• Bakıdakı “leş şəbəkəsi”, 2 manata “Prima” kolbasası və bunlara göz yuman dövlət orqanları

    Bakıdakı “leş şəbəkəsi”, 2 manata “Prima” kolbasası və bunlara göz yuman dövlət orqanları

    Bakıdakı “leş şəbəkəsi”, 2 manata “Prima” kolbasası və bunlara göz yuman dövlət orqanları

    Paytaxt küçələrində 2 manata kolbasa satılır. Bu mövzu heç də yeni deyil. Dəfələrlə mətbuatda marketlərdə satılan kolbasaların qiymətinin ucuz olması və məhsulun istehsalında istifadə olunan ətin haradan alınması sual doğuran mövzulardan olub.
    Hindistandan, Braziliyadan və bir çox ölkələrdən Azərbaycana ucuz ət gətirilməsi haqda xəbərlər də var. Hətta bir müddət əvvəl kenquru ətindən hazırlanan kolbasaların da paytaxtdakı mağazalarda alıcılara təklif olunmasının şahidi olmuşuq.

    Bakıda müxtəlif yerlədə 2 manata kolbasa satışı yenə də var. “Prima” adı bu kolbasaların harada istehsal olunması, istehsal tarixi və tərkibi haqda heç bir məlumat yoxdur.
    600 qramadək çəkisi olan bu kolbasalar əsasən bazarlarda, metro çıxışlarında satılır. Səyyar satışı həyata keçirilən bu kolbasalara Bakıdakı mağazaların heç birində rast gələ bilmədik. Marketlər harada və hansı şəraitdə hazırlanması məlum olmayan bu kolbasaların alışından imtina edir.
    “Koroğlu” metrosunun çıxışında 2 manata kolbasa satan şəxsdən bir kolbasa alaraq onunla söhbət etməyə çalışdıq. Əvvəlcə kolbasanın niyə belə ucuz olmasının səbəbini öyrənməyə çalışdıq.

    Satıcı ilə qısa dialoqumuz belə oldu:
    - Nə yaxşı belə ucuz satırsınız? 2 manata kolbasa olar?
    - Bizdə ucuzdur. Həmişə bu qiymətə satırıq.
    - Haradan alırsınız ki, belə ucuz satırsınız?
    - Bu kolbasaları fəhlələrə maaşlarının bir hissəsi olaraq verirlər. Onlar mənə verir, mən də satıram.
    - Harada işləyən fəhlələrə? Kolbasa sexində?
    - Hə. Keşlədə kolbasa sexi var. Orada işləyən fəhlələrə.

    Söhbət zamanı satıcının dediklərinə inanmaq o qədər də asan deyildi, lakin, Keşlədə belə bir kolbasa sexinin olduğunu deməsini bir az araşdırdıq. Həqiqətən də məlum oldu ki, Keşlə qəsəbəsində leş heyvanlardan kolbasa hazırlayan sex var və uzun illərdir ki, fəaliyyətini davam etdirir. Digər rayonlardan Bakıya gətirilən leşlər məhz bu sexə verilir və burada kolbasa istehsalı üçün istifadə olunur.
    Keşlədə kolbasa sexin olması mənə bu yaxınlarda eşitdiyim bir söhbəti xatırlatdı. Belə ki, yaşadığım Sabunçu qəsəbəsində yerləşən Sabunçu bazarında işləyən bir qəssab var. Bu şəxs uzun illərdir ki, bazarda özünün rayonlardan gətirdiyi iribuynuzlu heyvanların kəsimi və satışı ilə məşğuldur. Bir neçə gün əvvəl qəssabın gətirdiyi heyvanlardan biri yük maşının arxasından qaçmaq istəyib. Bu zaman boğazına bağlanan ip həmin dananı boğub. Qəssab hadisədən xəbər tutanda artıq gec olub. Əsas hadisə də elə bundan sonra olub. Qəssab həmin dananın leşini Keşlədəki kolbasa sexinə kiloqramı 2 manat 50 qəpiyə satıb.
    “Keşlədəki sex” söhbəti ilk dəfə deyil ki, ucuz kolbasa satışı ilə bağlı mövzularda işlədilir. Bu cür kolbasalar sexlərlə əməkdaşlıq edən şəxslərin vasitəsi ilə küçələrdə səyyar şəkildə satılır.
    Yuxarıda da qeyd etdiyimiz kimi 2 manatlıq kolbasadan birini də biz aldıq. Kolbasanı kəsdikdən sonra onun həddən artıq yumşaq, palçıq kimi olduğunu gördük. Dəhşətli qoxusu olan bu kolbasaların insan sağlamlığı üçün nə qədər təhlükəli olduğunu anlamaq çətin deyil.

    Bu cür halların qarşısını əlbəttə ki, almalı olan müvafiq qurumlar var. Lakin görünən budur ki, xəstəlik mənbəyi olan bu kolbasaların istehsalına da, satışına da şərait yaradanlar var. (Musavat.com)

    Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da paytaxtda leşlərdən kolbasa hazırlanan sexlərin olduğunu təsdiqlədi. E. Hüseynov Azərbaycanda leş alış-satışı ilə məşğul olan şəbəkələrin rüşvət qarşılığında fəaliyyət göstərdiklərini bildirdi: “Biz artıq 10 ilə yaxındır ki, murdar əti rayonlardan gətirib Bakıda müxtəlif sexlərə verən şəbəkəni ifşa etməyə çalışırıq. 3 il əvvəl də bu cür sexlərdən birinin yerini tapdıq. Lakin dövlət orqanlarının koordinasiyalı işini təşkil edə bilmədik. Bir dəfə gecə saatlarında maska taxıb həmin əraziyə getdim. 3-cü mikrorayon ərazisində yerləşən həmin sexdə gecə saat 2-dən 5-dək işləyirlər. Polisdən bizə bildirdilər ki, onlar yalnız bizim təhlükəsizliyimizi təmin edə bilərlər. Dedilər ki, bizim həmin sexi açmağa, axtarmağa ixtiyarımız yoxdur. O zaman İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə digər orqanların birgə fəaliyyətini təmin edə bilmədik. Lakin KİV-lər bu məsələdə bizə dəstək olurlar”.
    Heyvan leşlərinin Bakıya gətirildiyini deyən E.Hüseynov daha çox hansı bölgələrdən Bakıya leş gətirildiyini də açıqlayıb: “Bərdə, Masallı, Lənkəran və bir çox rayonlardan Bakıya leş gətirilir. 2 il öncə Saatlıdan bir fermer mənə yazılı şəkildə müraciət edərək bildirmişdi ki, fermasında ölən inəyi qamışlığa atıb. Leş yığanlar həmin inəyi götürüb Bakıya aparıblar”.
    Bakıda bəzi restoranlar və şadlıq evlərinin leşlərdən hazırlanan məhsullar aldığını deyən E.Hüseynov bu şəxsləri ifşa etməkdə çətinlik çəkdiklərini deyir: “Təəssüflər olsun ki, biz bunları ifşa edə bilmirik. Çünki dövlət orqanları bizə dəstək vermir. Prezident də bildirir ki, rüşvət varsa, qanunsuzluqlar olacaq. Bu işlərin hamısı rüşvətlə həyata keçirilir. Belə olan halda yalnız tövsiyə edə bilirik ki, üzərində istehsal tarixi, tərkibi, ünvanı yazılmayan kolbasalar almayın”.

    RUBLİKA.AZ


    Facebook-da paylaş