• “Zaminbank” müflis həddində

     “Zaminbank” müflis həddində

    Ekspert: “Müflis olmaq o deməkdir ki, borcun əmlakından çoxdur”

    Ölkədə daha bir bank müflis olmaq həddindədir. Ləğvetmə prosesində olan “Zaminbank” ASC-nin müflis elan olunması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilib.

    Bankın ləğvedicisi- Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov bildirib ki, bu addım “Zaminbank”ın öhdəliklərinin yerinə yetirilməsini tezləşdirmək üçün atılıb. Məhkəmənin bu işə nə vaxt baxacağı isə hələlik məlum deyil.
    Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası “Zaminbank”ın lisenziyasını bu il iyulun 21-də ləğv edib. Həmin gün həmçinin “Dekabank”, “Kredobank” və “Parabank” ASC-lərin lisenziyası ləğv olunub. Bu banklardan yalnız biri- “Kredobank” 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin avqustun 29-da qəbul etdiyi qərarla müflis elan edilib.

    Ekspertlər isə indiki halda bankların sayının azaldılmasını optimal variant hesab edirlər. Çünki bildirilir ki, sağlamlaşdırma normal şəkildə aparılmır, birləşmək məsələsində isə banklar özləri qərara gələ bilmirlər. Ekspertlər musavat.com-a bankların durumu ilə bağlı fikirlərini və proqnozlarını açıqlayıblar.

    Ekspert Əkrəm Həsənov bildirib ki, “Zaminbank” müflis elan olunması üçün məhkəməyə müraciət edibsə, özü etiraz edir ki, müflisdir: “Bu da hər bir hüquqi şəxsin ixtiyarıdır. Müflis olmaq o deməkdir ki, borcun əmlakından çoxdur. Tutaq ki, bankın əmlakı dedikdə, həm əşyaları (daşınar və daşınmaz) nəzərdə tutulur, həm də verdiyi kreditlər. Bunlar hamısı bankın əmlakıdır. Bankın borcu əmlakından çoxdursa, aydındır ki, bank borclarını heç vaxt verə bilməyəcək. Buna görə müflisliyini etiraf edir. Müflisliyini məhkəmə elan etdiyi andan artıq heç kəs o bankdan borcunu tələb edə bilmir. Yalnız banka məhkəmə qərarı ilə ləğvedici təyin olunur. Ləğvedici də bankın əmlakını toplayır və borcları növbəlilik qaydasında qaytarmağa başlayır. İlk növbədə Əmanətlərin Sığortalanması Fondu qarşısında öhdəliklər yerinə yetirilməlidir. Sonra Ləğvetmə Komissiyasının işçilərinə olan borc ödənilməlidir. Ondan sonra dövlət qarşısında olan borc, yalnız sonda bir şey qalsa, borclu olduğu şəxslərə pul qaytarılır. Yəni sonda qalan pul borcluların arasında bölünəcək. Bu da hamısına çatmayacaq”.
    Ölkə banklarının durumuna diqqət çəkən Ə.Həsənov qeyd edib ki, sağlamlaşdırma o halda mümkündür ki, müflislik həddində olan banka kimsə pul ayırsın: “Söhbət həmin banka pul qoymaqdan gedir. Bankı xilas etmək üçün pul qoyulduqda, sağlamlaşdırma mümkündür. Əgər bankın yüz milyonluq əmlakı, 150 milyon borcu varsa, kimsə gəlib 50 milyonu qoymalıdır ora. Əlbəttə, bu variant daha yaxşıdır. Çünki borclular borclarını alacaq, bankın işçiləri işsiz qalmayacaqlar və sair. Amma kimsə gərək o pulu qoysun. Misal üçün, ”Bank Standart"ı götürək. Dövlət dedi ki, “sağlamlaşdırıram, pul qoyuram. Bu bankın ləğvetməsinə imkan verməyəcəm, özüm onun borlcarını, öhdəliklərini yavaş-yavaş qaytarmağa cəhd edəcəm”.

    Faktiki olaraq bu bank dövlətə keçib, “Azərtürkbank”ındır. Düzdür, dövlət heç “Bank Standart”a normal şəkildə pul qoymayıb, buna görə də bu gün əmanətləri yenə də qaytarmır. Amma biz burada da görürük ki, normal sağlamlaşdırma yoxdur. Çünki bankın çatışmayan pulunu heç kəs gətirib qoymadı. Bank da öhdəliklərini icra edə bilmir. İstənilən şirkət, məsələn, hansısa tikinti şirkəti binalar tikir, iş yarımçıq qalır, şirkət deyir ki, bu binaları tikib qurtara bilməyəcəm. Kimsə də gəlib deyir ki, mən buraya pul qoyuram, əvvəlki sahiblərə deyir ki, sizin payınız azalacaq, mən pul qoyduğum üçün idarə edəcəm. Əlbəttə, bu, daha yaxşıdır. Orada binalar tikiləcək, amma o pulu gərək kimsə ortaya qoysun.(musavat)“Bank Standart”da da dövlət ona görə pul qoyacağını açıqladı ki, 600 milyon manat əmanət var. Onun azı 500 milyonu sığortalanmış əmanət idi, dövlət istənilən halda onu qaytarmalı idi. Buna görə sağlamlaşdırmaya getdi. Bu gün heç kəs pul qoymaq istəmədiyi üçün müflisləşmə variantına gedilir".

    Ekspert Elşad Məmmədov isə deyib ki, hazırkı vəziyyətdə bankların sayının kəskin şəkildə azaldılması daha optimal variantdır: “Çünki bankların süni şəkildə qorunması həm dövlətə, həm banka son nəticədə zərər vuracaq. Ona görə hesab edirəm ki, dövlət bankların sayının azaldılmasına getməlidir. Hazırkı şəraitdə ölkə iqtisadiyyatının strukturu 15-ə qədər bankın saxlanmasına adekvatdır. Bu qədər bank Azərbaycan iqtisadiyyatı üçün kifayətdir. Bankların əksəriyyətinin fəaliyyətinin struktur təhlilini aparsaq, görərik ki, onların fəaliyyəti spekulyativ əməliyyatlarla bağlı olub. O baxımdan, real sektorun maliyyələşməsində, real sektorun inkişafında, ölkədə dayanıqlı bank sektorunun formalaşmasında onların ciddi rolu olmayıb. Ona görə də həm əmanətçilərin, həm o bankdan kredit götürən şəxslərin maraqlarının dövlət tərəfindən qorunması şərti ilə bankların sayının azalması daha məqsədəuyğundur”.

    Rublika.az


    Facebook-da paylaş