Yağış Bakını sürüşdürdü
Yağış Bakını sürüşdürdü
Son günlər yağan leysan yağışları ilə əlaqədar Bakı və Abşeron rayonlarındakı sürüşmə sahələrində vəziyyət gərginləşib, yeni sürüşmə ocaqları yaranıb.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib. (istiqlal.az)
Onun sözlərinə görə, sürüşmə müşahidə olunan ərazilər Zığ 1, Zığ 2, Əhmədli 1, Əhmədli 2, Masazır, Qaraçuxur, Əhmədli-Günəşli sahələridir: "Bu ərazilərdə aktivlik dinamikası müşahidə olunub. Sürüşmə səthində baş vermiş çatlarda müəyyən qədər genişlənmə qeydə alınıb. Əsasən, 40-50 mm enində olan bu çatlar o qədər də qorxulu deyil. Avtovağzal hissəsində olan çatlarda isə bərkitmə-bərpa işləri aparıldığına görə, dinamika müşahidə olunub. Burada çatlar 60 mm təşkil edir", - deyə baş geoloq bildirdi.
Ələmdar Piriyevdən aldığımız məlumata görə, Bayıl və Badamdar ərazilərində isə aktiv sürüşmə zonaları sabit vəziyyətdədir, orada çatlarda genişlənməyə rast gəlinməyib.
Çatların geniş olduğu və vətəndaşlara qorxu yaradacaq hissələrdən insanlar təxliyə olunur, dövlət evləri tamamilə yararsız vəziyyətə düşənləri evlərlə də təmin edir.
Ekspert, eyni zamanda, rayonlarda da sürüşmə ocaqları yarandığını dedi.
Onun sözlərinə görə, sel sularının təsiri nəticəsində Lənkəran-Astara zonasında vəziyyət gərginləşib: "Ətraf əraziləri su basdığından əməkdaşlar sürüşmə ocaqlarında da tədqiqat işi apara bilməyiblər".
RUBLİKA.AZ
Facebook-da paylaş