• Evi yanan köçkünlər kömək istəyir

    Evi yanan köçkünlər kömək istəyir

    Mənzilləri kül olan vətəndaşlar gecəni yataqxananın koridorlarında keçiriblər...

    İyunun 7-də Yasamal rayonu ərazisində məcburi köçkünlərin yaşadığı yataqxanada güclü yanğın olub. Yanğın binanın 3-cü, 4-cü və 5-ci mərtəbələrini əhatə edib. Binanın bir bloku tamamilə yanıb. Nəticədə isə məcburi köçkün ailəsinə zərər dəyib.

    “Yeni Müsavat”ın əməkdaşı olaraq yanan yataqxanada olub, məcburi köçkünlərin vəziyyəti ilə maraqlandıq. Öyrəndik ki, hadisədən sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən mənzilləri yanan məcburi köçkünlərin müvəqqəti məskunlaşmaları üçün çadırlar qurulsa da, onlar bu çadırlarda qalmaqdan imtina ediblər. Məcburi köçkün ailələri gecəni yataqxananın yanmayan hissəsinin koridorlarında keçiriblər. Bildirirlər ki, bir dəfə evsiz qalıb çadırlarda yaşayıb, xeyli həyati travma alıblar. Ona görə də növbəti dəfə bu kimi çadırlara girmək istəmirlər...

    Biz hadisə yerində olduğumuz zaman zərərçəkmiş məcburi köçkünlər Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun qəbuluna getmişdilər. Onlarla dönənə qədər qonşuluqda yaşayan sakinlərlə söhbət edib, yanğınla bağlı bəzi məlumatları öyrəndik. Köçkünlər bildirdilər ki, yanğın ilk olaraq binanın həyətində, məcburi köçkün ailəsinin yaşadığı kiçik daxmadan başlayıb. Daha sonra isə tez bir vaxtda genişlənərək, binaya keçib. Sakinlərin sözlərinə görə, FHN əməkdaşları hadisə yerinə zamanında çatıblar. Elə buna görə də yataqxananın böyük bir hissəsi yanğından xilas edilib. Ancaq buna baxmayaraq, 10 ailənin əşyaları yanaraq tamamilə yararsız hala düşüb. Biz də yataqxananın yanan otaqlarını gəzib, müşahidə etdik ki, gerçəkdən də dar, qaranlıq otaqlarda köçkünlərin bütün məişət əşyaları yanıb. Yuxarıda “mənzil” deyə bəhs etsək də əslində dar, keçilməz koridorları olan yataqxanada hər bir məcburi köçkün ailəsi bir otaqda məskunlaşıb. 4-5 nəfərlik ailə üçün bu otaqlar həm yataq, həm qonaq, həm dərs, həm də iş otağıdır. Yataqxananın hamam-tualeti, mətbəxi də ümumidir...

    Nəhayət, Əli Həsənovla görüşə gedən zərərçəkmiş köçkünlər gəldilər. Onların üzlərində ilk baxışdan bir ümid sezilirdi. Sakinlərlə söhbətimiz zamanı öyrəndik ki, bu ümidin səbəbi Ə.Həsənovun onlara verdiyi sözdür. Belə ki, Ə. Həsənov köçkünləri qəbul edərək, yanğın nəticəsində dəymiş zərərin qarşılanması üçün müvafiq tapşırıqlar verib. Ə. Həsənovun göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin, Yasamal Rayon İcra Hakimiyyətinin və zərərçəkən sakinlərin nümayəndələrinin iştirakı ilə xüsusi komissiya yaradılıb. Komissiya bu gündən etibarən dəymiş zərərin hesablanması istiqamətində işə başlayacaq. Binanın yenidən təmir olunması qərara alınıb. Köçkünlərə isə bina təmir olunana qədər kirayə mənzildə yaşamaları üçün 200 manat vəsait təklif olunub. Lakin təklif olunan məbləğ məcburi köçkünləri qane etmir. Onlar bildirdilər ki, bu qiymətə ev tapmaları çətindir:

    “İndi bu cür yataqxanalarda otaqları 150 manata kirayə verirlər. Biz 200 manata mənzili haradan tapacağıq? Lap tapsaq da bizim heç bir əşyamız qalmayıb. Yanğın nəticəsində bütün varımız-yoxumuz əlimizdən çıxıb. Yaxşı, tutalım 200 manata 4 divarı kirayə tutduq, bəs məişət əşyalarımız necə olacaq? Ona görə də 200 manat azdır”, - deyə sakinlər bildirdilər.

    Evi yanan Zəminə Babayeva “Yeni Müsavat”a bildirdi ki, yanğın nəticəsində otaqda olan bütün əşyaları külə dönüb: “Bir də gördük ki, alov hər tərəfi bürüyüb. Yanğın o qədər güclü idi ki, pəncərəni yerindən çıxardı. Pəncərənin kənarında olan televizor istidən partladı. Bütün məişət əşyalarımız yararsız vəziyyətə düşdü. Buranın elektrik xətləri bərbad vəziyyətdədir. Dəfələrlə qısa qapanma nəticəsində yanğın baş verib. Bununla bağlı müvafiq şəxslərə də müraciət etmişik ki, yataqxananın naqillərinin hamısının üstü açıqdır. Çox acınacaqlı vəziyyətdə yaşayırdıq, indi də yanğın nəticəsində daha da pis günə düşdük. Cənab prezidentdən xahişimiz budur ki, bizi evlə təmin etsinlər. Artıq bu cür şəraitsiz yerlərdə yaşaya bilmirik. Çox əziyyət çəkirik”.

    Digər məcburi köçkünlər Reyhan Tağıyeva, Allahverdi Heydərovun da yaşadığı otaqda bütün məişət əşyaları külə dönüb. Söhbət etdiyimiz köçkünlər bildirdilər ki, bəzi əksər məişət əşyalarını kreditlə alıblar və hələ də ödənişləri başa çatmayıb. Ona görə də köçkünlər onlara dəyən zərərin tam olaraq ödənilməsini istəyirlər.

    Onu da qeyd edək ki, yataqxananın digər hissələri yanmasa da orada da kommunal xətlərin vəziyyəti bərbaddır. Yataqxananın bütün elektrik xətləri topa şəkildə bir-birinə yaxın məsafədədir. Eləcə də su və kanalizasiya xətləri də necə gəldi çəkilib. Köçkünlər bildirdilər ki, yataqxanaya su bir çəndən verilir. Həmin çən isə illərdir təmizlənmədiyi üçün sudan pis qoxu gəlir. Bununla bağlı aidiyyəti qurumlara dəfələrlə məlumat versələr də problem həll olunmamış qalır. Eləcə də kanalizasiya quyuları da tez-tez tutulduğu üçün bu məkana pis qoxu hər zaman hakim olur.

    Yanğın baş verən yataqxananın arxasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hələ də iş başındadır. Onlar qurduqları çadırların ətrafında əyləşib, köçkünlərin qərarlarını gözləyirlər. Bildirdilər ki, hələ ki köçkünlər çadırlarda yaşamağa razılıq verməyiblər. Əgər razılıq verərlərsə, çadırın lazımi şəraiti qurulacaq. Binanın yaxınlığında ehtiyac olarsa, dərhal müdaxilə etmələri üçün yanğınsöndürən və təcili tibbi yardım maşını da dayanıb, xidmət aparır.

    Rubrika.Az


    Facebook-da paylaş