Əsas Səhifə > Səhiyyə > Qorxu ilə COVID-19-a yoluxma arasındakı əlaqə - Qızıl ortanı tutmaq lazımdır

Qorxu ilə COVID-19-a yoluxma arasındakı əlaqə - Qızıl ortanı tutmaq lazımdır


19-04-2021, 16:17
Qorxu ilə COVID-19-a yoluxma arasındakı əlaqə - Qızıl ortanı tutmaq lazımdır

COVID-19 virusuna yoluxanlar arasında maksimum qorunmağa çalışan insanlar da az deyil. Onlar açıq havada – parklarda, insanlardan uzaq olduqları digər yerlərdə də daim maskadan istifadə etdiklərini, əllərini tez-tez yuduqlarını, spirt və digər dezinfeksiyaedici məhlullardan istifadə etdiklərini, insanlarla ünsiyyətdə mümkün qədər sosial məsafəni qoruduqlarına diqqət göstərdiklərini deyirlər.

Lakin bir gün heç gözləmədikləri halda virusa yoluxduqlarının fərqinə varırlar. Belə insanlardan həmsöhbət olduqlarımızın əksəriyyəti bildirdi ki, virusa yoluxmaqdan çox, sonrakı proseslərdən qorxurlarmış – köməksiz qalmaqdan, nəfəs ala bilməməkdən, həkimə gec çatdırılmaqdan, xəstəxanada yer tapılmamasından və s.

Bəs qorxu ilə COVID-19-a yoluxma arasında bir bağlantı ola bilərmi? AYNA mövzuya aydınlıq gətirməyə çalışıb.

Uzman psixiatr Fuad Bəşirovun sözlərinə görə, qorxu hissi xəstəliklərə yoluxmağımıza təsir edə bilər: “Qorxu, stress və immunitet sistemi, eyni zamanda yoluxma ilə immunitet sistemi arasında qarşılıq bir əlaqə var. Dolayısı ilə qorxmaq xəstəliklərə yoluxmamıza təsir edə bilir. Belə ki, xroniki stress bədəndə kortizol hormonunun miqdarını artırmış olur və bu zaman immunitet sistemində zəifləmə müşahidə olunur. Yəni bədənin özü-özünü qoruma qabiliyyətini aşağı salır və beləliklə də xəstəliyə yoluxma imkanı artır”.

“Bəs qorxu hansı səviyyədə olmalıdır ki, nə çox olub immunitetimizi aşağı salsın, nə də qorxusuz olub xəstəliyə etinasız yanaşmayaq?” sualını cavablandıran həkim söyləyib ki, burada əsas olan virusdan qorunma ilə bağlı tədbirlərə riayət etməkdir: “Qızıl orta budur ki, deyilənlərə əməl etmək lazımdır. Maska taxmaq, insanlarla ara məsafəsi saxlamaq, gigiyenaya diqqət etmək - bunlar şərtdir. Təbii ki, bunlara riayət etdikdən sonra yoluxma ehtimalı çox aşağı düşmüş olur. “Yoluxaram, sonra görəsən, necə olar? Nəfəs çatışmazlığı yaşayarammı? Ağırlaşsam, xəstəxanada yer tapılarmı?” kimi sualları, olmayan şeyləri əvvəlcədən düşünmək qorxunun miqdarını artırmış olur. Biz sadəcə deyilənlərə əməl edəcəyik və bu halda onsuz da yoluxmanın ehtimalı azalmış olacaq”.

“Gecə yuxusuna diqqət etmək, zərərli vərdişlərdən uzaq durmaq, idmanla məşğul olmaq bizi qorxu xəstəliyindən də, təşviş-pozuntusundan də qorumuş, qurtarmış olar. Buna görə də xüsusi ilə gecə yuxusuna diqqət etmək vacibdir”, - deyə mütəxəssis tövsiyə edib.

Neyro Linqvistik Proqramlaşdırma (NLP) üzrə mütəxəssis Mirşahin Əlizadə isə qeyd edib ki, əslində qorxulmalı olan ən böyük şey elə qorxunun özüdür: “Doğrudur, qorxu və stress immun sistemini zəiflədir. Ona görə yaxşı olar ki, insanlar stresdən uzaq dursunlar. Qorxulmalı olan ən böyük şey elə qorxunun özüdür. Xəstəlik qədər xəstəlik barədə düşüncələr də insanı xəstə edir”.

“Bəs qorxulu düşüncələrdən necə azad ola bilərik?” sualını cavablandıran həmsöhbətimiz bildirib ki, burada diqqət edilməli məqam virusla bağlı aparılan maarifləndirmə tədbirləridir: Maarifləndirmə tədbirləri zamanı diqqətli olmaq lazımdır. Məsələn, insanlara “qorxmayın” desəniz, onlar daha da qorxacaqlar. Çünki insan beyni “ma, mə” şəkilçisini qəbul etmir. Uşağa deyirik ki, “itdən qorxma”. Bu zaman o, daha da itdən qorxacaq. Fikirləşəcək ki, deməli it qorxulu bir şeydir ki, mənə ondan qorxma deyirlər. Ona görə də maarifləndirmə tədbirləri zamanı insanları nə çox boş buraxmalı, nə də tamamilə azadlıqlarını məhdudlaşdırmalıyıq. Yaxşı olar ki, koronavirusdan qorunma tədbirlərini – şəxsi gigiyena və qorunma üsullarını insanlara sərt şəkildə, qorxulu bir şey kimi deyil, zəruri bir hal kimi təqdim edək”.

“İnsan tədbirdən imtina etməz, görülən tədbirin ona yaratdığı çətinlikdən boyun qaçırar. Xülasə, elə eləmək lazımdır ki, nə şiş yansın, nə də kabab”, – deyə mütəxəssis fikrini yekunlaşdırıb.

Bununla yanaşı qeyd edək ki, COVID-19 pandemiyası yayılandan bəri mütəxəssislərin yekdilliklə söylədikləri fikir budur ki, əsas olan qoruyucu tədbirlərə əməl etmək və psixoloji sakitliyi qorumağa nail olmaqdır. Bunun üçün mütəxəssislər söyləyir ki, uzaq məsafədən də olsa, ailə üzvləriniz, sevdikləriniz, yaxınlarınızla ünsiyyətdə olun. Yanlış və həddindən artıq informasiya yükündən özünüzü qoruyun. Sizə yaxşı təsir edən məşğuliyyətlərinizə zaman ayırın. Fiziki aktivliyinizi və yuxu rejiminizi mühafizə etməyə çalışın ki, immunitetiniz öz gücünü qoruya bilsin.

Rubrika.az
Geri qayıt