• XİN 2018-ci ilə yekun vurdu

    XİN 2018-ci ilə yekun vurdu

    Müstəqil və çoxşaxəli xarici siyasət kursu Azərbaycanın Cənubi Qafqaz regionunun aparıcı və ən inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib.


    Rubrika.Az Modern.az-a istinaden məlumatına görə, bu barədə 2018-ci ilin yekunlarına dair Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat buraxılışında deyilir.

    Qeyd olunur ki, 2018-ci ildə qlobal və regional güclər arasında artan ixtilaflar beynəlxalq münasibətlər sistemində davam edən gərginliyi, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələri, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşmanı, həmçinin silahlı münaqişələr, etnik qarşıdurmalar, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyətini daha da kəskinləşdirib.

    Yerləşdiyi region ətrafında cərəyan edən ziddiyyətli proseslər şəraitində ölkəmiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində daxili sabitlik və inkişafını təmin etmək, iqtisadiyyatını müsbət artım dinamikasına kökləmək və irimiqyaslı layihələr həyata keçirməklə beynəlxalq səviyyədəki nüfuz və rəğbətini daha da möhkəmləndirməyə müvəffəq olub.

    Cari ildə Azərbaycanın xarici siyasəti qarşılıqlı hörmət və bərabərhüquqluq əsasında iki və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi, təhlükəsizliyin, iqtisadi və sosial rifahın dayanıqlılığının təmin edilməsi və mədəni təşəbbüslərin artırılması istiqamətlərinə yönəlib. Eyni zamanda, Azərbaycan Prezidentinin 16 may 2017-ci il tarixli Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncamına uyğun olaraq xarici siyasətimizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünün qeyd edildiyi cari ildə milli istiqlaliyyət və dövlətçilik dəyərlərimizin beynəlxalq müstəvidə geniş təşviq olunmasına xüsusi diqqət ayrılıb.

    Xalqın iradəsinə əsaslanan ölkədəki sabit ictimai-siyasi vəziyyət, sosial-iqtisadi sahələrdə aparılan səmərəli islahatlar və quruculuq işləri, habelə uğurla davam etdirilən müstəqil və çoxşaxəli xarici siyasət kursu Azərbaycanın Cənubi Qafqaz regionunun aparıcı və ən inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib.

    2018-ci il ərzində Azərbaycan insan hüquqları, demokratiya, qanunun aliliyi və yaxşı idarəçiliyin təşviqi sahəsində beynəlxalq və regional təşkilatlarla səmərəli fəaliyyətini davam etdirib. 22 mart 2018-ci il tarixində BMT İnsan Hüquqları Şurasının 37-ci sessiyası çərçivəsində ölkəmiz tərəfindən irəli sürülmüş “Dövlət xidmətlərinin səmərəli, şəffaf və məsuliyyətli çatdırılması vasitəsilə insan hüquqları və Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə layihəsi yekdilliklə qəbul edilib. 25 aprel 2018-ci il tarixində Avropa Şurası Parlament Assambleyasında qəbul olunmuş “Avropada məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” adlı qətnamədə işğal edilmiş ərazilərin əhalisinin başqa yerə köçürülməsi və işğalçı qüvvə tərəfindən bu ərazilərə digər əhalinin yerləşdirməsi müharibə cinayəti kimi qeyd olunub. 17 dekabr 2018-ci il tarixində BMT Baş Assambleyasında Azərbaycan tərəfindən irəli sürülmüş və əsas məqsədi silahlı münaqişələr şəraitində itkin düşmüş şəxslərin probleminə diqqətin daha da artırılmasından ibarət "İtkin düşmüş şəxslər" adlı qətnamə yekdilliklə qəbul edilib.

    Demokratiya, insan hüquqları və qanunun aliliyi sahələrində beynəlxalq təsisatlarla aparılan səmərəli əməkdaşlıqla yanaşı cari ildə mədəniyyətlərarası dialoqun təşviq edilməsinə də böyük önəm verilib.

    26 noyabr - 1 dekabr 2018-ci il tarixlərində keçirilmiş YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin iclasında Azərbaycan tərəfinin təqdim etdiyi “Çövkən - ənənəvi Qarabağ atüstü oyunu” ilə bağlı milli hesabat qəbul olunub, həmçinin “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” adlı nominasiya Qorunmaya Ehtiyacı olan YUNSEKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

    İl ərzində beynəlxalq təsisatların seçkili vəzifələrinə ölkəmizdən irəli sürülən namizədliklərin müvəffəqiyyətlə irəliləməsi Azərbaycanın ikitərəfli və çoxtərəfli beynəlxalq münasibətlər müstəvisində apardığı uğurlu siyasətinin bariz nümunəsini təşkil edib.

    4-6 iyun 2018-ci il tarixlərində YUNESKO-nun Baş qərargahında keçirilmiş təşkilatın Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyasına üzv ölkələrin 7-ci Baş Assambleyasında Azərbaycan adı çəkilən Komitəyə üzv seçilib.

    7 iyun 2018-ci il tarixində Nyu-York şəhərində keçirilmiş BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Konvensiyasına tərəf dövlətlərin iclasında Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmisi BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin üzvlüyünə seçilib.

    2018-ci ildə VI Bakı Beynəlxalq Humanitar Forumu, VI Qlobal Bakı Forumu, Qoşulmama Hərəkatının Xarici işlər nazirləri konfransı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlər toplantısı, Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi, “Formula 1” Azərbaycan Qran-Pri yarışları, XXV Beynəlxalq Xəzər Neft və Qaz-2018 sərgisi, ADEX-2018 III Beynəlxalq Müdafiə Sərgisi və digər mötəbər beynəlxalq tədbirlərin Azərbaycanda yüksək səviyyədə keçirilməsi ölkəmizin artan beynəlxalq nüfuzunun, ona bəslənilən yüksək etimadın, həmçinin zəngin təcrübə və bacarıqlarının göstəricisini təşkil edib.

    Bununla yanaşı, il ərzində Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyasının Baş katibi, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Beynəlxalq Əmək Təşkilatının Baş direktoru, Ümumdünya Meteorologiya Təşkilatının Baş katibi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş katibi, BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi, NATO Baş katibinin müavini, YUNESKO Baş direktorunun müavini, Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktorunun müavini, Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri - humanitar məsələləri üzrə BMT Baş katibinin nümayəndəsi, Fəlakət Risklərinin Azaldılması üzrə BMT Ofisinin (UNISDR) Avropa regional ofisinin rəhbəri Azərbaycana səfər ediblər.

    Cari ildə Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (Azerbaijan International Development Agency /AIDA) tərəfindən aparılmış birgə fəaliyyət nəticəsində “Azərbaycanın Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyası” İctimai Birliyi təsis edilib. Assosiasiyanın yaradılmasında əsas məqsədi Azərbaycanda təhsil almış əcnəbi vətəndaşların bir araya gətirilməsi, qarşılıqlı əlaqələrin yaradılması və ictimai faydalı məqsədlərə nail olunması təşkil edir. 26 oktyabr 2008-ci il tarixində Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə ADA Universitetində “Azərbaycanın Əcnəbi Məzunlarının Beynəlxalq Assosiyasiyası”nın nümayəndələrinin iştirakı ilə “Gələcəyimizə sərmayə: dayanıqlı və inklüziv inkişafa doğru” mövzusunda təşkil olunmuş dəyirmi masada vaxtilə Azərbaycanda təhsil almış 25 ölkədən 65 yüksək vəzifəli əcnəbi məzunlar iştirak edib.

    2018-ci ildə Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən ADA Universiteti təhsil proqramlarını 8 bakalavr və 4 magistr proqramları vasitəsilə 43 ölkədən olan 2200 əcnəbi tələbələr üçün davam etdirib. Xarici İşlər Nazirliyi və ADA Universiteti tərəfindən maliyyələşdirilən Xəzər Hövzəsinin Araşdırılması Proqramı çərçivəsində 38 ölkədən olan əcnəbi diplomatlara təlim keçirilib. Cari ildə ADA Universiteti yeni əməkdaşlıq əlaqələri quraraq, Massaçusets Texnologiya İnstitutu, Vaterlo Universiteti, Venesiyanın Kofoskari Universiteti, Macarıstanın Diplomatik Akademiyası, Latviya Universiteti, Hindistanın Diplomatik Akademiyası, Qazax – Britaniya Texniki Universiteti, Türkmənistanın Diplomatik Akademiyası, Tacikistanın Diplomatik Akademiyası və Rusiyanın Skolkovo İdarəçilik Məktəbi ilə anlaşma memorandumu imzalayıb. 25 may tarixində ADA Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib.


    Rubrika.Az


    Facebook-da paylaş