• Azərbaycanın büdcə pullarının “gizli sahibləri” - Masallıda “Dalğa-AA” müəmması..

    Azərbaycanın büdcə pullarının “gizli sahibləri” - Masallıda “Dalğa-AA” müəmması..

    Masallı rayonunda əksər idarə və təşkilat, o cümlədən, yerli təhsil şöbəsi üçün dövlət satınalmalarını bir qayda olaraq "Dalğa-AA” MMC həyata keçirir.

    Bu barədə Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi saytına istinadən məlumat verir.

    ***

    Arayış:

    Qaynar.info bu gündən Azərbaycanda büdcə vəsaitləri hesabına dövlət satınalmalarında iştirak edən, adları ilk baxışda heç kimə heç nə deməyən, mətbuatda geniş hallanmayan və tanınmayan, amma hər il milyonlarla dövlət vəsaitinin yönləndirildiyi şirkətlər barədə araşdırmalara başlayır.

    Bu yazı da məhz həmin qəbildəndir. Digər araşdırmalarımızda çox sayda bu cür şirkətin dövlət satınalmalarında müəmmalı iştirakları barədə konkret faktları oxuya biləcəksiniz.(qaynar.info)

    Məqsədimiz Azərbaycanda azad rəqabət mühitinin formalaşdırılması, biznes mühitində məmur müdaxilələrinin aradan qaldırılması barədə daha ucadan danışılmağa başlanıldığı bu günlərdə xüsusilə dövlət satınalmaları ilə bağlı şübhə və müəmma dolu məqamlara işıq tutmaqdır.

    ***

    Daha bir arayış:

    İlk araşdırmamızın mövzusu olan "Dalğa-AA” MMC ilə bağlı ətraflı bilgi əldə etmək mümkün olmadı. Bunun əsas səbəbi təkcə 2015-ci ildə onlarla satınalmanı həyata keçirən bu şirkətin rəsmi internet hesabının yoxluğudur.

    Yalnız onu öyrənə bildik ki, "Dalğa-AA" 28 oktyabr 2014-cü ildə vergi qeydiyyatından keçib. Nizamnamə kapitalı 10 manatdır, Bakının Nəsimi rayonunda qeydiyyatdadır.

    Yaradıldıqdan çox qısa müddət sonra saysız-hesabsız tender müsabiqəsi qazanması bu şirkətlə bağlı ən maraqlı məqamlardan biri hesab edilə bilər.

    ***

    Burada haşiyəyə çıxıb qeyd edək ki, Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi saytında adıçəkilən şirkətin adı qarşımıza yalnız Masallı rayonundakı dövlət satınalmalarının qalibi kimi çıxmır. Astara, İsmayıllı, Qobustan, Qəbələ, Lənkəran və bir çox digər rayonlarda da bu şirkətin çoxsayda satınalma həyata keçirdiyini görmək olar.

    Məsələn:

    - Təhsil Nazirliyinin Astara rayonu Təhsil Şöbəsi üçün digər maşın və avadanlıqların satın alınması məqsədi ilə - 90.992 manat;
    - Eyni Təhsil Şöbəsi üçün bərk inventarların satın alınması məqsədi ilə - 265.995 manat, yumşaq inventarların satın alınması məqsədi ilə - 32.438 manat;
    - Təhsil Nazirliyinin Balakən rayonu Təhsil Şöbəsi üçün avadanlıqların satın alınması məqsədi ilə - 45.479 manat;
    - Təhsil Nazirliyinin Lerik rayonu Təhsil Şöbəsi üçün bərk inventarların alınması məqsədi ilə - 152.874 manat, digər maşın və avadanlıqların satın alınması məqsədi ilə - 96.053 manat;
    - Mədəniyyət və Turizm Nazirliyi Bakı şəhəri Qobustan rayonu Mədəniyyət və Turizm Şöbəsi üçün bərk inventarların satın alınması məqsədi ilə - 19.293 manat;
    - Təhsil Nazirliyi Qəbələ rayonu Təhsil Şöbəsi üçün bərk inventarların satın alınması məqsədi ilə - 255.311 manat, avadanlıqların satın alınması məqsədi ilə - 64.488 manat, digər maşın və avadanlıqların satın alınması məqsədi ilə - 92.199 manat və s.

    Bununla belə, biz sözügedən şirkətin Masallı rayonundakı satınalmalarının daha qabarıq nəzərə çarpdığını göz önünə alaraq, elə "Dalğa-AA” MMC-nin adıçəkilən rayonda, həm də yalnız 2015-ci il üçün fəaliyyətinə daha ətraflı şəkildə diqqət yetirməyi məqbul saydıq.

    ***

    Beləliklə, əməkdaşımızın Satınalmalar üzrə Dövlət Agentliyinin saytında apardığı araşdırma nəticəsində təkcə bu il adıçəkilən şirkətin Masallıda yerli Təhsil Şöbəsi üçün ümumi məbləği yarım milyon manata çatan satınalmalar həyata keçirdiyi üzə çıxıb.

    Məsələn:

    - Yerli Təhsil Şöbəsi üçün yumşaq inventarların satın alınması məqsədilə – 45.012 manat;
    - Yenə yerli Təhsil Şöbəsi üçün bu dəfə bərk inventarların satın alınmasından ötrü – 259. 962 manat;
    - Təhsil Şöbəsi üçün avadanlıqların satın alınması məqsədi ilə - 104.005 manat;
    - Digər maşın və avadanlıqların satın alınması üçün – 80.570 manat;
    - Məktəbli təbaşirinin satın alınması üçün – 30.491 manat.

    Araşdırmalarımız zamanı o da məlum olub ki, adıçəkilən şirkət, bundan başqa Masallı rayonu İcra Hakimiyyətinin bir sıra kənd icra nümayəndəlikləri üçün satınalmaları da həyata keçirir.

    Məsələn:

    - Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi üçün ərzaq məhsullarının satın alınması məqsədi ilə - 11.399 manat;
    - Mahmudavar kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi üçün ərzaq məhsullarının satın alınması məsədi ilə - 13.637 manat və s.
    - Bundan başqa, Masallı rayonu İcra Hakimiyyəti Masallı şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin abadlıq işləri məqsədilə 157.784 manatlıq satınalması da "Dalğa-AA” MMC-yə verilib.

    ***

    Araşdırmalarımız nəticəsində o da məlum olub ki, "Dalğa-AA” MMC rayonda səhiyyə sahəsində də satınalmaları həyata keçirməkdə "lider” şirkətdir. Belə ki, bu MMC Səhiyyə Nazirliyi Masallı rayon Mərkəzi Xəstəxanasının:

    - Cari təmir işlərinin satın alınması məqsədi ilə 40. 262 manatlıq;
    - Əsaslı təmir işlərinin satın alınması məqsədi ilə 41. 545 manatlıq;
    - İnventarların satın alınması məqsədi ilə 73. 957 manatlıq;
    - Yumşaq inventarların satın alınması məqsədi ilə 34.201 manatlıq;
    - Mətbəə xərclərlərinin satın alınması məqsədi ilə 11.176 manatlıq;
    - Ehtiyat hissələrinin satın alınması məqsədi ilə 6.438 manatlıq tenderlərinin də qalibi olubmuş.
    - Həmçinin Mədəniyyət və Turizm Nazirliyinin Masallı rayonu Mədəniyyət və Turizm İdarəsinin xərcləri üzrə satın alınmasını (7.898 manat) və yumşaq inventarlar üzrə satın alınmasını da (12.804) manat haqqında danışdığımız şirkət həyata keçirib.

    ***

    Ümumiyyətlə isə Azərbaycanın digər rayonları ilə birlikdə "Dalğa-AA” MMC-nin builki tender müsabiqələrindən əldə etdiyi bir neçə milyon manatla ifadə olunur. Əlbəttə, biz bu tender müesabiqələrinin obyektivliyini və şəffaflığını şübhə altına almaq fikrindən tamamilə uzağıq. Bununla belə, bir MMC-nin yaradıldıqdan az qala dərhal sonra dövlət satınalmalarında bu qədər ciddi paya malik olması müəyyən suallara da yol açmamış deyil.

    Yerli təcrübə göstərir ki, qısa vaxtda bu cür sıçrayış hansısa məmur himayədarlığından kənarda müşkül, hətta mümkünsüz məsələdir.

    ***

    Digər tərəfdən, ölkə üzrə bir çox rayonlarda saysız-hesabsız dövlət satınalması həyata keçirən "Dalğa-AA” MMC-nin rəsmin internet saytı yoxdur. Halbuki indiki dövrdə bu, istənilən şirkətin professionalllığının və prestijinin başlıca göstəricisi sayılır.

    Eyni zamanda Azərbaycan təcrübəsi göstərir ki, geniş ictimaiyyətə açıq olmağı sevməyən, bu səbəbdən də rəsmi internet hesabına lüzum görməyən şirkətlər bir qayda olaraq, fəaliyyətlərində də şəffaf deyillər, daha çox hansısa məmur və ya məmurlarının biznes maraqlarının nəticəsi olaraq, ortaya çıxırlar.

    rublika.az


    Facebook-da paylaş