• Ramiz Rzayev: “Məhkəmə jurnalistləri açıq proseslərə buraxmırsa, düz etmir”

    Ramiz Rzayev: “Məhkəmə jurnalistləri açıq proseslərə buraxmırsa, düz etmir”

    “İstənilən şəxs açıq məhkəmə proseslərini sərbəst izləyə bilər. Əgər Bakı Hərbi Məhkəməsi jurnalistləri açıq proseslərə buraxmırsa, düz etmir. Yalnız dövlət sirri, ailə sirri ilə bağlı proseslər qapalı aparılır. Mən bununla bağlı həmin məhkəmə sədrləri ilə danışaram", - bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev jurnalistələrin açıq məhkəmə proseslərinə buraxılmaması ilə bağlı sualı cavablandırarkən bildirib.

    R.Rzayev, həmçinin qeyd edib ki, ötən il prokurorluq tərəfindən verilən protestlərin cəmi 35 faizi təmin edilib: “Belə bir fikir yaranıb ki, guya prokuror nə deyirsə, məhkəmə də onu deyir. Bu, belə deyil. Bəlkə sovet dövründə olub belə şeylər. Hazırda belə deyil. Ötən il prokurorluq tərəfindən verilən protestlərin cəmi 35 faizi təmin edilib. Bunun da olması normaldır, çünki hakimlər də səhv edə bilir".

    * * *12:04

    Azərbaycan Prezidenti cənab İlham Əliyev problemli kreditlərin həlli barədə fərman imzaladığı gündən məhkəmələrdə baxılan problemli kreditlərlə bağlı işlərin icraatı təxirə salınıb. Bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

    R.Rzayev qeyd edib ki, fərmanın icrası ilə əlaqədar bütün lazımi tədbirlər görülüb, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə işçi qrupu yaradılıb.

    R.Rzayev bildirib ki, fərmandan gələn tələblər yüksək səviyyədə yerinə yetiriləcək.

    * * *11:28

    Ali Məhkəmədə “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının icrası və Ali Məhkəmənin 2018-ci ildə fəaliyyətinin yekunları ilə əlaqədar mətbuat konfransı keçirilib.

    Virtualaz.org-un xəbərinə görə, Ali Məhkəmənin sədri Ramiz Rzayev Prezident İlham Əliyev tərəfindən ölkədə genişmiqyaslı sosial-iqtisadi və hüquqi islahatlar həyata keçirildiyini deyib.

    Onun sözlərinə görə, Azərbaycan Respublikasının qanunvericilik sistemi daim inkişaf edən və dəyişən ictimai münasibətlərin hüquqi tənzimlənməsinin təmin edilməsi məqsədi ilə mütəmadi olaraq təkmilləşdirilir, yeni qanunvericilik aktları qəbul edilir:

    "Ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün sosial-iqtisadi və digər sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında da yeni mərhələnin başlanmasını və bu sahədə davam edən islahatların dərinləşməsini zəruri edir.

    Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında” aprelin 3-də imzaladığı Fərmanı ölkə başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir. Əslində, bu Fərman məhkəmə-hüquq sistemində islahatların dərinləşməsini, yeni mərhələdə müasir tələblərə uyğun və sistemli davam etdirilməsini şərtləndirməklə məhkəmə sisteminin gələcək inkişafı üçün strateji prioritetləri müəyyən edən “yol xəritəsi”dir.

    Dövlət başçısının proqram xarakterli Fərmanında məhkəmə hakimiyyətinə məhkəmə-hüquq sistemində kompleks qanunverici, institusional və praktiki tədbirlərin görülməsi, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması, cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi istiqamətində, eləcə də işlərə baxılarkən ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyinin təmin edilməsi və Azərbaycan Respublikası Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət edilməsinə dair tövsiyələr verilib".

    Ramiz Rzayev əlavə edib ki, fərmanda həmçinin məhkəmə-hüquq sisteminin bütün sahələrini əhatə edən fəaliyyət istiqamətləri müəyyən edilməklə yanaşı, Ali Məhkəməyə məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün ciddi tədbirlərin görülməsi, ədalət mühakiməsinin keyfiyyətinin artırılması məqsədilə məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi sahəsində fəaliyyətinin gücləndirilməsi, həmçinin məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində müəyyən edilmiş sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması üçün müvafiq mexanizmlərin işlənib, hazırlanmasına dair tapşırıqlar verilib.

    Ali Məhkəmənin sədri bildirib ki, ümumilikdə baxanda hələ də məhkəmə sistemində müəyyən pozuntular var. O vurğulayıb ki, aparılacaq islahatlar bu kimi halların aradan qaldırılmasına xidmət edəcək və məhkəmə sisteminə etimadı artıracaq.

    İnarə Rafiqqızı

    Virtualaz.org

    * * *11:20

    2018-ci ildə Azərbaycanda birinci instansiya məhkəmələri tərəfindən 246.920 işə, o cümlədən 224 584 mülki, 5029 iqtisadi, 17 307 inzibati mübahisələrə dair işlərə baxılıb.

    Virtualaz.org-un əməkdaşı xəbər verir ki, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev keçirdiyi mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, 2017-ci illə müqayisədə 2018-ci ildə baxılan işlərin ümumi sayı 30,5 faiz azalıb.

    R.Rzayev bildirib ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan vətəndaşlarının müraciətinə əsasən ləğv olunan işlərin sayında 2017-ci illə müqayisədə 2018-ci ildə azalma müşahidə olunub.

    Ali Məhkəmənin sədri əlavə edib ki, Ali Məhkəmənin mülki, cinayət və hərbi kollegiyalarında 2018-ci ildə baxılmış işlər 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə azalıb, inzibati-iqtisadi kollegiyada isə artıb: "Mülki kollegiyada 6,5 faiz, cinayət kollegiyasında 3,1 faiz, hərbi kollegiyada 8,9 faiz azalma, inzibati-iqtisadi kollegiyada 4 faiz artma müşahidə olunub".

    Rubrika.Az


    Facebook-da paylaş