• MTN Vasif Talıbovun Generallarını necə ələ keçirdi? - Kərəm Mustafayev hesab verir!

    MTN Vasif Talıbovun Generallarını necə ələ keçirdi? - Kərəm Mustafayev hesab verir!

    Vəli Ələsgərov Eldar Mahmudovun Naxçıvandakı dayaqlarından sadəcə biri olub!

    Naxçıvan Muxtar Respublikasında yüksək rütbəli məmurların, generalların ən yaxın adamlarından ibarət mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyatın yeni təfərrüatları məlum olub.

    Redaksiyamıza daxil olan məlumata görə, Naxçıvan Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində saxlanılanlar – sabiq milli təhlükəsizlik naziri, general-leytenant Vəli Ələsgərovun qardaşı Əli Ələsgərov, MR Gömrük Komitəsinin sədri Asəf Məmmədovun qardaşı Yusif Babayev və Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun keçmiş ərzaq xidməti rəisi Fəxrəddin Quliyevin Milli Ordunun təminatı adı altında dövlətə vurduqları ziyanın miqyası müəyyənləşdirilib – söhbət on milyonlarla manatdan gedir.

    GENERALLARIN UN MAXİNASİYASI

    Xatırladaq ki, MR-in MTN naziri, Gömrük Komitəsinin sədri və hərbi komandanının yaxınlarından, etibarlı adamlarından ibarət bu dəstə uzun illərdir “hərbi üçün aparılır” adı altında Bakıdan və həmçinin xaricdən MR-ə mal və məhsul daşıyıb, bu zaman dövlətin hərbi üçün nəzərdə tutduğu imtiyazlardan şəxsi məqsədləri üçün istifadə etməklə, gömrük rüsumlarından və vergidən yayınaraq, dövlətə on milyonlarla manat ziyan vurublar.(azpolitika)Məlum olub ki, bu dəstə illərdir Bakıdan hərbinin adı ilə un, toyuq əti, digər ərzaq məhsullarını Naxçıvana daşıyıb, orda altadma və fırıldaq yolu ilə daxili bazarda satışa çıxarıb, həmçinin şişirdilmiş qiymətlərlə orduya sırıyıb. Bu məqsədlə dəstə üzvləri MR-də dəyirman, çörəkbişirmə zavodu, quşçuluq fabriki kimi “istehsal müəssisələri” də yaradıb, Bakıdan daşınan məhsulları onların istehsalı kimi qələmə veriblər. Məlumata görə, dəstənin təkcə un maxinasiyasından qazancı milyonlarla ölçülür. Məsələ ondadır ki, uzun illərdir Bakıda unun 1 kisəsi 16-17 manat olduğu halda, Naxçıvanda 30 manata satılıb və indi də satılır. Şübhəsiz ki, belə kəskin qiymət fərqinin səbəbi monopoliya olub. “Xüsusi adamlardan” başqa heç kim Naxçıvana un daşıya bilməyib.

    Belə görünür ki, Naxçıvanda unun qiymətinin süni şəkildə belə yüksək saxlanmasından ən çox yararlanan isə yuxarıda adlarını çəkdiyimiz generalların yaxınları olub. Onlar Bakıdan 16 manata aldıqları unu hərbinin adı ilə Naxçıvana daşıyıb, orda müəyyən fırıldaq mexanizmlərdən istifadə etdikdən sonra öz müəssisələrinin adından satışa çıxarıblar. Eyni zamanda şişirdilmiş qiymətlərlə un və çörəyi, digər ərzaq məhsullarını orduya da sırıyıblar.

    “QARA QUTUSU” GENERALI NECƏ ƏLƏ VERDİ?

    Bütün bu cinayətlərin üstü Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayevin qardaşı və “qara qutusu” Nemət Mustafayevin DİN-də ifadə verməsilə açılıb

    Nemət Mustafayev 25 ilə yaxındır – qardaşı Naxçıvan korpusunun komandiri olandan ordu üçün təmir-tikinti, quraşdırma işlərinin başında durur. Bu yaxınlarda o, MR DİN-i tərəfindən cinayət şübhəsilə saxlanılıb və bu zaman Naxçıvan Ordusunun qida təminatı, tikintilərdəki korrupsiya mexanizmləri barəsində etirafedici ifadələr verib. N.Mustafayevin ifadələri iri həcmli mənimsəmələri, cinayətləri üzə çıxardığından, onlar sənədləşdirilərək MR rəhbərinin qarşısına qoyulub. V.Talıbov DİN-ə və Hərbi Prokurorluğa araşdırmaları dərinləşdirmək barədə təlimat verib. İlkin araşdırmalar, gözlənildiyi kimi, izi Əlahiddə Ordunun komandanının – general-leytenant Kərəm Mustafayevin üzərinə aparıb. O, qeyri-rəsmi şəkildə vəzifəsinin icrasından uzaqlaşdırılıb. Başlanmış cinayət işi çərçivəsində Hərbi prokurorluq Əlahiddə Ordunun maliyyə xidməti rəisi Elşad Rzayevi həbs edib, komandanın maddi-texniki təminat üzrə müavini, general-mayor Teymur Əyyubovu isə səlahiyyətlərindən məhrum edərək, fəaliyyətini araşdırmağa başlayıb.

    DİN isə, yuxarıda da qeyd etdiyimiz kimi, K.Mustafayevin ən yaxın adamı və biznes ortağı Fəxrəddin Quliyevlə yanaşı keçmiş MTN başçısı Vəli Ələsgərovun və Gömrük Xidmətinin rəisi Asəf Məmmədovun qardaşlarını saxlayıb.

    GENERALLAR HESAB VERİR!

    Saxlanılanlardan Asəf Məmmədovun qardaşı Yusif Babayev artıq azadlığa buraxılıb

    Gömrük Komitəsinin sədri “Naxçıvanın abadlaşdırılması fondu”na yarım milyon ödəniş edərək, qardaşının “günahlarını yuyub”. Digərlərinin canlarını xilas etmək cəhdləri davam edir. Məlumata görə, keçmiş MTN başçısının qardaşına məxsus bütün obyektlər – “Əylis” quşçuluq fabriki, dəyirman, çörək zavodu, Culfa və Babək rayonları ərazisində yerləşən gəc zavodları, restoran və mağazaları əlindən alınıb, cinayət yolu ilə əldə olunmuş digər əmlaklarının yeri müəyyənləşdirilir.

    “Üçlüyün” əsas fiqurantı – “hərb qolu”nu təmsil edən Fəxrəddin Quliyevlə bağlı məsələ isə bir qədər “qəlizdir”. Çünki onun var dövlətinin sərhədləri nəinki Naxçıvanı, hətta Azərbaycanı da aşaraq, Ukraynayadək yayılıb. Bu səbəbdən istintaqçıların işi bir qədər çətinə düşüb.

    Xatırlatmaq yerinə düşər ki, F.Quliyev Kəngərli rayonunun Şahtaxtı kəndindəndir. Keçmiş MTN naziri Eldar Mahmudovun kəndçisi və deyilənə görə, həm də yaxın dostu olub. Bu məqam Naxçıvanda bir neçə general ətrafında başlayan müəmmalı prosesi çözmək baxımından çox önəmlidir. Eldar Mahmudov faktoru F.Quliyevi çox qısa zamanda mühüm personya çevirib və onu Kərəm Mustafayevin səviyyəsinə qaldıraraq, onunla partnyora, biznes ortağına çevirib. Əvvəllər onların biznesinin əsasını, E.Mahmudovun da fəal dəstəyi ilə Ordunun ərzaq təminatındakı maxinasiyalar təşkil edib. Lakin tədricən ortaq biznesin profilini genişləndirə, Bakıda və xaricdə də layihələr həyata keçirə biliblər. Yaxından tanıyanların bildirdiyinə görə, F.Quliyevin təkcə Bakıdakı əmlaklarının dəyəri on milyonlarla qiymətləndirilir. K.Mustafayev-F.Quliyev tandeminin əsas biznesləri isə Ukraynada yerləşir.

    Əlbəttə, Naxçıvanda generallara qarşı əməliyyatın əsasını mənimsəmə cinayətlərinin təşkil etdiyini iddia etmək sadəlövhlük olardı. Azərbaycan reallıqları bu cür hallarda daha ciddi əsasların olduğundan xəbər verir. Məsələ təxminən məlumdur. Naxçıvanın keçmiş MTN naziri Vəli Ələsgərov Eldar Mahmudovla gizli əlaqələrinə görə “vurulub”. Bu şübhə doğurmur.
    MTN Vasif Talıbovun Generallarını necə ələ keçirdi?

    ELDAR MAHMUDOVUN NAXÇIVANA “BÖYÜK DİQQƏTİ”

    Əldə olunan məlumatlar göstərir ki, Eldar Mahmudov Naxçıvana çox böyük diqqət ayırıb və Vasif Talıbovun yaxın ətrafı ilə çox fəal işləyib. Müxtəlif vasitələrlə MR rəhbərinin ətrafında olan əsas fiqurları əməkdaşlığa cəlb etməyə çalışıb və böyük ölçüdə bu məqsədinə nail olub. Əksər mənbələrin təsdiq etdiyinə görə, V.Ələsgərov MR rəhbərinin özünü, ailə üzvlərini və yaxın ətrafını dinləyərək, mütəmadi olaraq Bakıya dosyelər ötürüb. Bütün bunlar Eldar Mahmudovun vurulmasından və MTN-də başlayan əməliyyatdan sonra üzə çıxıb. Lakin belə görünür ki, Vəli Ələsgərov Eldar Mahmudovun Naxçıvandakı dayaqlarından sadəcə biri olub.

    Bakıda, imkan düşdükcə E.Mahmudovu ziyarət edən başqa generallar da olub. Şübhə etməmək olar ki, Kərəm Mustafayevin ətrafında baş verənlərin də bununla bağlılığı var. Məntiq də deyir ki, K.Mustafayevin yaxın ətrafının korrupsiya əməlləri E.Mahmudovun diqqətini çəkməyə bilməzdi.

    K.MUSTAFAYEVİ KİM ƏVƏZ EDƏCƏK?

    Yeri gəlmişkən, Vəli Ələsgərovla Mustafayevlərin yaxın münasibətlərinin tarixçəsi uzaqlara gedib çıxır. Məlumata görə, hazırda Balakəndə polis rəisinin müavini olan Rasim Mustafayevlə (K.Mustafayevin kiçik qardaşı) Vəli Ələsgərov vaxtilə Xarkov şəhərində bir qrupda təhsil alıblar. Ələsgərovlarla Mustafayevlərin Xarkovdan başlayan dostluğu son günlərədək davam edib. Hazırda da davam edirmi, bunu demək çətindir. Lakin artıq əminliklə iddia etmək olar ki, Vəli Ələsgərovun “vurulması”, Kərəm Mustafayevin isə “vurulması” prosesinin başlamasında Eldar Mahmudov faktorunun həlledici payı var. Yaxın günlərdə K.Mustafayevin vəzifəsindən azad olunması barədə sərəncam olsa, bu qətiyyən gözlənilməz olmayacaq. Təsadüfi deyil ki, 25 ilə yaxındır Naxçıvan hərbisinin başında olan K.Mustafayevi kimlərin əvəz edə biləcəyi barədə də məlumatlar almaqdayıq. Namizədlərdən birinin kimliyi isə şok yaradır.

    Bu barədə və daha artığı haqda bir sonrakı yazıda.

    rublika.az


    Facebook-da paylaş