• Hökumət banklarla bacara bilmir

    Hökumət banklarla bacara bilmir

    Hüquqşünas bunun səbəbi kimi 4 ünvan göstərdi

    Rubrika.az musavat.com-a istinadla bildirir ki,problemli kreditlərin həcmi artdıqca, bütün ölkənin diqqətində olan bu məsələnin həlli ilə bağlı çağırışlar da çoxalır. Millət vəkilləri, müstəqil ekspertlər, sadə vətəndaşlar, hətta bəzi bank və bank təşkilatlarının rəsmiləri belə bu problemin aradan qaldırılması üçün ciddi addımların atılmasının gərəkliyini bildirirlər.

    Məsələ burasındadır ki, əksəriyyəti böhran və devalvasiyalardan əvvəl verilmiş kreditlərin müddəti bu il ərzində bitir. Banklar isə qaytarılmasında problemlə üzləşdikləri kreditlərlə bağlı iddia dövrünü keçirməmək üçün məhkəmələrdə iş qaldırırlar. Çox maraqlıdır ki, bir çox hallarda banklar məhkəmə iddialarına krediti qaytarmayan şəxslərin malik olduqları daşınmaz əmlaka dair arayış da daxil edirlər. Bu isə məhkəmələrin kreditin qaytarılmasının təmin olunması üçün hətta girov qoyulmayan əmlaka belə həbs qoyması ilə nəticələnir.

    Bütün bunlar bir daha diqqəti vaxtı keçmiş kreditlər məsələsinə yönəlməsinə səbəb olur: bu problemin həllinə nə və yaxud kimlər mane olur?

    Hüquqşünas-ekspert Əkrəm Həsənov deyir ki, məsələnin həllinə qısa müddətə nail olmaq mümkündür. Bunun üçün isə onu yaradanlar və aradan qaldırılmasına mane olanlar dəqiq müəyyənləşdirilməlidir: “Mən dəfələrlə demişəm ki, problemli kreditlərin mütləq əksəriyyəti bank sahibləri, bankların inzibatçılarının yaxın ətrafına, qohumlarına, müxtəlif məmurlara yaxın olan biznesə verilən kreditlərdir. Belə kreditlər çox aşağı faizlə, bir çox hallarda faizsiz verilib, girov təminatı alınmayıb. Sıravi vətəndaşların bu kreditlərdə payı ən uzağı 20-30 faizdir. Onlara isə kreditləri yüksək faizlə, artıqlaması ilə girov təminatı almaqla verilib. Buna görə də həm banklar istəmirlər ki, problemli kreditlərlə bağlı məsələ dərindən araşdırılıb, günahkarlar üzə çıxarılsın”.

    Ə.Həsənov problemin aradan qaldırılmamasında bəzi məmurların rolunun olmasını da istisna etmir: “Bu gün ölkənin maliyyə-bank sektoruna rəhbərlik edən şəxslərə baxaq: Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, Dövlət Neft Fondunun direktoru Şahmar Mövsümov, maliyyə naziri Samir Şərifov, Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı. Hər dörd şəxs bank sistemindən dəqiq məlumatlıdır, eyni zamanda bu sistemlə ciddi bağlılıqlar var. Qohumları bu sistemdə çalışır, özlərinin bank rəhbərləri ilə yaxın münasibətləri olub, indi də var. Məsələn, müflis olmuş ”Standardbank"dan yüz milyon kredit götürüb qaytarmayanlardan biri Ş.Mövsümovun qardaşıdır. Yəni bu şəxslərdən biri hansısa özünün əlaqəsi olmayan bankla bağlı kreditlər məsələsini qabarda bilmir, çünki ardınca ona bağlı bankın məsələsinin də qaldırılacağını bilir. Bütün bunların nəticəsidir ki, məsələnin kökündən həlli ilə bağlı konkret addımlar atılmır. Banklar isə çalışırlar ki, sadə vətəndaşlara yüksək faizlə verdikləri kreditləri geri qaytarmaqla zərərlərini ört-basdır etsinlər. Amma aydın məsələdir ki, beləliklə uzağa gedə bilməyəcəklər. Gec-tez problemli kreditlərlə bağlı real mənzərə üzə çıxacaq. Çünki məhkəməyə verməklə kimdənsə krediti almaq çox zaman mümkün olmur: işləməyən, gəliri olmayan şəxsin əmlakını o halda borcun ödənilməsinə yönəltmək olur ki, öz yaşayış yerindən artıq evə, yaxud maşına, qızıla-filana sahib olsun və məhkəmə bunu isbat etsin. Düzdür, elə adamlar var ki, qeyri-rəsmi işləyib gəlir əldə etsə də, krediti qaytarmaqdan yayınır. Belələrini banklar da yaxşı tanıyırlar. Lakin burada da dərinə getmək mümkün olmur, ona görə ki, həmin vətəndaşı müqaviləsiz işlədən şəxs də kimlərəsə bağlı olur, məhkəmə onların barəsində hər hansı qərar çıxara bilmir.

    Burada əsas zərəri vətəndaşlarla yanaşı, dövlət çəkir. Yəni hansısa bank müflis olursa, onun borclarının xeyli hissəsin qaytarılması dövlətin üzərinə düşür".

    Bank Ombudsmanının fəaliyyəti problemi nə qədər yumşalda bilər? Ə.Həsənovun sözlərinə görə, bu strukturun məsələnin həllində obyektiv mövqe tutması mümkün deyil: “Bank Ombudsmanı Azərbaycan Banklar Assosiasiyası tərəfindən yaradılıb. Assosiasiya isə bankların ictimai birliyidir. Yəni bu o deməkdir ki, Bank Ombudsmanı müştərinin deyil, bankın hüquqlarının müdafiəçisi olacaq. Xarici təcrübədə isə belə ombudsman ya müstəqil olur, ya da onu dövlət yaradır. İkincisi, mən Bank Ombudsmanının əsasnaməsi ilə tanış olmuşam. Orada yalnız kreditlərdən söhbət gedir. Bəyəm bankla müştərilər arasında mübahisələr yalnız kreditə görə yaranır? Əlbəttə ki, xeyr: bank köçürmələri, əmanətlər və çoxlu sayda digər məsələlərə görə yarana bilər. Daha bir məsələ budur ki, Bank Ombudsmanı yalnız 2 min dollara qədər olan kreditlərlə məşğul ola bilər. Bu, elə kreditlərdir ki, onlara görə məhkəmə çəkişməsinə çıxmaq banklara həmin kreditlərin özlərindən baha başa gəlir: həm vaxt, həm insan, həm də maddi resurs baxımından. Digər tərəfdən, həmin kreditlərin böyük əksəriyyətinin girov təminatı yoxdur. Hətta məhkəmə qərar çıxardıqda belə banklar onları geri qaytara bilmirlər. Buna görə də banklar belə kreditləri məhkəməyə getmədən həll etməyə çalışırlar”.

    Rubrika.Az


    Facebook-da paylaş