• “Azercell”dən 30 qəpiklik fırıldaq: 4 min abonent belə aldadılıb

    “Azercell”dən 30 qəpiklik fırıldaq: 4 min abonent belə aldadılıb

    “Azercell” şirkəti yenə müştərilərini narazı salmaqda davam edir. Belə ki, “Azercell” şirkəti abonentinin istəyi, razılığı olmadan, abunə üçün heç bir müraciətin daxil olmadığı təqdirdə onu hansısa bir kampaniyaya abunə edərək balansından 0.3 AZN çıxıb.

    Bu barədə redaksiyamıza daxil olan müraciətdə də abonentin hansısa bir “Melomaniya” xidmətinə müraciət etmədiyi öz əksini tapıb. Heç bir müraciət olmadığı halda “Melomaniya” xidmətindən abonentə abunə olmağı ilə bağlı mesaj gəlib, 0.3 AZN balansdan məbləğ çıxılıb, hətta xidmətə abunə olmaqla bağlı daxil olan mesajda belə xidməti deaktiv etmək üçün hansı addımlar atılmalı olduğu da öz əksini tapmayıb. BU isə birbaşa olaraq istehalkaçının aldadılması, onun hüquqlarının kobud surətdə tapdanması deməkdir.
    Məsələnin maraqlı tərəfi isə “Azercell” rəsmisinin məsuliyyəti üzərindən və bilavasitə şirkətin üzərindən ataraq “Azercell”in partnyor şirkəti olan “Lsim” şirkətini günahkar bilib və abonentin hər hansısa bir şirkətlə əməkdaşlıq etməsində “Azercell” şirkətinin məsuliyyət daşımadığını qeyd edib. Bundan başqa “Azercell”-in onlayn xidmət operatoru suallara qeyri-səlis cavab verərək abonenti yalnış yerə istiqamətləndirib.
    “Lsim” şirkəti ilə əlaqə saxladıq, suallarımızı cavablandıran Nisə xanım adlə əməkdaş nömrələrin səhv yığılması zamanı yönləndirmə olduğunu və abunəçinin bilməyərəkdən “Melomaniya” xidmətinə üzv olduğunu qeyd edib. Abonentin yalnış nömrə yığaraq bilməyərəkdən hər hansısa bir xidmətə abunə olmasına isə cavab olaraq “Biz xidməti dayandırırıq və sizin nömrənizdə bu kimi xidmətlərə qoşulmaması üçün birdəfəlik qadağa tətbiq edirik” deyə cavablayıb:(cebhe.info)“Biz “Azercell” şirkəti nəzdində fəaliyyət göstəririk və şirkətlə partnyorluq edirik. Yəni “Azercell” operatoru yalnış məlumat verib, yəni hər hansısa bir abonentin hansısa bir xidmətə abunə olması ilə bağlı şirkət məsuliyyət daşıyır və o məsuliyyəti üzərindən ata bilməz. Əgər atırsa bu yalnışdır. “Azercell” şirkəti yalnız “Melomaniya” xidmətinə nə vaxt üzv olunub, nə vaxt deaktiv edilib kimi suallara cavab vermək iqtidarında deyil, qalan digər suallara cavab verməlidir və onların məsuliyyəti üzərindən atması və sizi sırf bu kimi məsələ ilə bağlı bizə yönləndirməsi doğru addım deyil. Biz sizə yalnız “Melomaniya”ya nə vaxt üzv olmusunuz, niyə üzv olmusunuz, nə vaxt deaktiv etmisiniz suallarınızı cavablandıra bilərik”.
    Lakin abonentin istəyi, razılığı olmadan niyə həmin xidmətlər aktiv edilir sualına isə: “Sizin nömrədən yalnış nömrəyə zəng edilib, bu zəng isə avtomatik olaraq “Melomaniya” xidmətinə yönləndirilib. Yönləndirmə zamanı isə qeyri-iradi xidmətə abunə olunur. Biz bu problemi aradan qaldırırıq, sizin nömrənizdə bu xidməti deaktiv edirik və bir daha belə halların yaşanmaması üçün sizin nömrənizə qadağa xidməti tətbiq edirik” – deyə cavab verib.
    Şirkətin bu cür tələsik addım atması isə onun istelhakçıların hüquqlarını tapdaladıqlarını və bunu ört-basdır etmək üçün isə tez xidməti deaktiv edərək, qadağa xidmətini tətbiq etməsi bütün ittihamların, iradların həqiqəti əks etdirdiyini, şirkətin abonenti razı salmaq üçün humanizm tətbiq etdiyi anlamına gəlir.
    Bununla bağlı danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov“Azercell”-in böyük monopolist şirkət olduğunu və istehlakçıların hüquqlarını kobud şəkildə pozduğunu bildirdi:
    “Bu, birbaşa olaraq istehlakçıların hüquqlarının pozulması deməkdir. Bu barədə mənə yüzlərlə müraciət daxil olur. Daha dəqiq desəm, hər gün, hər gün mənə müraciətlər gəlir. İl ərzində 4 minə qədər istehlakçının günahı olmadan onlara əlavə pulların tutulması halı baş verib. Mən bu qərardayam ki, mobil telefon istehsalçıları ilə mobil operatorlar gizli razılaşma əldə ediblər. Sanki onların sözləşməsi var ki, biz elə bir texnologiyalar icad edək ki, istehlakçıları soyaq, onların cibinə girək və əldə olunan gəliri yarı bölək. Məsələnin maraqlı tərəfi isə həmin gizli əlaqələri açmaqda dövlət orqanlarının da aciz qalmasıdır.
    İstehlakçıların soyulması Azərbaycanda davam edir. Bütün imkanlarla, bütün metodlar və yollarla istehlakçıları soymaqla məşğuldurlar. Təkcə, alış-satış zamanı deyil, mobil operatorlarla istehlakçılar arasında olan münasibətlərdə də hüquq pozuntuları biz aşkarlayırıq. Bu da onun göstəricisidir ki, ölkədə insan hüquqlarının qorunması haqqında qanun işləmir, ildən ilə də insan hüquqlarının qorunması, müdafiəsi zəifləyir. Hökumət bazarın şahı olan, “karol”u olan istehlakçıların deyil, istehlakçını soyan, onu aldadan istehsalçıların, monopolistlərin tərəfində dayanır, istehlakçıların hüquqlarını tapdalayan mexanizmləri gücləndirir. Həmin abonent bizə rəsmi ərizə ilə müraciət etsə, biz dövlət orqanları qarşısında məsələ qaldırarıq və problemin həllinə nail olmağa çalışarıq. “Azercell”ə heç kim icazə vermir ki, vətəndaşın, abonentin icazəsi, razılığı olmadan onun nömrəsini hansısa bir şirkətə müəyyən bir xidmət təklif etmək üçün təqdim etsin.
    Mövcud vəziyyətdə isə vətəndaş bizə müraciət etsə, biz məsələ qaldırsaq, bizə deyəcəklər ki, məhkəməyə müraciət edilsin. Məhkəmə də vətəndaşın bu müraciətini rəsmi sənədlər olmadan qəbul etməyəcək. Əgər hər hansısa bir rəsmi sənədlər olsa belə mövcud vəziyyət elədir ki, “Azercell” bütün neqativ imkanlarından istifadə edərək vətəndaşı haqsız durumunda qoyacaq və məhkəmə də heç vaxt vətəndaş haqlı olsa belə “Azercell”i vətəndaş qarşısında çökdürməyəcək. Yenə də sonunda uduzan vətəndaş, istehlakçı olacaq. Biz isə üzərimizə düşən vəzifəni icra edərək istehlakçının hüquqları uğrunda mübarizə apara, istehlakçını peşəkar vəkil ilə təmin edə bilərik. Lakin mövcud vəziyyət belədir, istehlakçı hər zaman məğlub olur”

    Rubrika.az


    Facebook-da paylaş