• Bakıda 25 min manata xərçəng "sağaldan" dələduz həbs olundu

    Bakıda 25 min manata xərçəng "sağaldan" dələduz həbs olundu


    Tibbi təhsili olmayan hansısa təbibin əsrin bəlası sayılan xərçəngi türkəçarə yolu ilə sağaldacağı qəribə görünsə də, belə “möcüzə”yə insanları inandırmaq əslində böyük məharət tələb edir. Hər yandan əli üzülən xəstə, çarəsiz insanlar özləri 58 yaşlı Sabir Əliyevi axtarıb tapır, yanına gəlir, kömək istəyir, möcüzə gözləyirlər. O isə tək xərçəngə yox, sonsuzluğa da “çarə” tapdığını bəyan edir, baş ağrılarından əziyyət çəkənləri təbii otlarla müalicə etdiyinə inandıra bilir.

    Diqqət çəkən əsas məqamlardan biri xəstələrin hamısının eyni üsulla müalicə olunmasıdır: halvayabənzər kütlənin dərman şəklində qəbulu və butulkalardakı sarı maye...

    Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən əslən Lerik rayonundan olan Sabir Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Eldar İsmayılov sədrlik edib

    “Həkim”in çoxsaylı xəstələri

    İstintaqla müəyyən edilib ki, Sabir Əliyev etibardan sui-istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədilə müxtəlif şəxslərə özünü həkim kimi təqdim edib, onları sağaldacağına yalan vəd verərək aldadıb. İlk toruna düşənlərdən biri İkram Nəbiyev olub. Onun xərçəng xəstəliyindən əziyyət çəkən atası Fayzo Nəbiyevi bu amansız xəstəlikdən qurtaracağına inandıraraq 25 min manat pulunu alıb. Eyni üsulla Elsevər Əzimovu aldadaraq 400 manat, Sadan Nəzərovdan 2300 manat, Gülqədəm Əzimovadansa 300 manat almaqla onlara qarşı dələduzluq edib.

    Bakıətrafı qəsəbələrdə təbib kimi ad çıxaran Sabir Əliyevin toruna düşənlər sonda polisə müraciət etmək məcburiyyətində qalıblar. Ötən ilin fevral ayında S.Əliyev həbs olunub, barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.



    Təqsirləndirilən şəxs qismində məhkəmədə dindirilən Sabir Əliyev ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, zərərçəkmişlərin yalan danışdığını, heç kimi sağaldacağını boynuna götürmədiyini, həkimlik etmədiyini, kimsədən pul almadığını, barəsində yazılanların yalan olduğunu deyib. S.Əliyevin istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadələri ziddiyyət təşkil etdiyindən ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib.



    “Xərçəngi sağalda bilirəm”

    İstintaqa verdiyi ifadəsində Sabir Əliyev ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində İkram Nəbiyevi tanışı Oktayın vasitəsilə tanıdığını, onun atası Fayzo Nəbiyevin xərçəng xəstəsi olduğunu göstərib:

    ”Oktaya xərçəngi müalicə edə bildiyimi demişdim. O da məndən xahiş etdi ki, Rusiyadan, Sibirdən lazım olan dərmanları gətizdirim. Fayzonun tibbi müayinə sənədlərini alıb Rusiyada yaşayan dostum Yusifə göndərdim. Yusif 14 gün müalicə olunmaq üçün dərman yolladı. Fayzo dedi ki, dərmanın xeyri olsa, hörmət edəcəklər”.



    “Dərmanlar yaxşı təsir göstərirdi”

    Müalicədən 14 gün sonra “həkim”lə xəstə “Əhmədli” metrosunun yaxınlığında görüşüblər. Görüş zamanı F.Nəbiyev dərmanların ona yaxşı təsir etdiyini deyib və 1500 dollar verib:

    ”Bundan sonra Yusif bir neçə dəfə dərman yolladı. Ona görə pul istəməmişəm. Yusif deyirdi ki, yenidən dərman hazırlamaq üçün 7 min dollar lazımdır. Fayzo da pulları bank vasitəsilə mənə, mən də Rusiyaya yolladım. Dərmanları alıb Fayzoya çatdırdım. O da mənə 1000 dollar verdi”.

    Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2012-ci ilin may ayının axırlarında Fayzo Nəbiyevin vəziyyəti ağırlaşıb, vəfat edib. Atasının ölümündən sonra isə oğlu İkram Nəbiyev dərmanların heç bir xeyri olmadığını, həmin pulların iki qatını alacağını deyərək ondan 25 min manat pul tələb edib: “Bu pulu qaytarmaq imkanım olmadığına görə borc müqaviləsi bağladım, pulu qaytaracağımı dedim. Fayzo mənə 5 min manat və 10 min dollar vermişdi”.



    “Əvvəllər məxfi laboratoriyada işlədiyini deyirdi”

    Zərərçəkmiş İkram Nəbiyev ifadəsində atası Fayzo Nəbiyevin uzun müddət xərçəngdən əziyyət çəkdiyini, xəstəliyi ilə əlaqədar İranda, Rusiyada müalicə olunduğunu bildirib. 2012-ci ildə yas mərasimində olarkən təsadüfən qohumlarından biri ona türkəçarə yolu ilə xərçəngi sağalda bilən Sabir adlı həkimin telefon nömrəsini verib. S.Əliyevlə danışıb görüşüblər:



    “Sabir özünü həkim kimi təqdim etdi, əvvəllər Dövlət Təhlükəsizlik Xidmətinin məxfi laboratoriyasında işlədiyini, xüsusi dərman ləvazimatları hazırladığını, Rusiyada onunla birgə işləyən dostu ilə həyatlarına təhlükə olduğundan Bakıya gəldiyini deyirdi. Bura qaçıb gəlməkdə məqsədi isə ağır xəstəlikləri türkəçarə yolu ilə müalicə etmək olub. Özünün ciddi şəxs, yaxşı həkim olduğuna bizi inandırdı və atamı müalicə edəcəyinə söz verdi. İlkin olaraq müxtəlif bitkilərin gətirilməsi və hazırlanması üçün 5 min manat pul aldı”.



    11 min manat pul və 1 litrlik dərman

    Zərərçəkmişin ifadəsinə görə, “həkim” dərmanları hazırlayıb verdikdən sonra günaşırı xəstəyə baş çəkməyə gəlib, qısa zamanda yaxşılaşacağını deyib:

    “Atamla mən Bakıda qohumumuzun evində qalırdıq. Sabir növbəti müayinə zamanı atama artıq evə gedə biləcəyini dedi. Ona görə də, Gəncəyə qayıtdıq. Bir həftə sonra zəng vurub əlavə dərman hazırlamaq üçün 11 min manat lazım olduğunu söylədi. Atamın vəziyyəti nisbətən yaxşılaşdığına görə Sabirlə razılaşdıq. Sabir pulu almaq üçün Gəncəyə gəldi. Ona 5 min manat verdim, yerdə qalanını dərman hazırlanandan sonra verəcəyimi dedim. Sabir bir həftə sonra bir litrlik qabda tünd sarı rəngli dərman gətirdi. Dərmanın qəbul edilməsi qaydasını atama izah etdi. Bir gecə də qalıb, 6 min manat alıb getdi”.



    Uğursuz müalicə, dünyasını dəyişən xəstə

    “Həkim”in müalicəsi uğursuz alınıb, dərmanı içəndən on-on beş gün sonra xəstənin səhhəti pisləşib. Sabirlə əlaqə saxladıqda Bakıya gətirməyi məsləhət görüb. İ.Nəbiyev atasını Bakıya aparıb. İki gün xəstə S.Əliyevə məxsus Nardarandakı bağ evində qalıb. Amma xəstənin vəziyyəti getdikcə daha da ağırlaşıb və onu Ağciyər Xəstəlikləri İnstituna aparıblar. S.Əliyev xəstəyə və oğluna türkəçarə barədə həkimlərə heç nə danışmamağı tapşırıb. Fayzo Nəbiyev iyirmi gün xəstəxanada müalicə olunub. Həmin müddətdə S.Əliyev yenidən dərman hazırlamaq üçün xəstənin yaxınlarından 8 min manat istəyib. Atasının vəziyyətinin kritik həddə çatdığını görən İ.Nəbiyev həmişəkindən fərqli olaraq bu dəfə etiraz edib, pul verməyəcəyini deyib. Amma Fayzo Nəbiyev oğluna “müalicə” üçün Sabirə yenidən pul verməsini məsləhət görüb. Xəstə atasının sözünü yerə salmayan oğul bu dəfə də 8 min manatdan keçməli olub. Amma getdikcə xəstənin vəziyyəti daha da ağırlaşıb, onu Gəncəyə aparıblar. Qəribə də olsa, xəstə ölən günə kimi Sabirin hazırladığı dərmanları içib: “Atamın müalicəsi üçün ona ümumilikdə 25 min manat pul verdik. Amma düzəltdiyi dərmanların heç bir köməyi olmadı. Atam 2012-ci ilin iyul ayının 18-də öldü”.

    Zərərçəkmiş məhkəmə zamanı təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və iddiası olmadığını, ona vurulan maddi ziyanın tam ödənildiyini bildirib.



    “Həkim”in çoxsaylı qurbanları

    İstintaq zamanı həmçinin müəyyən olunub ki, Sabir “həkim”in əməllərindən zərərçəkən təkcə Fayzo Nəbiyev olmayıb. Onun qurbanlarının əksəriyyəti baş ağrısından, sonsuzluqdan əziyyət çəkən şəxslər olub. S.Əliyev müalicə edəcəyini söz verdiyi şəxslərin də pullarını alaraq mənimsəyib.

    “Həkim”in qurbanları aldanıldıqlarını görüb pullarını geri tələb etdikdə isə S.Əliyev pulu qaytarmaqdan və onlarla görüşməkdən imtina edib. Sonradan S.Əliyevin Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs olunduğunu eşidiblər və ziyanın qaytarılmasına köməklik göstərilməsi barədə ərizə yazıblar.



    “Mənə deyirdi ki, başında şiş var”

    Zərərçəkmiş Sadan Nəzərova baş ağrılarından əziyyət çəkdiyini, dəfələrlə İranda müalicə olunduğunu, qohumu Heybət Nəzərovun vasitəsilə Sabirin yanına müalicəyə getdiyini deyib:

    “Sabir əli ilə başımı yoxlayıb başımda şiş olduğunu, uzun müddət müalicə lazım olduğunu, bunun üçün dərman hazırlayacağını dedi. Mənə sellofan torbada halvaya oxşayan sarımtıl rəngli kütlə verib bir həftə içməyi tapşırdı. Bir həftədən sonra 2014-cü ilin yanvarında gəlib dərmanların hazırlanması üçün 350 manat verdim. Söhbət əsnasında Sabir sonsuzluğu da müalicə etdiyini dedi. Buna görə bacım Nərgizi onun yanına apardım. Nərgizə də dərmanlar verdi. Butulkadakı sarı mayeni bacıma verib 500 manat aldı. Ümumilikdə, Sabirə dərmanlara görə 2300 manat vermişəm. Amma bu günə qədər də pullarımı qaytarmayıb”.

    Məhkəmənin hökmü ilə Sabir Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

    Yeri gəlmişkən, qeyd edək ki, bu, Sabir Əliyevin törətdiyi ilk cinayət deyil. O, 1997-ci ildə eyni əmələ görə Sumqayıt şəhər xalq məhkəməsi tərəfindən mühakimə olunub, 7 il məhkumluq həyatı yaşayıb.

    Rubrika.az


    Facebook-da paylaş