• Putinin hərbi kuratoru Bakıda - Kremlin iki hədəfi...

     Putinin hərbi kuratoru Bakıda - Kremlin iki hədəfi...

    Dağlıq Qarabağ ixtilafı ərafında mühüm gəlişmə; Rusiyanın nüfuzlu nəşri Roqozinin Azərbaycana xüsusi tapşırıqla gəldiyini yazır; “Moskva Bakının bir sualına cavab verməlidir və bu cavabı gecikdirə bilməz”; Amerikadan Qarabağda yeni müharibə və neft-qaz kəmərlərinə təhlükə barədə xəbərdarlıq: “Gələn il...”

    Rubrika.az Musavat.com-a istinadən bildirir ki, Rusiya baş nazirinin müavini, ölkənin hərbi-sənaye kompleksini kurasiya edən və prezident Vladimir Putinin ən etibarlı adamlarından olan Dmitri Roqozin Bakıdadır. Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın toplantısına qatılacaq Roqozinin prezident İlham Əliyevlə görüşü planlaşdırılır.

    Ötən saylarımızda vurğuladığımız kimi, Kreml emissarının budəfəki ziyarəti ilk növbədə İsrail baş naziri Benyamin Netanyahunun Bakı səfərindən dərhal sonra reallaşması ilə diqqət çəkir. Çünki İsrail Azərbaycan üçün əsas silah tədarükçülərindən və ölkəmizin işğalçı Ermənistan üzərində hərbi üstünlüyünü saxlaması üçün vacib təfərdaşlarından biridir. Təsadüfi deyil ki, Netanyahunun Bakı görüşləri çərçivəsində bu məsələ tərəflər arasında xüsusi müzakirə predmeti olub, bəyanatlarda əksini tapıb.

    Başqa sözlə, yəhudi dövləti Azərbaycanın üz tutduğu silah bazarında Rusiyaya real rəqib statusundadır. O üzdən də bütün bunların Rusiyada diqqət və narahatlıqla izlənməsi təbiidir. Hər necə olmasa, sirr deyil ki, Kreml Azərbaycanı özünə bağlamağın ən etibarlı yollarından birini məhz Bakı ilə silah ticarətində görür. Bu xüsusda Roqozinin budəfəki Bakı səfəri doğrudan da məxsusi önəm və anlam daşıyır.

    ***
    Səfərin əsas hədəflərinə toxunan Rusiyanın nüfuzlu “Kommersant” nəşri yazır ki, Rusiya baş nazirinin müavini Azərbaycanda ilk növbədə hərbi əməkdaşlıq məsələlərini müzakirə edəcək, o sırada “İsgəndər M” operativ-taktiki raket komplekslərinin Ermənistana verilməsi ilə bağlı Bakının narahatlığını aradan qaldırmağa çalışacaq.

    Musavat.com xəbər verir ki, qəzetin əldə elədiyi məlumatlara görə, Roqozinin prezident Əliyevlə görüşündə ən əvvəl Rusiya və Azərbaycan arasında hərbi-texniki və silah ixracı məsələləri müzakirə olunacaq. “Silah ixracı ilə bağlı danışıqlara isə Rusiya Federal Xidməti direktorunun hərbi-sənaye kompleksi üzrə müavini Andrey Boytsov da cəlb ediləcək. Bakı ilə danışıqlarda iştirak edən rusiyalı rəsmilərin əsas vəzifələrindən biri Rusiyanın Ermənistana verdiyi ”İsgəndər" kompleksləri ilə bağlı Bakıya izahat verməkdir. Çünki azərbaycanlı tərəfdaşlar Dağlıq Qarabağ problemi kontekstində hadisələrin bu cür inkişafını olduqca neqativ qarşılayıblar - hərçənd komplekslərin Ermənistana ötürülməsi indiyədək rəsmən etiraf olunmayıb “, - deyə ”Komersant" öz mənbələrinə istinadən qeyd edib.

    Qəzet sonda Moskvanın Azərbaycanla Ermənistan arasında hərbi balansı saxlamağa yönəlik səylərindən də yazıb. “Rusiya tərəfi dəfələrlə bəyan edib ki, mürəkkəb regionda qüvvələr balansını gözləməyə çalışır. ”Əgər biz bir dəqiqəliyinə təsəvvür eləsək ki, Rusiya bu roldan imtina edir, o zaman gözəl bilirik ki, bu yer boş qalmayacaq. Silahları başqa yerlərdın alacaqlar və bununla təhlükə azalmayacaq". Belə bir fikri 2016-cə ilin aprelində baş nazir Dmitri Medvedyev Azərbaycan və Ermənistana silah tədarükü ilə bağlı bildirmişdi" - nəşr əlavə edib.

    ***

    “D.Roqozinin Bakıya budəfəki səfəri həqiqətən fərqlidir. Rusiya Azərbaycan bazarını itirmək istəmir”. Bu fikir isə “Atlas” Araşdırmalar Mərkəzinin Netanyahu və Roqozinin Bakı səfərləri ilə bağlı hazırladığı təhlil yazısında yer alıb.

    “Ona görə də Azərbaycanın İsraildən modern hərbi texnika alması Kremldə təbii narahatlıq yarada bilər. Məsələn, Azərbaycan İsraildən ”İsgəndər" raketlərini üstələyən müdafiə kompleksi alsa, bu Rusiyanın hərbi-sənaye kompleksinin nüfuzuna xələl gətirəcək. Çünki “İsgəndər” raketlərinin İsrailin üstün müdafiə kompleksindən geri qaldığı və Azərbaycana təhlükə yaratmayacağı aşkarlanacaq. Halbuki, Rusiya “İsgəndər” raketlərini Ermənistana məhz ona görə verdi ki, bölgədə hərbi balansın Azərbaycanın xeyrinə pozulmasının qarşısını alsın. İndi isə bəlli olacaq ki, əslində Moskva bu addımı ilə əks-nəticə ilə üzləşəcək. Ermənistana “İsgəndər” raketlərinin verilməsinin Moskvanın strateji səhvi olduğu aşkarlanacaq" - təhlildə vurğulanır.



    Müəllifin qənaətincə, Putinin adamı Bakıda əsasən iki sual ətrafında müzakirələr aparacaq: “Birinci sual: Rusiya Ermənistanda yerləşdirdiyi ”İsgəndər M" raketlərini Azərbaycana satmağa hazırdırmı? İkinci sual: Bakı İsraildən hansı silahlar almaq istəyir ki, onu Rusiya Azərbaycana sata bilər? Əgər birinci suala Roqozin cavab verməlidirsə, ikinci sual rəsmi Bakıya ünvanlanacaq".

    Yazıda o da vurğulanır ki, Roqozin ölkəsinin Azərbaycana daha çox silah satmasını istəyir və bu zaman onu İrəvanın mövqeyi maraqlandırmır: “Ancaq ”İsgəndər" raketlərinin Azərbaycana satılması tək Roqozindən asılı məsələ deyil. Bununla bağlı Rusiya hakimiyyətinin kollektiv qərarına ehtiyac var".

    “Atlas”a görə, Rusiyanın iki variantı var: “Birinci variantda Rusiya Azərbaycana ”İsgəndər" raketlərini satmır və Bakı bu tip raketləri başqa ölkələrdən alır və gəlir də həmin ölkələrə çatır. İkinci variantda Rusiya “İsgəndər” raketlərini Azərbaycana satır və Azərbaycanın hərbi bazarında mövqelərini yenidən möhkəmləndirir. Məntiqlə Moskva ikinci varianta üstünlük verməlidir. Ancaq o halda Rusiya hərbi-strateji müttəfiqi Ermənistanı narazı salmalıdır. Rusiya buna hazırdırmı? Bu sualın cavabı yaxın günlərdə bəlli olacaq. Çünki rəsmi Bakı Rusiyanın Azərbaycana “İsgəndər” raketlərini satıb-satmamasıyla bağlı cavabını çox gözləməyəcək".

    Yazıda Netanyahunun Bakıda müzakirə etdiyi ikinci mövzunun da Kremli ciddi narahat etdiyi bildirilir: “Netanyahu Bakıda dedi ki, İsrail öz qazını Azərbaycanla Türkiyə arasında tikilən boru xətləri üzərindən Avropaya daşımaq istəyir. Əgər bu reallaşarsa, TAP və TANAP boru xətləri Rusiyanın inşasına başlamağa hazırlaşdığı ”Türk axını"na ciddi alternativ olacaq. Onsuz da Qərb ölkələri Rusiyanın qaz asılılığını azaltmaq üçün Azərbaycan qazına üstünlük verirlər. Ancaq Azərbaycanın qaz ehtiyatı azdır və Rusiya qazına real alternativ deyil. Buna baxmayaraq, əgər İsrail zəngin qaz yataqlarını da TAP və TANAP istiqamətləndirərsə, Azərbaycanla Türkiyənin birgə inşa etdikləri boru xətləri kifayət qədər qazla doldurulacaq".

    ***

    Beləcə, D.Roqozinin hazırkı səfərində iki mühüm hədəfin güdüldüyü şübhə doğurmur - hərbi (Qarabağ konteksti) və energetika məsələləri. Yeri gəlmişkən, bu arada ABŞ-ın nüfuzlu xarici əlaqələr şurası gələn il Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların yenidən başlayacağını proqnozlaşdırıb (virtualaz.org).

    Şuranın analitiklərinin gələn il üçün mümkün hərbi risklər və bunun ABŞ-a mümkün təsirləri barədə hazırlaqdıqları hesabatda deyilir: “Vasitəçilik səylərinin tamamilə iflasa uğraması, silahlanma yarışı və atəşkəsin tez-tez pozulması şəraitində Qarabağda hərbi əməliyyatların yenidən başlanması riski daim artır”.

    Amerikalı analitiklərə görə, əgər effektiv vasitəçilik səyləri göstərilməsə, atəşkəsin pozulması və yeni impuls qazanan gərginlik Qarabağ münaqişəsini yenidən alovlandıracaq. Nəticədə Cənubi Qafqazda stabillik təhdid altında qalacaq. “Bu, həmçinin ABŞ-ın iqtisadi maraqlarına və dünya neft bazarlarına da təsir göstərə bilər” - hesabatda vurğulanır. Belə ki, analitiklər yeni müharibə nəticəsində Azərbaycanın neft-qaz ixracının dayana biləcəyini istisna etmirlər.

    Rubrika.az


    Facebook-da paylaş