• Problemli kreditlərin həcmi gizlədilir

     Problemli kreditlərin həcmi gizlədilir

    “Moody’s”un hesabatı rəsmi hesabatdan üç dəfə fərqlidir, ekspertlər səbəbləri izah edirlər...

    Ölkədə problemli kreditlərin həcmi təhlükəli həddədir. Ekspertlər və beynəlxalq agentliklər bu həddin rəsmi rəqəmlərdəkindən xeyli fərqli olduğunu vurğulayırlar. Son olaraq “Moody’s” beynəlxalq reytinq agentliyi hesabatında Azərbaycanın bank sektorunda problemli kreditlərin xüsusi çəkisini 20 faiz səviyyəsində qiymətləndirib.

    Qeyd edək ki, ötən il baş verən iki devalvasiyadan sonra problemli kreditlərin həcminin artdığı bildirilir. Bank sistemi ciddi təhlükə qarşısındadır. Ekspertlərin fikrincə, problemli kreditlərin yaranmasında bankların kredit siyasəti günahkardır. Yəni banklar xaricdən aşağı faizlə ucuz kreditlər götürürərək, manata çevirir və əhaliyə çox yüksək faizlə verirdi. Bu da onların qaytarılmasında problem yaradıb. Daha sonra baş verən iqtisadi hadisələr bank sektorundakı neqativ halların fəsadlarını ortaya çıxarıb. Onun sözlərinə görə, artıq proses idarəolunmaz hal alıb və bu, bank sektorunun çökməsi ilə nəticələnə bilər. Ekspertlərin sözlərinə görə, problemli kreditlər həll edilməsə, bu, ilk növbədə bank sistemini çökdürəcək, iqtisadiyyatı zəiflədəcək. Proseslərə hökumətin müdaxiləsi olmazsa, bankların böyük əksəriyyəti bağlana bilər.(musavat)Məlumatlara görə, problemli kreditlərə görə birinci yerdə Beynəlxalq Bank gəlir. Ekspert Əkrəm Həsənovun sözlərinə görə, problemli kreditlərin həcmi bir neçə səbəbdən artır: “Əvvəla, ona görə ki, əhalinin gəlirləri azalır, sahibkarlar müflis olur. Yəni ümumi iqtisadi durum pisləşdikcə əhali biznes kreditlərini qaytara bilmir. Digər tərəfdən, devalvasiya da həlledici rol oynayır. Onun nəticəsində kredit qalıqları artıb və borclular, sadəcə, ödəniş qabiliyyətini itirib. Banklar bunun təsirini azalda bilərdi, əgər güzəştə getsəydilər. Amma getmədilər və nəticədə vəziyyətlərini ağırlaşdırdılar. Təbii, vacib amillərdən biri də bankların özlərində korrupsiya, qeyri-peşəkarlığın hökm sürməsidir. Normal idarəetmə yoxdur. Kimə gəldi, necə gəldi kredit veriblər. Problemli kreditlərin həcmi artdıqca banklara etibar da azalır. Axı banklar öz pullarını deyil, əmanətçilərin pulunu kredit verir və nəticədə batırır. Buna görə də əmanətçilər əmanətlərini geri çəkir”.

    Qeyd edək ki, Mərkəzi Bankın fevral ayının yekununa əsasən açıqladığı statistikaya görə, ölkədə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 6,5 faiz təşkil edib. Göründüyü kimi, rəsmi rəqəm “Mood’s”un açıqladığı rəqəmdən təxminən 3 dəfə azdır. Yerli ekspertlər də vurğulayırlar ki, ölkədə problemli kreditlərlə bağlı vəziyyət kritik həddədir. Ekspertlər ödənilə bilməyən kreditlərin məbləğinin daha da artacağını proqnozlaşdırırlar. Həmçinin bildirilir ki, Mərkəzi Bank cəmiyyətdəki xofu aradan qaldırmaq üçün ödənilməyən, vaxtı keçmiş kreditlərin məbləğini azaldır.

    Ekspert Rəşad Həsənov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, problemli kreditlərin həcmi sürətlə artacaq: “Əslində problemli kreditlərin həcmi heç də statistik rəqəmlərdə ifadə olunduğu kimi deyil. Bir çox hallarda banklar tərəfindən, rəsmi qurumlar tərəfindən bu məlumatlar nisbətən yumşaq şəkildə ictimailəşdirilir. Çünki bizim apardığımız müşahidələr, banklarla müzakirələr zamanı məlum olur ki, banklarda problemli kreditlərin həcmi 30 faiz həddindədir. Statistik rəqəmlərin aşağı göstərilməsində məqsəd bankların beynəlxalq kredit reytinqlərində mənfi çəkisinin azaldılmasının qarşısını almaqdır. Eyni zamanda panikanı, ictimaiyyətin hansısa formada kredit ödənişindən imtinasının qarşısını almaq məqsədi güdür. Yəni əslində real vəziyyət daha ağırdır. Proses bundan sonra daha da dərinləşəcək. Baxmayaraq ki, son günlər banklar hansısa formada müştərilərə yeni əməkdaşlıq formaları, yeni şərtlərlə kredit, müəyyən yumşaq kredit siyasəti həyata keçirmək istiqamətində addımlar atırlar. Əvvəlki dövrlərdən də bu məsələ ilə bağlı fikirlərimizi ifadə etmişik ki, yaranmış böhranın nəticələrinin aradan qaldırılması üçün bu sahədə yükü bankların üzərinə bütövlükdə yönəltmək doğru deyil. Bu, bankların imkanları xaricindədir. Son devalvasiyadan sonra ölkədə vətəndaşların təxminən xarici valyuta məzənnəsindən zərəri 4 milyon manata yaxın olub”.

    Ekspertin fikrincə, bu yükü, sadəcə, bankların üzərinə yükləmək doğru deyil: “Banklar bu yükün altından çıxa bilməzlər. Bu yükün vətəndaşın üzərində qalması da doğru yanaşma deyil. Baxmayaraq ki, manatın alıcılıq qabiliyyəti kəskin şəkildə itib, vətəndaşların manatla gəlirləri belə kifayət qədər azalıb. İnsanlar iş yerlərini itirirlər. İxtisarlar gün-gündən artır. Biznesin gəlirliliyi aşağı düşüb, faktiki olaraq bir çox sahələrdə ziyanla fəaliyyət göstərir. Həmçinin sahibkarın, yaxud vətəndaşın üzərinə bu yükü yükləmək də doğru deyil. Hökumət düşünürəm hansısa formada əlini daşın altına qoymazsa və vətəndaşlara yönəlik güzəşt, kompensasiya tədbirləri həyata keçirməsə, qısa müddət sonra kütləvi şəkildə ödənişlərdən imtina prosesi başlayacaq. Bu isə bank sektoru üçün heç də normal inkişaf vəd etmir. Bir məsələ isə ondan ibarətdir ki, bu problemin psixoloji tərəfləri də var. Əgər bir neçə vətəndaş müəyyən çətinliklərə baxmayaraq, bu borcu ödəmək iqtidarındadırsa, artıq psixoloji cəhətdən ”mən nə üçün ödəyim?",- deyib ödənişini dayandırır. Bir neçə ay ödəyə bilməyən vətəndaşın borc məbləği şişir, artır. Tədbirlər görülməsə, məhz kredit ödənişi ilə bağlı bank sektorunu çox ciddi problemlər gözləyir".

    rublika.az


    Facebook-da paylaş