcə də digər məhsulların bahalaşmasına şahid olmayacağıq...

    Nazirliyin avazı yaxşı gəlir, təki oxuduğu... düz çıxsın.

    rublika.az


    Facebook-da paylaş