• Ziya Məmmədov həbsə doğru aparan müdhiş cinayət dosyesi gündəmdədir

    Ziya Məmmədov həbsə doğru aparan müdhiş cinayət dosyesi gündəmdədir

    Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi Ziya Məmmədovu faktiki olaraq sadə vətəndaşa çevirdi

    Onun 15 illik nazirliyi dövründə adı çoxmilyonluq korrupsiyada, qanunsuz əməllərdə, hətta cinayətlərdə hallanırdı.

    Ötən illər ərzində nazirin ətrafında dolaşan ölüm kabusu adının mətbuat səhifələrindən kəm olmağa imkan vermirdi. Son belə hadisə 4 il əvvəl, 2013-cü ilin iyulda baş vermişdi.

    2013-cü il iyulun 17-də Türkiyənin “Hürriyet” qəzetində Yalçın Bayerin bir köşə yazısı dərc edildi. Yazıda nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun mühafizəçisi olan bir Türkiyə vətəndaşının güllələnməsindən bəhs edilirdi.

    “Azeri Bakanın türk korumasına ne oldu?” başlıqlı yazıda bildirilirdi ki, İsmayıl Gənc adlı mühafizəçi Anar Məmmədovun başqa cangüdənləri ilə atışma zamanı güllə yarası alıb və onun harada olduğu, öldüsü-qaldısı bu gün də bəlli deyil.(politika.az)Sonradan qəzet sözügedən olayla bağlı daha ətraflı, müfəssəl məlumat yaymışdı. Məlum oldu ki, 2012-ci il mayın 14-də Antalyada, Ziya Məmmədovun oğlu, Azərbaycan-Amerika Alyansının və “Garant Holding”in prezidenti Anar Məmmədovun mühafizəçiləri arasında qanlı olay yaşanıb.

    Hadisə A.Məmmədovun mühafizəsinin rəisi olan 51 yaşındakı təqaüddəki zabit İsmayıl Gənclə mühafizəçi, 35 yaşındakı Kubilay Göl arasında baş vermişdi. Həmin vaxt Kubilay Göl odlu silahla İsmayıl Gənci yaralamışdı.

    Mühafizəçinin qətli üçün sabiq nazirin oğlunun 500 min dollar təklif etməsi də iddialar sırasında idi.

    A.Məmmədov hesab edirmiş ki, İsmayıl Gənc onun Azərbaycandan Türkiyəyə köçürdüyü qara pullardan oğurlayırmış. Mühafizəçinin sonrakı aqibəti bilinmədi. Cinayət işinin nəticəsi də bu günə qədər açıqlanmayıb.

    Bu olay Məmmədovlar ətrafında baş verən ilk qanlı olay deyildi. Salyan qəbiristanlığında Məmmədovların mühafizəçisi olmuş Nizami Dadaşovun məzarı var. O, 2000-ci ilin mayına qədər Məmmədovların mühafizəçilərindən olub. İdmançı olan həmin şəxs güllə ilə vurularaq öldürülüb. Rəsmi versiyalarda onun avtomobil qəzasında həlak olduğu iddia edilib.

    Amma camaat arasında belə söhbət gəzirdi ki, meyiti yuyan molla “mərhumun bədənində güllə yarası var” sözlərini ağzından qaçırıb. Bundan sonra bir neçə gün yoxa çıxıb, sonra isə bu söhbəti tamamilə “unudub”.

    N.Dadaşovun öldürülməsindən bir müddət sonra Ziya Məmmədovun başqa bir mühafizəçisi, Şimali Qafqazdan olan Altaf adlı idmançı yoxa çıxıb. Mühafizəçi Azərbaycan vətəndaşı olmadığına görə onun necə yoxa çıxdığı, öldüsü-qaldısı bu gün də bilinmir.

    Z.Məmmədovun daha bir mühafizəçi, Masallıdan olan Eldəniz Qurbanovu 2008-ci il, martın 1-də qətlə yetiriblər. Bu günə qədər bu qətlin hansı şəraitdə törədilməsi ictimiyyətdən gizlədilər.
    Məlum olan odur ki, 2008-ci ildə Nəsimi rayon prokuroru Aqşin Ziyadov dələduzluqda təqsirləndirilən Emin Əmirovun bu iş üzrə şahid qismində dindirilməsini tələb edib.

    Prokurorun sorğusuna əsasən E.Əmirovun Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə olan cinayət işi ona göndərilib. A.Ziyadov özü mətbuata deyib ki, E.Əmirov bu işdə yalnız şahid qismində dindirilir.

    Prokuror istintaq sirrinə əsaslanıb məlumat verməyib. Z.Məmmədovun Cəmil adlı cangüdəni isə vaxtilə Salyanın Qaraqaşlı kəndində yaşayıb.

    O, nazirin mühafizəsindən ayrılandan sonra ciddi təqiblərə məruz qalıb. Belə məlumat var ki, onu uzaq Sibirdə aşkarlayıb qətlə yetiriblər. Bu Məmmədovlar ətrafındakı ölüm kabusunun ağuşuna aldığı şəxslərin tam siyahısı deyil.

    2015-ci il martın 11-də paytaxtın Yasamal rayonu ərazisindəki ofisində 1974-cü il təvəllüdlü Füzuli Qasımovun meyiti aşkarlandı. Onun həyatına ürək nahiyəsinə açılan atəşlə son qoyulduğu bilindi.

    O dövrdə mətbuatda gedən bir yazıdan sitat: “Biz bu torpaqları erməniyə vermədik, buradakı iş yerimizi Ziya Məmmədova da verməyəcəyik. Bizim çörəyimiz əlimizdən alınır.

    Biz heç nədən qorxmuruq, çəkinmirik. Prezidentimiz İlham Əliyevə güvənirik. Biz dövlətimizdən ötəri canımızı qoymuşuq” - bu sözləri Füzuli Qasımov demişdi.
    Bildirirdi ki, Ziya Məmmədov Goranboyun Yuxarı Ağcakənd kəndindəki sahibkarların əmlakını ələ keçirib.

    Ölüm ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlandı. Və bu ölüm işi də digəriləri kimi araşdırılmamış qaldı. Z.Məmmədov isə artıq nazir deyil, adi vətəndaşdır...

    Rubrika.az


    Facebook-da paylaş