• Bakıda böyük ucuzluq kampaniyası

    Bakıda böyük ucuzluq kampaniyası

    İlkin hesablamalar Azərbaycanın ticarət şirkətlərinin anbarlarında qiyməti təxminən 2 milyard dollara bərabər olan mal ehtiyatının yığıldığını ortaya çıxarır.

    Bu məbləğ ötən ilin əvvəli ilə müqayisədə 10 faiz artıq olsa da, şirkətlər malları satmağa tələsmirlər. Nəticədə, son illərdə Azərbaycanda istehlak cəmiyyətinin formalaşması üzrə təbii yolla gedən inkişaf prosesi xeyli yavaşıyıb və kollapsa doğru meyllənməyə başlayıb.

    Dövlət Statistika Komitəsinin məlumatlarından görünür ki, son 5-6 ildə Azərbaycanın ticarət şirkətləri növbəti ilin planları barədə çox nikbin olublar - hər ilin sonuna gələn il satışları üçün planlaşdırılan mal varlığı ildən-ilə artırılıb. Məsələn, 2011-ci ilin sonunda ticarət müəssisələrinin anbarlarında toplam 1,03 milyard dollarlıq (809 milyon manatlıq) ehtiyat olurdusa, bu göstərici 2014-cü ilin sonunda 1,79 milyard dollara (1,39 milyard manata) çatıb.

    Əməkdaşımızın şirkətlərdə olan mənbələrdən əldə etdiyi məlumatlara görə, bəzi şirkətlər malların kreditə satışının əvvəlki formasından imtina ediblər.

    “Əvvəllər biz malı paylayıb və pulunu bir həftə sonra yığırdıq. İndi isə gündəlik hesablaşmaya keçmişik. Malı səhər yığırıq, axşam pulunu tələb edirik. Bu isə əksər pərakəndə ticarət nöqtələri, xüsusilə də məhəllə dükanları üçün əlverişsizdir. Camaat da pula qənaət etməyə başlayıb, az xərcləyir. Ona görə də satışlarımız çox azalıb”,- deyə tanınmış şirniyyat şirkətlərindən birinin təmsilçisi vurğulayır.(ans)

    Bəzi şirkətlər isə satışları tam dayandırıb və bayram qabağı vəziyyətin dəyişəcəyinə ümid edirlər. Bu şirkətlərə manatın məzənnəsinin dəyişməsi ilə bağlı qiymətlərə yalnız 30 faiz düzəliş etməyə icazə verilib. Onlar isə daha çox düzəlişə ümid edirlər və buna görə də gözləyirlər. Belə şirkətlər əsasən xarab olmayan idxal malları - məişət texnikası, mebel, avtomobil, bahalı geyimlər, bahalı içkilər və s.-in satışı üzrə ixtisaslaşıblar. Yaranmış durumda onlar, demək olar ki, idxalı dayandırıblar.

    Marketinq üzrə mütəxəssis Sabit Məmmədov ANS PRESS-ə müsahibəsində yaranmış durumun bu şirkətləri müflis edəcəyini vurğulayır:

    “Şirkətlər əllərində olan malları reallaşdırmalıdırlar və yeni dövrə uyğun biznes planı ortaya qoymalıdırlar. Onların anbarlarında olan malları saxlamağın özü ayrıca xərc tələb edir. Həm də mal qaldıqca onun keyfiyyət, dəb və tələb göstəriciləri dəyişir. Düşünürəm ki, bu cür səriştəsizlik göstərən bir çox şirkətlər yaxın bir neçə ay ərzində müflis duruma düşüb tamamilə bağlanacaqlar”.

    Sabit Məmmədov bu cür şirkətlərin reklam siyasətində də yanlışlara yol verdiyini vurğulayır:

    “Reklam şirkəti tanıtmaq və satışlara dəstək üçün verilir. Artıq insanlar reklam olunmayan malları almırlar. Əgər şirkətlər reklama ayırdıqları pulları dayandırarlarsa, onlar brend kimi yoxa çıxacaqlar”.

    Marketinq üzrə mütəxəssis bu şirkətlərin tezliklə yerli istehsala keçməsinin vacibliyini vurğulayır: “İndi gömrükdə heç bir maneə yoxdur. Yəni istənilən malı və texnoloji avadanlığı gətirmək çox rahatdır. Amma kiçik şirkətlərin yerli istehsal qurmağa imkanı çatmır. Bunu bazara nəzarət edən böyük şirkətlər etməlidir. Bu şirkətlərin anbarlarda yığılmış malları tezliklə reallaşmalı və onlar yerli istehsala əsaslanan ticarət siyasətinə başlamalıdırlar. Bu sahədə görüləcək çox işlər var. İndiyə kimi şirkətlər Azərbaycanda yalnız qablaşdırma ilə məşğul idilər.”

    Bu məsələdə hökumətin də görəcəyi çox iş var və Türkiyənin sənayeləşmə illərində qazandığı təcrübədən yararlanmalıdır. Həmin illərdə anbarlarda malları gizlətmək böyük cinayət sayılırdı və hökumət təmsilçiləri bunun qarşısını almaq üçün mütəmadi yoxlamalar keçirirdi. Türkiyədə hələ də hökumət qiymətlərə yuxarı hədd qoyur və bu, ticarət şəbəkələrini yerli mal satmağa məcbur edir.

    Azərbaycan hökuməti də bu istiqamətdə addımlar atmalı və hər bir ticarət şirkəti ilə fərdi qaydada işləməlidir ki, anbarlarda yığılmış mallar satılaraq canlı kapitala çevrilsin. Bunun üçün son bir neçə gündə yaranmış bank maneələri - kredit kartlarının bağlanması, şirkətlərin yalnız nağd pulla işləməyə üstünlük verməsi kimi problemlər də aradan qaldırılmalıdır.

    Buna paralel olaraq ticarət şirkətlərinin yerli istehsalın əsas sifarişçisinə və maliyyəçisinə çevrilməsi üzrə təcili plan hazırlanmalıdır. İlk addım kimi texnoloji avadanlıq və yığma detallarının gətirilməsi üçün güzəştlər tətbiq edilə bilər ki, bu da hazır məhsulun qiymətini aşağı salmaqla yanaşı, xeyli iş yerinin açılmasına da dəstək verə bilər.

    rublika.az


    Facebook-da paylaş