• “Bəzi media orqanları hərbi sirr anlayışını hələ də ciddi qəbul etmir”

    “Bəzi media orqanları hərbi sirr anlayışını hələ də ciddi qəbul etmir”

    Üzeyir Cəfərov: “Onlar düşməni maraqlanıracaq bir çox məsələni açıq şəkildə yazırlar”

    “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov facebook səhifəsində maraqlı status paylaşıb. Həmin statusu oxucuların diqqətinə çatdırır:
    “Dəyərli dostlar, hörmətli həmkarlar!!
    Bir vacib məsələ haqqında yenə sizlərin fikirlərini bilmək istərdim. Bu məsələ dövlət və hərbi sirlərin davamlı şəkildə mətbutda açıqlanması və bu fakta müvafiq dövlət və hökumət qurumlarının sadəcə hardasa xəbərdaredici münasibəti, tövsiyyə xarakterli ümumi sözlərdən ibarət məsləhətləridir. Mətbuat Şurası adlı qurumun işi isə demək olar ki, bu məsələdə inanın ki, sıfıra bərabərdir. Ötən günlərdə Prezidentin ictimai-siyası məsələlər üzrə köməkçisi Əli Həsənovdan tutmuş, Mətbuat Şurasının sədri Əflatun Amaşovun, həmçinin dünən Beynəlxalq Mətbuat Mərkəzində ölkədə baş verən son hadisələrlə bağlı “Media və məsuliyyət: mövcud durum və perspektiv vəzifələrə baxış” mövzusunda “dəyirmi masa”da edilən çoxsaylı çıxışlardan sonra eyni səhvlər, eyni biabırçılıqlar təkrarlanır. Mən də o fikrə qatılıram ki, dövlət qurumlarının mətbuat xidmətləri KİV-ləri vaxtlı-vaxtında məlumatla təmin etməlidirlər. Ötən ilin avqust ayında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin yarıtmaz fəaliyyəti və xidməti nəticəsində nə qədər dezinformasiyaların, çaşdırıcı xəbər və şayələrin cəmiyyətdə hansı narahatçılıqları yaratmasını yəqin ki, unutmamışıq. Sonra da bəzi sayt və media orqanlarının rəhbərləri Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən müşavirədə cəbhə bölgəsində baş verən hadisələri işıqlandırarkən yol verilən çoxsaylı dövlət və hərbi sirrlərin asanlıqla düşmənin əlinə keçməsi məsələlərinin müzakirəsi zamanı özlərini göstərmək üçün sanki bir yarışa çıxmışdılar. Şəxsən mənim qənaətim bundan ibarətdir ki, demək olar ki, baş verənlərdən heç də ciddi nəticə çıxarılmayıb. Bunun da əsas günahkarı bizim Müdafiə Nazirliyimizin hələdə də sankı hadisələrin arxasınca sürünən Mətbuat Xidmətidir. Bir konkret misal çəkməklə nə demək istədiyimi net olaraq müvafiq qurumların diqqətinə bir daha çatdırmaq istərdim.
    Dünən Müdafiə Nazirliyində müəyyən kadr yerdəyişmələri həyata keçirilib. Özü də bu yerdəyişmələr sırf cəbhə bölgəsi və onların komandanlığı ilə əlaqədar olduğuna görə, çox önəmli məsələdir. Baxıram, yenə də mətbuat adını daşıyan, amma hərbi sirr anlayışını hələ də ciddi qəbul etməyən bəzi sayt və media orqanlarının rəhbərləri kobud şəkildə sanki düşmənin maraqlarına yarıya biləcək məlumatları açıq şəkildə yazıblar. Özü də kobud və heç də həqiqəti əks etdirməyən "faktlarla". Məsələn, general Xəqani Cəbrayılovun guya Bakı hərbi birləşməsindən Şəmkir hərbi birləşməsinə təyinatı ilə bağlı məlumat da həqiqəti əks etdirmir. Çünki adı açıqlanan general heç vaxt Bakı Hərbi Birləşməsinin komandiri olmayıb. Yaxud, Beyləqan Hərbi Birləşməsinə təyin edilmiş Mayis Məmmədov adlı şəxs isə ümumiyyətlə Silahlı Qüvvələrimizdə xidmət etmir. Bir sözlə, demək olar ki, məkrli düşmənlə təmas xəttində Azərbaycan adlı dövlətin müdafiəsinə cavabdehlik daşıyan hərbi birləşmələrin ya özlərinin, ya da komandirlərinin adını və soyadını rahat şəkildə açıqlamağın mənası və məntiqi mənə çatmır. Özü də, bunu elə şəkildə ediblər ki, daha İrəvanda və ya onları Moskvada himayə edən kəşfiyyat orqanlarının müvafiq struktur və qurumlarına əziyyət çəkməli heç bir iş qalmır. Milli Təhlükəsizlik Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Naziliyi ilə bağlı açıq mətbuatda ölkənin bəzi aparıcı KİV-ləri də daxil olmaqla o qədər kobud dövlət və hərbi sirr kateqoriyasına aid olan məlumatlar yayılıb ki, bu vəziyyəti düzəltmək üçün bizə illərlə vaxt lazım olacaq. . (Moderator.az)
    Ən sonda onu qeyd etməyi vacib sayıram ki, nə qədər ki, Müdafiə Nazirliyində, o cümlədən dövlət və hökumət qurumlarında oturan bəzi vəzifəli şəxslər dövləti maraqları öz şəxsi maraqları ilə səhv salacaqlar, biz belə hallardan sığortalanmayacağıq. Çünki general və ya polkovnik paqonu daşıyan şəxslər bütövlükdə Azərbaycan dövlətinin müdafiəsinə və təhlükəsizliyinə birbaşa cavabdehlik daşıyan şəxslərdir”.

    RUBLİKA.AZ


    Facebook-da paylaş