• Bakı üçün Qarabağ fürsəti - Sərkisyanın məkrli 2018 hədəfi

    Bakı üçün Qarabağ fürsəti - Sərkisyanın məkrli 2018 hədəfi

    Rubrika.az Musavat.com-a istinadən xəbər verir ki Qarabağ danışıqlarında real irəliləyişə nail olmağa əsas maneələrdən birinin məhz Ermənistan hakimiyyətindəki “müharibə partiyası”nın olduğu artıq sirr deyil. Söhbət 19 il öncə Levon Ter-Petrosyanı devirib, çevriliş nəticəsində prezident hakimiyyətini zəbt eləmiş Köçəryan-Sərkisyan tandemindən - kriminal “Qarabağ klanı”nından gedir. Bu klan, konkret olaraq, Serj Sərkisyan hakimiyyətdə qalmaq üçün 2003-cü ilin martında hətta öz vətəndaşlarını qətliam eləməkdən belə çəkinməyib (O vaxt 8 nümayişçi öldürülmüşdü).

    Təsadüfi deyil ki, faktiki, hərbi canilər olan və Azərbaycan həbsxanalarının çoxdan darıxdığı Köçəryan və Sərkisyanın prezidentliyi dönəmində Dağlıq Qarabağ məsələsində Ermənistan ən radikal mövqe tutub və indi də bu mövqe davam etməkdədir.


    *****

    Əslində təəccüblü deyil. Çünki Azərbaycana qarşı separatizmin başında durmuş bu iki şəxs erməni xalqına verdiyi və heç vaxt reallaşması mümkün olmayan vədlərdən geri çəkilməkdən qorxurlar. Ən azı ona görə ki, o halda erməni xalqı haqlı sual edəcək: absurd “miatsum” ideyasına görə bu qədər qurban verməyə, ölkənin miskin kökə düşməsinə və boşalmasına dəyərdimi?

    İndiki prezident S.Sərkisyan bunu gözəl bildiyi, eyni zamanda nə vaxtsa hakimiyyətə əli günahsız azərbaycanlıların qanına batmayan birisinin gələcəyi təqdirdə onu yaxşı aqibətin gözləmədiyini fərq etdiyindən, hakimiyyətdən ikiəlli yapışmağa başlayıb.


    Ələlxüsus da indi - Ermənistanın prezidentli üsul-idarədən parlamentli idarəçiliyə keçid ərəfəsində olduğu vaxtda Sərkisyan aydındır ki, Qarabağ məsələsində hər hansı kiçik güzəşti belə yaxına buraxmayacaq. Gələn ilin aprelində isə onun prezident kimi səlahiyyətləri bitir və ondan sonra ölkədə əsas söz sahibi parlamentin seçəcəyi baş nazir olacaq.
    Serji ən çox qayğılandıran indi budur. Çünki baş nazirliyə Qarabağ məsələsində daha loyal mövqe sərgiləyə biləcək hazırkı hökumət başçısı Karen Karapetyan də gələ bilər - təbii ki, Moskvanın rüsxəti ilə. Yeri gəlmişkən, Karapetyan Moskvaya yaxın şəxs sayılır.


    Lakin Kremlin “xeyir-duası”nın kimə veriləcəyi hələlik dəqiq bilinmir. Sərkisyan 2018-in aprelinədək xarici siyasətdə özünü yandırmasa, Rusiya ona da stavka edə bilər. Lakin məntiqlə Moskva Qarabağ məsələsində hansısa müsbət dönüşün marağında olsa, o zaman Karapetyanın yolunu açacaq. Əks halda, Sərkisyan bu dəfə baş nazir kimi destruktiv siyasəti davam etdirəcək. Demək, böyük müharibə riski də xeyli artacaq.


    *****

    Hələliksə iki əsas rəqib - Sərkisyanla Karapetyan arasında 2018 hədəfinə hesablanmış gizli-açıq mübarizə davam edir və getdikcə güclənməkdədir.


    “Hazırda Ermənistanın siyasi həyatında çox ciddi ziddiyyətlər yaşanır”.

    Bu sözləri axar.az-a Ermənistanın hakim dairələrində baş verən son dəyişiklikləri və istefaları şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, bu ziddiyyətlərin yaranmasına əsas səbəb Sərkisyanın öz siyasi həyatına xitam vermək, siyasətdən uzaqlaşmaq niyyətində olmamasıdır.


    “Buna görə də o, hələ də Ermənistanın siyasi həyatında aparıcı rol oynamaq, hakim dairələri öz əlində saxlamaq üçün bir sıra addımlar atır. Ziddiyyətlər əsasən Dağlıq Qarabağdan gələn, Sərkisyana yaxın olan kadrlarla yerli ermənilər arasındadır. Bu, Sərkisyana daha yaxın olan kadrların həm siyasətdə, həm də iqtisadiyyatda hakim mövqelərdə təmsil olunmaları ilə bağlıdır. Yerli ermənilər Ermənistanda hakimiyyətin ”Qarabağ klanı" tərəfindən tamamilə ələ keçirildiyini düşünür. İstər sadə insanlar, istərsə də siyasi elitanın yuxarı dairələrində yerli ermənilər arasında psixoloji uyuşmazlıq açıq formada da olmasa, özünü göstərməkdədir", - deyə politoloq qeyd edib.


    Ekspert son dövrlərdəki ziddiyyətli hərəkətliliyin bir qisminin ölkənin parlamentar idarə sisteminə keçməsi ilə əlaqədar olduğunu qeyd edib: “Sərkisyan yaxşı başa düşür ki, parlamentar sistemdə prezidentin hakimiyyəti simvolik xarakter daşıyır. Artıq bütün səlahiyyətlər baş nazirin idarəsinə keçir. Hazırda Sərkisyanın apardığı siyasətdə əsas niyyət Ermənistanın baş naziri Karen Karapetyanı və ona yaxın adamları vəzifədən uzaqlaşdırmaq və onların yerinə özünə yaxın olan ”Qarabağ klanı"ndan olanları gətirməkdir. Sərkisyanın əsas hədəfi gələcəkdə prezidentlikdən istefa verib, baş nazir kimi fəaliyyətini davam etdirməkdir. Ancaq buna həm Karapetyan, həm də ona yaxın olan şəxslər səviyyəsində açıq müqavimət var. Çünki Karapetyan Moskvanın adamıdır, onun bütün fəaliyyəti Moskva ilə əlaqəlidir. Buna görə də Moskva gələcək “yatırımı” Karapetyana etmək niyyətindədir. Karapetyanın Dağlıq Qarabağa gəlməsi, burada istirahət etməsi, nar bağları salmaq fikrinə düşməsi isə onun Sərkisyana qarşı reytinq savaşına çıxdığını göstərir. Karapetyanın bu savaşda qalib gəlməsi də gözləniləndir".


    Q.Hüseynli onu da vurğulayıb ki, Sərkisyan və Karapetyan arasında vəzifə və səlahiyyət bölgüsü uğrunda gedən konfliktlər artıq açıq müstəviyə keçib: “Bu gün (dünən-red.) Ermənistan prezidenti Serj Sərkisyanın sərəncamı ilə Ara Nazaryan Ermənistanın müdafiə nazirinin müavini vəzifəsindən azad edildi. Ancaq bundan bir neçə saat sonra baş nazir Karen Karapetyanın qərarı ilə Ara Nazaryan fövqəladə hallar nazirinin müavini vəzifəsinə gətirildi. Bu, ciddi qarşıdurmanın mövcudluğundan xəbər verir” .


    *****


    Heç şübhəsiz, 2018-in apreli yaxınlaşdıqca bu rəqabət daha da şiddətlənəcək. Odur ki, Azərbaycan işğalçı ölkədə hakimiyyət uğrunda gedən mübarizəni diqqətlə izləməli, torpaqlarımızın daha bir hissəsinin azad olunması üçün yaranacaq unikal fürsəti qaçırmamalıdır. Ordumuzun növbəti hərbi uğuru, üstəlik, S.Sərkisyanın timsalında kriminal “Qarabağ” klanının hakimiyyətdən həmişəlik uzaqlaşdırılmasını tezləşdirə bilər.

    Rubrika.az


    Facebook-da paylaş