“Paşinyanın Rusiyanın təzyiqlərinə tab gətirməsi çətindir”
Elxan Şahinoğlu: “O, ABŞ və Avropa Birliyindən kifayət qədər dəstək ala bilmir”
“Ermənistanın baş naziri Nikol Paşinyanı Moskvada "qulaqburması" gözləyir. Rusiya xarici işlər naziri Sergey Lavrovun və Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun açıqlamaları da bundan xəbər verir”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bunu musavat.com-a açıqlaması zamanı söylədi.
Rubrika.az Musavat.com-a istinaden xeber verir ki, Ekspert şübhə etmir ki, 8 sentyabrda Moskvaya səfər edəcək Paşinyandan Rusiyanın tələblərini yerinə yetirməsini istəyəcəklər: “Bu tələblər Paşinyanın manevr imkanlarını daraltmağa xidmət edir. Paşinyanın durumunu çətinləşdirən həm də odur ki, o, ABŞ və Avropa Birliyindən kifayət qədər dəstək ala bilmir. Bu dəstək olmadan Paşinyanın Rusiyanın təzyiqləri qarşısında tab gətirməsi çətindir”.
E.Şahinoğlu qeyd etdi ki, Gürcüstanın Azərbaycana və Ermənistana vasitəçilik təklifi etməsi də diqqəti cəlb edir: “Bu təklifi dəstəkləyirəm. Nikol Paşinyan hakimiyyətə gəldiyi günlərdə geniş yazı hazırladım və Rusiyadansa, Gürcüstanın vasitəçiliyinin Azərbaycana və Ermənistana daha faydalı olacağını qeyd etdim. Yenə o fikrimdə qalıram. Birincisi, “parçala və hökm sür” siyasətini əlində rəhbər tutan Rusiyadan fərqli olaraq, Gürcüstan Cənubi Qafqazda həqiqi sülhdə və 3 ölkə arasında əməkdaşlığın genişlənməsində maraqlıdır. İkincisi, Gürcüstan öz təcrübəsindən çıxış edərək, Dağlıq Qarabağ münaqişəsinin həllində ərazi bütövlüyü prinsipindən çıxış edəcək. Üçüncüsü, Nikol Paşinyan jurnalist olduğu illərdə tez-tez Tiflisdə müxtəlif toplantılarda olub, onun dostluq etdiyi gürcülərin Azərbaycanda da dostları var. Dördüncüsü, Gürcüstanın vasitəçilik təşəbbüsü Rusiyanın təsirini azaltmağa çalışan Paşinyanın da maraqlarına cavab verir. Beşincisi, Gürcüstanın vasitəçiliyi ABŞ və Avropa Birliyinin dəstəyini qazanacaq və bu, Cənubi Qafqazın bütöv halda Qərbə interqsiyasını gücləndirə bilər. Gürcüstanın vasitəçiliyinin əleyhinə olan iki güc var: Kreml və “Qarabağ klanı”.
Rubrika.az
Facebook-da paylaş