• Ermənistandan dünyanı lərzəyə gətirəcək 4 TƏHLÜKƏ

    Ermənistandan dünyanı lərzəyə gətirəcək 4 TƏHLÜKƏ

    Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının (AES) mövcudluğu Azərbaycan və bütün dünya üçün 4 əsas təhlükə mənbəyinə çevrilib.

    Əvvəla, ermənilər Metsamor AES adından istifadə edərək ölkəyə nüvə maddələrinin gətirilməsini leqallaşdırıb, daha sonra onu terror təşkilatlarına satırlar. İkincisi, özlərinin dediyi kimi, həmin maddələrdən "çirkli bomba" hazırlayıblar və bununla Azərbaycanı təhdid edirlər. Üçüncüsü, stansiyanın nüvə tullantılarını ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında basdırırlar. Dördüncüsü, Mesamor AES-in özü müasir təhlükəsizlik standartlarına cavab vermədiyindən bütün region üçün böyük təhlükə mənbəyi hesab edilir.

    Bunu Milli.az-a təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, "Baku Network" ekspert qrupunun rəhbəri, politoloq Elxan Ələsgərov bildirib.

    Politoloqun sözlərinə görə, Ermənistanda son zamanlar onlarda guya nüvə silahının və ya "çirkli bomba"nın olması ilə bağlı çox təhlükəli bəyanatlar səsləndirilir:

    "Bu, Türkiyə ilə sərhəddə Sovet vaxtından qalmış nüvə tullantılarından yaradılmış və Ermənistandakı mövcud R-17 raketlərinin başlığına əlavə edilmiş hansısa silah ola bilər. Bu, çox təhlükəli məqamdır və göstərir ki, Ermənistan beynəlxalq qanunlara məhəl qoymur. Çünki, əslində, dünyada nüvə enerjisi və atom silahları ilə bağlı araşdırmalar beynəlxalq təşkilatların nəzarəti altında olmalıdır.

    Ermənistanda isə həm rəsmilərin, həm də digərlərinin nüvə silahı təhdidi ilə çıxış etmələri beynəlxalq konvensiyaların əksinə getmək deməkdir. Bu, vaxtilə faşist Almaniyasının 2-ci Dünya müharibəsinin sonunda dünyanı "möcüzə silah"la hədələməsini xatırladır. Faşist təbliğatına görə, onlar müharibədə bu "sehrli silah"la qalib gələcəkdilər. İndi Ermənistanın açıqlamaları da ona bənzəyir."

    Ekspertin fikrincə, bundan da mühüm məqam ermənilərin bölgədə nüvə maddələri qaçaqmalçılığı ilə məşğul olmasıdır. Buna isə birbaşa Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın qardaşı Saşik Sarkisyan rəhbərlik edir:

    "Ermənilər bütün dünyada, xüsusən də Gürcüstan ərazisindən istifadə etməklə cürbəcür nüvə tullantılarının və maddələrinin qaçaqmalçılığı ilə məşğul olurlar. Bu vaxta kimi bununla əlaqədar 1999-cu ildən başlayaraq 12 fakt müəyyən edilib. Ermənistan vətəndaşları və ya oradan çıxmış insanlar Gürcüstan, Ukrayna və digər ölkələrin ərazilərində radioaktiv maddələrin qanunsuz ticarəti ilə məşğul olublar.

    Təhlükə isə odur ki, "İŞİD" və "Əl-Qaidə" kimi terror təşkiatları dəfələrlə bəyan ediblər ki, onlar radioaktiv maddələri əldə edib hansısa böyük terror aktını həyata keçirəcəklər. Bu terror təşkilatlarının məqsədyönlü fəaliyyəti gec-tez erməni qruplar tərəfindən ixrac edilən və satılan həmin maddələrin əldə edilməsi ilə nəticələnə bilər. Bu isə bütün dünya üçün böyük təhlükə deməkdir. Çünki radiaktiv maddələr və nüvə başlıqlarının yaradılması dünyada teror təşkilatları ilə bağlı vəziyyəti kökündən dəyişə bilər".

    E.Ələsgərov ermənilərin bu maddələri niyə məhz Gürcüstan vasitəsilə satışa çıxarmalarının səbəbini də açıqlayıb: "Mövcud sazişlərə görə, Ermənistanın Türkiyə və İranla sərhədini Rusiya qoşunları qoruyur. Ona görə də ermənilər həmin maddələri Türkiyə və İran sərhədindən keçirə bilmədiyindən bunu Gürcüstan üzərindən reallaşdırırlar. Çünki Gürcüstanla sərhədi məhz Ermənistan sərhədçiləri qoruyur. Ona görə bu iş onlar üçün asan başa gəlir. Bu isə nüvə maddələri qaçaqmalçılığının məhz Ermənistan rəhbərliyinin nəzarəti altında baş verdiyini söyləməyə imkan verir. Ermənistanda ticarətdə ən böyük inhisarçı prezident Serj Sarkisyanın qardaşı Saşik Sarkisyandır. O da məlumdur ki, bu ölkədə gəlirin 50 faizi Saşikə ödənilmədən heç bir ticarət əməliyyatı həyata keçirilmir. Bu adam kriminal aləmlə birbaşa sıx bağlıdır. Böyük ehtimalla nüvə materialları qaçaqmalçılığı da onsuz həyata keçirilmir".

    Qrup rəhbərinin sözlərinə görə, həmin nüvə maddələrini ermənilər Metsamor AES-in adından istifadə edərək əldə edirlər: "Metsamor AES-in varlığı iqtisadi maraqlardan irəli gəlmir. Çünki bu AES-in yalnız bir enerji reaktoru işlək vəziyyətdədir. Onu işlətməkdə də məqsəd radiaktiv maddələri rəsmi qaydada əldə edə bilməkdir. Sadəcə. deyirlər ki, bunu AES üçün, elektrik enerjisinin istehsalı üçün istifadə edirik. Əslində isə həmin materailların bir qismini sataraq külli miqdarda qazanc əldə edirlər. Bu, qanunsuz nüvə materialları ticarəti üçün bir pərdədir. Həmin materialların isə artıq terror təşkilarına da satıldığı istisna deyil.

    Bundan əlavə, onlar nüvə xarakterli radioaktiv materiallardan işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşdirmək və Araz çayına axıtmaq yolu ilə Azərbaycana qarşı da istifadə edirlər. Cəbhədəki son hadisələr isə göstərdi ki, artıq ermənilər Azərbaycana qarşı qadağan olunmuş kimyəvi silahlardan da istifadə etməkdən çəkinmirlər".

    rublika.az


    Facebook-da paylaş