Prezidentin bu gün açılışını etdiyi möhtəşəm parkda - FOTO
Xəbər verildiyi kimi prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Bakının Xətai rayonunda Yusif Səfərov, Ələddin Quliyev və Sergey Senyuşkin küçələrinin əhatə etdiyi ərazidə salınan idman-əyləncə park kompleksinin açılışında iştirak ediblər. Virtualaz.org saytının əməkdaşları rəsmi açılışdan az sonra bu parkda olublar, orada şəhər sakinlərinin istirahəti üçün yüksək səviyyədə şəraitin yaradıldığının şahidi olublar.
Xatırladaq ki, əvvəllər bu parkın yerində yöndəmsiz “Araz” oteli və ona bitişik, hasarlanmış ərazi, habelə mərmər sexi, “gecəqondu” tipli həyət evləri mövcud idi. Otel və digər obyektlər iki il əvvəl sökülüb, prezidentin göstərişi ilə ərazidə istirahət parkının yaradılması üçün işlər başlayıb.
Yeni park Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 36833 kvadratmetr sahədə salınıb, kompleslə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş və bu yaxınlarda istifadəyə verilmiş “Sevirəm” parkını asfaltlanmış sahə, avtodayanacaqlar, müasir metal körpü birləşdirir.
Parkda yüzlərlə dekorativ ağac və bitki əkilib. Kompleksdə keçmişlə-gələcəyin vəhdəti hiss olunur-yaşıllığın içində təbii daşlardan düzəldilmiş “Nəğmə oxuyan daş” heykəlləri, metaldan düzəldilən heyvan təsvirləri qoyulub. İçərisində qadın və kişi heykəli qoyulmuş kiçik “şəlalə”-hovuz isə parka xüsusi gözəllik verir.
Parkın mərkəzində ağ-qırmızı rənglərlə “Love” kompozisiyası quraşdırılıb. Bir qədər irəlidə isə örtülü şahmat pavilyonu, iki futbol meydançası, voleybol, həndbol və basketbol oyunları üçün universal idman meydançası. trenajor meydançası var.
Yaxınlıqda yaşayan sakinlər deyirlər ki, 2016-cı ilədək bu ərazidə bir-birinin az qala içində tikilmiş daxmalardan ibarət yöndəmsiz evlər yerləşirdi və gündən-günə gözəlləşən, çoxmərtəbəli binalarla bəzənən Bakının görüntüsünü pozurdu.
Köhnə daxmalarla yanaşı yol kənarında yerləşən “Araz” oteli, eləcə də bir neçə mağaza sökülərək həm yeni yol çəkilib, həm də sakinlərin istirahəti üçün park salınıb.
Sakinlərdən Gülbəniz İbrahimova bildirir ki, həyat yoldaşı 18 ildir görmə qabiliyyətini itirib, ona görə də yaxınlıqda belə bir istirahət güşəsinin salınması onları çox sevindirir: “Hər gün onu açıq havada gəzintiyə çıxarıram. Həyətdə gəzinti üçün yer azdır, bəzən stul qoyub otururduq. Bu gün ilk dəfə parka gətirmişəm, çox gözəldir, hər şərait var”.
Nəvələrini parka gəzməyə gətirən İradə Əliyeva isə deyir ki, xüsusən pulsuz idman qurğuları çox xoşuna gəlib. Çünki özü və nəvələri hər gün idman etmək üçün pul verməyə məcbur qalmayacaq.
“Futbol meydançasının olması çox yaxşıdır, özünüz bilirsiniz ki, son vaxtlar uşaqlar oyun meydançalarının olmamasından əziyyət çəkirlər. Həyətlərdə futbol oynamağa boş yer yoxdur. Hər yeri zəbt ediblər, tikinti aparıblar. Ona görə də bu parkın açılması xüsusən uşaqlar üçün çox gözəl hadisə oldu, indi onlar təhlükəsiz şəraitdə parkda futbol oynaya, digər idman növləri ilə məşğul ola, boş vaxtlarını mənalı keçirə bilərlər”-, sakin bldirir.
Həmsöhbətimiz əlavə edir ki, belə gözəl parkı qorumaq lazımdır. Çünki çoxunun evində bu idman alətlərindən yoxdur, pullu idman zallarına getməyə isə bir çoxlarının imkanı çatmır.
Parkda gecə işıqlandırılması sistemləri ilə yanaşı müşahidə kameraları da quraşdırılıb. Ərazinin yaşlı sakinləri də diqqətdən kənarda qalmayıb və parkda onların da istirahəti üçün xüsusi guşə yaradılıb…
Xatırladaq ki, son illər Bakıda bir neçə bu cür müasir istirahət parkları yaradılıb, sakinlərin ixtiyarına verilib.
Rubrika Az
Facebook-da paylaş