• Nərgiz Paşayeva “Azəravtoyol” sədrinə cəza istədi, Zakir Sultanov naziri saymadı - Skandal

    Nərgiz Paşayeva “Azəravtoyol” sədrinə cəza istədi, Zakir Sultanov naziri saymadı - Skandal

    Bakıda “Azəravtoyol” ASC-nin görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin Bakıdakı abidəsini dağıtması böyük rezonans doğurub

    Bu hadisə Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan həyata keçirilib.

    Ən maraqlısı budur ki, bu haqda Mədəniyyət və Turizm Nazirliyi yanında mədəni irsin mühafizəsi, inkişafı və bərpası üzrə Dövlət xidmətinin rəhbəri Zakir Sultanov nazir Əbülfəs Qarayevə məruzə etmək əvəzinə virtualaz.org-a məlumat verib. Xidmət rəisi nazirə məlumat vermək yerinə mətbuata şikayət edib.

    İlk dəfə belə bir hala rast gəlinir ki, xidmət rəisi öz nazirini saymır və birbaşa mediaya üz tutur. Adətən sosial problemi olan vətəndaşlar dövlət qurumlarından diqqət görməyəndə mətbuat vasitəsi ilə ictimailəşdirir.(politika.az)Z.Sultanov isə sanki Ə.Qarayevdən laqeydlik görmüş kimi mətbuata car çəkib. Bu, ona oxşayır ki, hansısa general müdafiə nazirinə yox, dərhal mətbuata xəbər ötürür. Z.Sultanovun bu hərəkətinin anlaqsızlığı çox keçməyib özünü göstərib.

    Əvvəlcə sayta bunları deyib: “Abidəni hər hansı icazə olmadan dağıdıblar. Bu hiddət doğuran hadisə ilə əlaqədar biz məhkəmə instansiyalarına müraciət etmək niyyətindəyik", - deyə o vurğulayıb.

    Az əvvəl heykəlin dağıdılmasından hiddətlənən və bununla bağlı virtualaz.org-u özü məlumatlandıran Zakir müəllim bu dəfə daha ehtiyatla danışıb: “Heykəl dağıdılıbsa, onu necə bərpa etmək olar?” sualına cavab olaraq xidmət rəisi bunları dedi:

    “Əlbəttə, heykəli bərpa etmək mümkündür. “Azəravtoyol” ASC-nin rəhbəri mənimlə əlaqə saxladı. O dedi ki, heykəl başqa yerdə qoyulacaq, yəni bərpa edəcəklər. Mən də elə sizin qədər bilirəm. Gördüklərim də sizdə var”, - deyə Z. Sultanov bildirdi.

    “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxlayıb. Heykəlin dağıdılması faktını təsdiq edən fotoların yayılmasına baxmayaraq “Azəravtoyol” rəsmisi iddia edib ki, heykəl dağıdılmayıb, sadəcə götürülüb ki, işlər yekunlaşandan sonra qaytarıb yerinə qoyulsun.

    “Həmin ərazidə yolların genişləndirilməsi və yenidənqurma işləri çərçivəsində Mikayıl Müşfiqin büstü müvəqqəti yığışdırılıb və anbara qoyulub ki, təmir işləri gedəndə ziyan çəkməsin. Plana görə həmin ərazidə indikindən beş dəfə geniş park salınacaq, heykəl də qaytarılıb yerinə qoyulacaq”-A.Nəcəfli deyib.

    Z.Sultanovun ehtiyatlı açıqlaması onun özfəaliyyətinin nəticəsidir. Görünür ki, nazir ona möhkəm hiddətlənib.

    Çünki nazirə məruzə etmək borcu olan Z.Sultanov özünü məmur kimi yox, mətbuata informasiya ötürən şəxs kimi təqdim edib.

    Bu şübhələrə yol açır ki, mətbuata nazirliklə bağlı kompromat materiallar da sızdıra bilər. Təbii ki, böyük şairin abidəsinin dağıdılması barbarlıqdır. Bununla bağlı mütləq ölçü götürülməlidir.

    Necə ki, artıq ən yüksək səviyyədə reaksiyalar var. Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva “Azəravtoyol” ASC tərəfindən paytaxtın İnşaatçılar prospektində, “Statistika dairəsi” adlanan ərazidə nakam şair Mikayıl Müşfiqin heykəlinin sökülməsini kəskin pisləyib.

    Professor Paşayeva açıqlamasında bunları deyib: “Bu, vandalizim və barbarlıqdır. Böyük şairin xatirəsinə qarşı törədilmiş günahdır və təhqirdir”.

    N.Paşayeva müvafiq dövlət orqanlarını və ictimaiyyəti bu vandalizm aktına təcili müdaxilə etməyə, habelə bu barbarlığa yol verən “Azəravtoyol” rəhbərliyini cəzalandırmağa çağırıb.

    Rubrika.az


    Facebook-da paylaş