• Manat möhkəmlənir - banklar məzənnə manipulyasiyasına gedir

     Manat möhkəmlənir - banklar məzənnə manipulyasiyasına gedir

    Ekspertlər bildirirlər ki, “məzənnə oyunları”ndan itirən əhali, zərbə alan isə ölkə iqtisadiyyatı olacaq...

    Milli valyuta olan manatın iki hərracda bahalaşması bir çox suallar yaradıb. Üstəlik, banklar dolların alış və satış məzənnəsi arasında olan ciddi fərqdən də narahatlıqlarını bildirirlər.

    Ekspert Samir Əliyevin sözlərinə görə, banklar çox pis oyuna girişiblər, valyuta spekulyasiyası ilə məşğuldurlar: “Bu, çox pisdir: həm əhaliyə, həm sahibkara, həm də dövlətə”. Ekspertin sözlərinə görə, manatın fevralın 2-dən başlayan bahalaşması davam edir: “Görünən odur ki, valyuta bazarındakı gərginlik əhaliyə keçib. Banklara dollar borcu olanlar sevinir, dolları alıb yığanlar isə narahat olmağa başlayıb. Dolların bahalaşması necə narahatlıq yaradırsa, onun ucuzlaşması da eyni gərginlik yaradır.

    Axı nə baş verib ki, manat bahalaşır? Bəlkə ölkəyə dollar axını güclənib? Və ya idxal kəskin azalıb? Yaxud da hərraca çıxarılan dolların həcmi dəfələrlə artıb? Təəssüf ki, bunların heç biri baş verməyib.(musavat.com)Ölkəyə dollar yenə də bir kanalla- Dövlət Neft Fondu vasitəsilə daxil olur. Hərraca çıxarılan dolların həcmində nəinki artım var, hətta azalma qeydə alınıb. Ötən il hərraca 50 milyon dollar çıxarıldığı halda indi 25-35 milyon dollar arasında dəyişir. İdxal cəmisi 7,6 faiz azalıb. Hətta dövlət satınalmalarında 2018-ci ilə qədər idxal mallarının alışına qadağanın qoyulması idxalı əhəmiyyətli azalda bilməyib. İxrac 20 faiz, qeyri-neft ixracı 28 faiz azalıb. Neftin qiyməti isə il başlayandan 54-56 dollar arasında dəyişib. Yəni neft də bahalaşmayıb".

    Ekspertin sözlərinə görə, manatın bahalaşması üçün fundamental səbəb yoxdur: “Bu bahalaşmanın bir neçə səbəbini qeyd etmək olar; birincisi, manatın bahalaşması spekulyasiya ilə bağlıdır. Artıq bir sıra banklar aktiv şəkildə valyuta alqı-satqısına girişiblər. Kreditləşmə imkanları məhdudlaşan banklar yeni gəlir mənbəyi əldə ediblər və zərərləri valyuta alqı-satqısı hesabına aradan qaldırırlar. Üstəlik, hər il olduğu kimi, bu il istər dövlətin, istərsə də dövlət şirkətlərinin xarici öhdəlikəri qaytarılmalıdır. Bu vəsaitlərin bir hissəsi Neft Fondu tərəfindən Mərkəzi Banka ayrılan vəsait hesabına ödəniləcək. Manatın ucuzlaşması həmin borcların qaytarılmasına çətinlik yaradır”.

    S.Əliyev qeyd edib ki, bir qayda olaraq ilin əvvəlki aylarında büdcə xərclərinin icra səviyyəsi aşağı olur, iqtisadiyyata yönəldilən pul kütləsi az olduğundan manat qıtlığı hiss olunur. Dollara tələbat isə aşağı səviyyədə olur: “Neft Fondundan Mərkəzi Banka ayrılan 7,5 milyard manat məbləğindəki ”makroiqtisadi sabitlik" pulu valyuta bazarında ötən il müşahidə edilən gərginliyi azaltmağa imkan verəcək. Həmin vəsaitlər bazarda gərginlik yaradan xarici borc problemini həll edəcək. Manatın sabitliyi hazırda neftin qiymətindən birbaşa asılıdır. Hökumət neftin ucuzlaşmasını ya Neft Fondunun aktivləri hesabına həll etməlidir, ya da manatı ucuzlaşdırmalıdır. Bir şey aydındır ki, hökumət bu il kəskin devalvasiyaya getmək niyyətində deyil. Gözlənilməz proseslər baş verməsə, hökumət 2017-ci ildə manatın məzənnəsini rahatca idarə edə biləcək. Bu, manatın möhkəmlənməsi və ya manatın məzənnəsinin bir nöqtədə dayanması anlamına gəlməməlidir. Hökumət Neft Fondunun aktivləri hesabına tədiyyə balansındakı kəsiri örtə biləcək. Ancaq bir sıra amillər var ki, onların nəzərə alınması vacibdir: kapital axınının səviyyəsi, idxalın səviyyəsi, xarici ticarət tərəfdaşlarının milli valyutasının məzənnəsi və neftin qiyməti".

    Ekspert Azər Mehtiyev isə qeyd edib ki, banklar dollar alışı ilə bağlı dəhşətli səviyyədə manipulyasiya edirlər: “Bir çoxları dolların alış kursunu həm kəskin azaldıblar, həm də lövhələrdə belə göstərmirlər. Məqsəd son günlər manatın bahalaşması dalğasında panikanı artırmaqla əllərdə olan dolları ucuz alıb kurs fərqindən böyük qazanc götürməkdir. Əlbəttə ki, kommersiya qurumları olan bankların mənfəət üçün özlərinə sərf edən addımlar atmasını haradasa başa düşmək olar, amma bundan zərbə alan milli valyutaya olan etimad məsələsidir. İndiki durumda manatın sabitliyini təmin etməklə iqtisadiyyatda olan son dərəcə böyük qeyri-müəyyənliyi azaltmaq investisiya mühiti baxımından çox önəmlidir. Amma bankların məzənnə manipulyasiyaları hesabına böyük gəlirlər götürmək cəhdləri iqtisadi sabitləşməyə, həm də əhalinin əksər təbəqələrinə böyük zərbə vurur. Hökumət insanların əlinə manat düşən kimi qaçıb dollar almasını istəmirsə, onda manatın məzənnəsində nisbi sabitliyə nail olmaq önəmlidir. Bu cür ”məzənnə oyunları"ndan itirən əhali, zərbə alan isə ölkə iqtisadiyyatı olacaq".

    Rubrika.az


    Facebook-da paylaş