• Mikayıl Cabbarovun hədəfə yönələn AFORİZMİ

    Mikayıl Cabbarovun hədəfə yönələn AFORİZMİ

    “Təhsilsiz uşaq itirilmiş uşaqdır, uşağı itirmək isə gələcəyi itirməkdir”.

    Deyəsən, hər dəfə uzun-uzadı yazıb, həm özümü, həm də dəyərli oxucularımı yormuşam. Bu dəfə zəmanəsinin böyük diplomatlarından sayılan Harold Vilsonun “əgər siz istəyirsinizsə sizin təqdimatınızı oxusunlar, onu bir səhifədə yazın” prinsipindən yararlanaraq, qürur mənbəyimizə çevrilən, arxada qoyduğumuz, daha bir “Dövlət Bayraq günü” bayramımızın təəssüratlarından irəli gələn bəzi mülahizələrimi imkan daxilində konkretləşdirməyə çalışacağam. Milli birliyimizi, mənəvi dəyərlərə və ümumbəşəri ideallara sədaqətimizi təcəssüm etdirən bu bayram bir daha bizə qürur hissi keçirməyin nə olduğunu əyani şəkildə nümayiş etdirdi.

    Açığını etiraf edim ki, çoxdan idi qürur hissi keçırmirdim. Bəlkə də, bu elə öz təbiətimdən irəli gələn bir haldır. Son dəfə xeyli əvvəllərə təsadüf edən və elə indinin özündə də tez-tez nümayiş etdirilən “Nu poqodi” multiplikasiya filmində Qəmbər Hüseynlinin “Cücələrim” melodiyasının səsləndirilməsi ilə bağlı epizoda baxarkən hisslərimə sahib ola bilməmisdim. Qürrələnməkdən hətta özümdən asılı olmayaraq gözlərim yaşarmışdı. O qədər təsirlənmışdım ki, həyacanımdan udquna belə bilmirdim. Bütün, nəhayətsiz və qüdrətli bir ölkənin-Sovetlər birliyinin talismanına çevrilən bir populyar serialda Azərbaycan bəstəkarının möhtəşəm melodiyası səslənirdi. Bu Azərbaycan adlı bir məmləkətin böyük və tarixə düşəcək uğuru idi.

    SSRI Maarif naziri Prokofyevin və Sovet təhsilinin digər nəhəng simalarının Moskva şəhərində keçirilən Ümumittifaq müşavirəsi zamanı, iclas zalına daxil olarkən o zamankı Maarif nazirimiz akademik Mehdi Mehdizadəyə necə sayğı göstərdikləri, hamılıqla bir kənara çəkilib, ona necə yol verdikləri isə heç yadımdan çıxmır. Bu müdhiş bir mənzərəni öz gözlərinlə görmədən, yaxından müşahidə etmədən insanın necə qürur hissi keçirməyini təssəvvür etmək mümkün deyildi. Sözün həqiqi mənasında özünün də azərbaycanlı olmağınla fəxr etməyə bilmirdin.

    Təhsilimizin durumu ilə bağlı problemlərə heç bir zaman biganə qalmamışam. Onun uğurlarına sevinmış, uğursuzluqlarının səbəb-nəticə əlaqələrinə imkanım daxilində münasibət bildirmışəm.

    Səmimi etiraf edim ki, fəxarət hissi keçirməyə, bir növ ümidlənməyə əsas verən səbəblərdən biri də Təhsil nazirimiz Mikayıl Cabbarovun YUNESKO-nun Baş Konfransının 38-ci sessiyası çərçivəsində, təhsil nazirlərinin yüksək səviyyəli görüşündə təhsilin nə dərəcədə əhəmiyyət kəsb etdiyini, bəşəriyyətin üzləşdiyi bir çox problemlərin həlli üçün açar olduğunu diqqətə çatdıran “Təhsilsiz uşaq itirilmış uşaqdır, uşağı itirmək isə gələcəyi itirməkdir“ fikrinin YUNESKO-nun “Tvitter” səhifəsində paylaşılmasıdır.

    Düzdür, fəxr etmək, qürur hissı keçirməklə bağlı kifayət qədər səbəb və nəticələrimiz var. İqtisadi göstəricilərimiz, infrastruktur lahiyələrimiz, beynəlxalq yarışlarda idmançılarımızın nailiyyətləri , mədəniyyət və incəsənət sahəsindəki uğurlarımız bunu deməyə hər cür əsas verir. Bununla belə istərdik ki, elm və təhsil sahəsidəki göstəricilərimiz də bu uğurlar və nailiyyətlər sırasında olsun, təhsil ictimaiyyətinə və bütövlükdə cəmiyyətə mesaj sayıla biləcək “Təhsilsiz uşaq itirilmış uşaqdır, uşağı itirmək isə gələcəyi itirməkdir“ ideyası təhsil kursumuzun devizinə çevrilsin.

    Ümid edək ki, Azərbaycanlı nazirin “Tvitter” səhifəsində paylaşıldığı aforizmə bərabər hədəfə yönələn bu fikri “söz xatirinə deyilən söz” olaraq qalmayacaq, beynəlxalq səviyyədə qaldrılan ideyanın reallaşması istiqamətində yeni mərhələnın başlanğıcına müəyyən stimul yaradacaq. Hər halda, Jorj Bernanosun təbirincə desək ən böyük ümid ümidsizlik üzərində qələbədir.

    Xahiş edirəm, üzürlü hesab edəsiniz, deyəsən vədimə əməl etməyərək, səhifənı bir qədər aşmalı oldum.

    Nadir İsrafilov,
    Təhsil eksperti


    Facebook-da paylaş