• İşbazların yeni dərman fırıldağı

    İşbazların yeni dərman fırıldağı

    Paytaxtda mövsümlə əlaqədar xəstəliklərin artımasından istifadə edən bəzi işbazlar dərman vasitlərinin qiymətlərini artırıblar.

    Bu artım daha çox soyuqdəymə əleyhinə olan dərmanlarda müşahidə edilir. Bu artımdan isə alıcılar da xəbərdardır, satıcılar da.

    Dərman satışı ilə məşğul olan Sevinc Məmmədova qrip və soyuqdəyməyə qarşı dərmanlarda artımın olduğunu təsdiqlədi.

    "Son bir neçə aya qədər 40 qəpiyə satılan toz dərmanların bəziləri 50, bəziləri isə 60 qəpiyə satılır. Bu artımın səbəbi bizlik deyil, biz satıcıyıq. Sakinlər də öz iradını bizə bildirir. Ancaq qiymət artımı bizim edə biləcəyimiz bir məsələ deyil. Acnaq qiymət artımının olduğu reallıqdır. Bu da ki, mövsümlə əlaqədardır. Hazırda soyuqdəymə dərmanları üçün müraciət edənlərin sayında kəskin artım hiss edilir".

    Vətəndaşların ən çox istifadə etdiyi dərmanlardan bəziləri isə ümumiyyətlə müşahidə apardığımız apteklərdə tapılmır. Satıcılar həmin dərmanların hazırda olmadığını, lakin tezliklə gətiriləcəyini deyərək vətəndaşlara əvəzedici dərmanlar təqdim edirlər.(ans)

    Sakinlər də bu artımdan xəbərdardır. Şəhər sakini Məlahət Mustafayeva deyir ki, bir ay əvvəl 40 qəpiyə aldığı dərmanı bu gün ona 50 qəpiyə veriblər:

    "Düzdür qiyməti tənzimlənən dərmanlarda ucuzlaşma var. Ancaq yəqin ki, bu dərmanlar qiyməti tənzimlənmir. Satıcıya da irad bildirdiyimiz zaman deyir ki, bizlik deyil. Neçəyə deyirlər o qiymətə də satırıq".

    Məsələ ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə bildirdilər ki, qiymət artımı "qiyməti dövlət tərəfindən tənzimlənən" dərmanlarda müşahidə edilə bilməz:

    Çünki nazirlik tərəfindən mütəmadi olaraq monitorinqlər aparılır.Bu il 4500-dən çox dərman vasitəsi qeydiyyata alınıb ki, onlardan da 3100 adda dərmanın qiyməti endirilib. Dərman qiymətlərində qiymət artımı ilə rastlaşan şəxslər isə Səhiyyə Nazirliyinə müraciət edə bilərlər.

    Qiyməti tənzimlənən dərman vasitələrinin digər hissəsi isə dekabrın 1-i və 21-i endirimli endirimli qiymətlərlə satışa çıxarılacaq. Ümumiyyətlə isə gələn ilin birinci yarısına qədər Azərbaycan dərman bazarında bütün dərmanların qiymətinin tənzimlənəcəyi gözlənilir. Tənzimləmə prosesi mütəmadi şəkildə davam edəcək.

    Səhiyyə Nazirliyindən isə məsələ ilə bağlı bunu dedilər.

    "Biz yalnız dərmanın keyfiyyətinə nəzarət edirik. Ancaq süni artımla rastlaşan şəxslər 9103 qaynar xəttinə qəng vuraraq öz şikayətlərini edə bilərlər".

    Amma təəssüf ki, Səhiyyə Nazirliyinin 91-03 qaynar xəttindən cavab verən olmadı.

    Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dərmanların qiymətləri əsas müzakirə mövzusu olub.

    Dövlət başçısı dərmanların qiymətinin süni olaraq artırıldığını qeyd etmişdi. O, bunun qarşısının alınması istiqamətində tapşırıqlarını vermişdi.

    Ümumilikdə, indiyədək Şura tərəfindən 3010 dərman vasitəsinin qiyməti tənzimlənib ki, bunlardan 1151 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır. Qiymətləri təsdiqlənmiş digər 1110 dərman vasitəsinin qiyməti 1 dekabr tarixindən, 749 dərman vasitəsinin qiyməti isə 21 dekabr tarixindən qüvvəyə minəcək.

    Beləliklə, indiyədək qiymətləri tənzimlənmiş dərman vasitələrinin satışda olan qiymətləri ilə müqayisədə 50%-nin qiyməti 2 dəfədən çox, 26%-nin qiyməti 3 dəfədən çox aşağı salınmış, ümumilkdə 96%-nin qiymətləri endirilib.

    Qərarlar və dərman vasitələrinin siyahıları Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Şuranın Qərarları" və “Dərman vasitələri” bölmələrində yerləşdirilib.

    Bəzi işbazlar dərman vasitələrinin qiyməti aşağı salındığı üçün daha az qazanmağa başlayıblar. Soyuqdəymə və qrip dərmanlarının isə dəyəri hələlik tənzimlənmədiyi üçün bunu fürsət bilən bəzi iş adamları bu vasitələrin qiymətini qaldıraraq öz ciblərini doldururlar.

    Burada isə bütün məsuliyyət adı qaynar olsa da heç də operativ olmayan 9103 telefon nömrəsinə və onun nəzarətini keçirən Səhiyyə Nazirliyinin üzərinə düşür. Qış fəslinin yaxınlaşdığını, xəstəliklərin çoxalacağını və bunun üçün də dərmanlara tələbatın çoxalacağını nəzərə alsaq qaynar xəttin məsuliyyəti bu fəsildə daha çox artır. Qaynar xətt əməkdaşlarından və nazirlikdən isə öz işinin öhdəsindən gəlmək tələb onunur. Ümid edirik ki, həmin qurum qaynar xətt adını doğrultmaq üçün işinə biraz daha ciddi yanaşar.

    RUBLİKA.AZ


    Facebook-da paylaş