• Avropa ilə Türkiyə arasındakı “soyuq savaş”ın əsl səbəbi


    Almaniya, Avstriya, Holandiya Türkiyə hökumətinin Avropada referendum fəaliyyətlərini qadağan edir, Ankara və “Qoca qitə” arasında gərginlik artır

    Avropa Birliyi ilə Türkiyə hökuməti arasında onsuz da gərgin olan münasibətlər referendum öncəsi daha da gərginləşib. Hətta o qədər ki, Almaniyanın xarici işlər naziri Siqmar Qabriel “Bild am Sonntag” qəzetində məqalə yazaraq, türk və alman xalqlarının qardaş olduğuna, siyasi fikir ayrılıqlarının nifrətə çevrilməməsinə çağırışlar edib.

    Məsələ ondadır ki, Almaniya və Türkiyə hökumətləri arasında onsuz da gərgin olan münasibətlər son dönəmlərdə, xüsusən də referendum kampaniyası prosesində daha da açıq gərginliyə çevrilib. Əlbəttə, Berlin və Ankara arasında münasibətlərdə soyuqluq yeni deyil, xüsusən də son illərdə açıq şəkildə bir gərginlik müşahidə olunur. Bunun bir sıra səbəblərinin olması ilə bağlı ehtimallar mövcuddur. Almaniyanın Türkiyədə avtoritarizmin güclənməsinə tez-tez vurğu etməsi, həbslər, xüsusən də media nümayəndələrinin həbslərini tənqid etməsi, kürd siyasi qruplarına, PKK simoatizanlarına dəstək verməsi, eləcə də ötən il “erməni soyqırımı” layihəsini parlamentdən keçirməsi
    Avropa ilə Türkiyə arasındakı “soyuq savaş”ın əsl səbəbi

    Türkiyədə qəzəblə qarşılanıb. Ancaq indi referendum öncəsi Türkiyə rəsmilərinə təbliğat məhdudiyyətləri tətbiq olunması Ankaranın bütün siyasi çevrələrində narazılıq doğurub.

    Hətta CHP sədri Kamal Kılıçdaroğlu Almaniya hökumətinin Türkiyə hökumət təmsilçilərinin çıxışlarının məhdudlaşdırılmasını qınayıb.

    Məsələ ondadır ki, ötən həftə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ və iqtisadiyyat naziri Nihat Zeybəkçinin Almaniyada referendum təbliğatı ilə bağlı çıxışı “təhlükəsizlik səbəbilə” ləğv olunub. Bundan başqa xarici işlər naziri Mövlud Çavuşoğlunun Almaniyada iştirak edib çıxış edəcəyi gözlənilən toplantının keçiriləcəyi otelin rəhbərliyi “təhlükəsizlik” səbəbilə salonu kirayə verməkdən imtina edib. Əlbəttə, almanlar dəqiq xalqdırlar və otelin salonu üçün ödənmiş 2 min avro avans geri qaytarılıb. Ancaq məlum olub ki, Hamburqda yerləşən bütün otellərdə ya “yer yoxdur”, ya da “təhlükəsizlik” səbəbilə salon kirayə vermirlər.

    Ancaq Türkiyənin referendum kampaniyasına maneə yalnız Almaniyadan deyil. Avropanın digər ölkələrindən, o cümlədən Avstriya və Hollandiyadan da analoji çağırışlar var.(musavat.com)Avstriya baş naziri Kristian Kern Türkiyə siyasətçilərinin AB ərazisində referendum kampaniyası aparmasını yasaqlamağı təklif edib. Baş nazir bunun əsas səbəbini də referendumda müsbət nəticə çıxarsa, Türkiyənin prezident üsul-idarəsinə keçməsini göstərib. Yerli mediaya açıqlamasında baş nazir referendumun Türkiyədə hüquq dövlətini daha da zəiflədəcəyini qeyd edib, eyni zamanda Almaniya mətbuatında çalışan Türkiyə əsilli jurnalistin Türkiyədə həbsini kəskin pisləyib.

    Yeri gəlmişkən, Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun martın 11-də bu ölkənin Rotterdam şəhərində keçirəcəyi referendum görüşünü ləğv etmək üçün fəaliyyətə başlayıb. İlk çağırış Hollandiya siyasi partiyalarından gəlib, bundan sonra baş nazirin müavini və eləcə də Rotterdam meri də çağırışı dəstəkləyib,

    Çavuşoğlunun Hollandiyaya gəlməsini əngəlləmək üçün müvafiq addımların atılması çağırışı ediblər.

    Ankara Avropada baş verənlərə qəzəblə yanaşıb. Prezident Ərdoğan nazirlərin görüşlərinin ləğv olunmasına görə, Almaniya hökumətini sərt tənqid edərək, onları nasistlərlə müqayisə edib, Berlini dünyada rüsvay edəcəyi ilə hədələyib. Yəni necə deyərlər, prosesin bundan sonra daha da dərinləşəcəyi görünür.

    Avropanın bir sıra ölkələrinin Türkiyəyə qarşı bu şəkildə qəzəbli olmasının üzdə olan və olmayan səbəbləri var. İlk növbədə ondan başlayaq ki, Türkiyəyə qarşı ən qabarıq soyuq münasibət qitənin mərkəzi ölkələrindədir. Məsələn cənubi Avropa ölkələri, İtaliya, İspaniya, Portuqaliya Ankara ilə normal yola gedirlər. Uzaq şimal ölkələri – Danimarka, İsveç, Norveç və Britaniya da zahirən Türkiyə ilə ciddi soyuqluğu olmayan ölkələrdir. Əsas qabarıq nəzərə çarpan soyuqluq Almaniya, Avstriya, Hollandiya, qismən Fransa, Belçika kimi mərkəz ölkələrdir. Bu dövlətlərin əsas özəlliklərindən biri, digər AB dövlətlərindən fərqli olaraq, bu ölkələrdə Türkiyə əsilli vətəndaş və ya miqrantların sayının çox olmasıdır.

    Türkiyə hökuməti ilə AB arasında soyuqluğun bir sıra səbəbləri sadalanır.
    Misal üçün Türkiyədə demokratiyanın son illərdə sürətlə geriləməsi, insan haqlarının pozulması, mediaya basqılar, azlıqların hüquqlarının qorunmaması və sair ənənəvi demokratiya mövzuları Avropada tez-tez dilə gətirilən mövzulardan biridir. Ancaq dünyada Türkiyədən daha qeyri-demokratik ölkələr var ki, Almaniya dövləti onlarla normal münasibətlər saxlayır.

    Ortada olan əsas narahatlıq Türkiyənin hazırlaşdığı dəyişiklikdir. Avropa ölkələri, xüsusən də adları qeyd olunan dövlətlər, hansılar ki, Türkiyə ilə bir çox cəbhələrdə yaxın tərəfdaşlığa malikdir, bu ölkələr üçün Türkiyənin yeni sistemə keçməsi birbaşa olmasa da, maraqları üçün təhdiddir. Avropa qonşuluğunda “ikinci Putin Rusiyası”nın olmasını istəmir və bundan narahatlıq keçirir. Aydın məsələdir ki, referendumda müsbət nəticə çıxacağı təqdirdə Türkiyədə islamçı hakimiyyət (Avropaya nəzərən) daha da möhkəmlənəcək və prezidentin dövlətin qolları üzərində təsiri artacaq. Bu, bir tərəfdən klassik mənada avtoritarizm təhlükəsidirsə, digər tərəfdən də artıq Avropa ilə hesablaşmayacaq, istədiyi zaman Avropaya qarşı sərt cəbhə ala biləcək tam müstəqil ölkə modeli deməkdir. Əgər bu günə qədər Türkiyə hökumətini Avropaya qarşı sərt mövqe tutmasına parlament və mürəkkəb bürokratik sistem mane olurdusa, artıq yeni düzəlişdən (əgər keçərsə - K.R.) sonra artıq bu maneələr olmayacaq, AB Türkiyə prezidenti, onun iradəsi ilə hesablaşmalı olacaq.

    Bundan başqa yeni Türkiyənin müdaxiləçi, xarici siyasətdə aktiv hücumda olması (bunun yanında Rusiya ilə yaxınlaşma da əlavə bir narahatlıq mənbəyidir – K.R.) ehtimalı “Qoca qitəni”, ən azından onun Almaniya, Fransa kimi dövlətlərini narahat edir.

    Rubrika.az


    Facebook-da paylaş