• FHN: Bakıda taxta bazarındakı yanğın söndürüldü - YENİLƏNİB

    FHN: Bakıda taxta bazarındakı yanğın söndürüldü - YENİLƏNİB

    "Baksol yolu" yaxınlığında tikinti materialları bazarında baş verən yanğın söndürülüb.

    RUBRİKA.AZ virtualaz.org-a istinadən bildirir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) rəsmi məlumat yayıb.

    Məlumatda deyilir: “Bakı şəhəri, Nərimanov rayonu, “Baksol yolu” yaxınlığında tikinti materialları bazarında baş vermiş yanğın FHN-in müvafiq qüvvələri tərəfindən söndürülüb. Yanğının söndürülməsi üçün əraziyə, ümumilikdə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 34 ədəd texnika və 141 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 6 ədəd texnika və 60 nəfərdən ibarət canlı qüvvə cəlb olunub. İki nəfər yanğınsöndürən tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, üç nəfərə isə yerində yardım göstərilib. İlkin hesablamalara görə, təxminən, 7200 kv. m. taxta məmulatları yanıb. Bitişik obyektlər yanğından mühafizə olunub”.

    * * *18:58

    "Baksol yolu" yaxınlığında tikinti materialları bazarında baş verən yanğın söndürülüb.

    Virtualaz.org bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev məlumat verib.

    Onun sözlərinə görə, yanğın üç saatdan çox davam edib: "Yanğının sahəsi, təxminən, 1500 kvardratmetrdən artıqdır. Yanğının söndürülməsinə 32 texnika, 250-dən artıq canlı qüvvə cəlb olunub".

    Nazir müavini bildirib ki, bazardakı yanğın zamanı ciddi xəsarət alan olmayıb: "Yanğın barədə məlumat daxil olan kimi, dərhal yanğın bölmələri hadisə yerinə cəlb olunub. Buraya yaxın ərazidə yanğından mühafizə bölmələrimiz var. Ona görə də əməkdaşlarımız hadisə yerinə vaxtında çatıblar. Burada əsas məsələ suyun çatışmazlığı olub. Biz suyu öncədən daşıma yolu ilə əldə etdik. Yanğın tam söndürülüb. Yayılma təhlükəsi yoxdur".

    ** 17:54

    Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bu dəqiqələrdə saytımıza verilən məlumata görə “Baksol yolu” adlanan ərazidə, Dərnəgüldə taxta bazarında hazırda davam edən güclü yanğın nəticəsində xəsarət alan 3 nəfər xəstəxanaya yerləşdirilib, daha 3 nəfərə yerində tibbi yardım göstərilib.

    FHN-in yeni məlumatında isə deyilir ki, yanğının söndürülməsi üçün əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin 22 texnikası, Xüsusi Riskli Xilasetmə Xidmətinin 60 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub. İki nəfər yanğınsöndürən tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

    17.42

    Fövqəladə hallar nazirinin müavini, general Etibar Mirzəyev hadisə yerində jurnalistlərə açıqlama verib. Deyib ki, yanğın 1500 kvadratmetrdən çox ərazini əhatə edir, FHN-in qüvvələri yanğının nəzarət altına alınması və söndürülməsi üçün gərgin mübarizə aparır. Yanğının söndürülməsinə 25-dən artıq xüsusi texnika, 200-dən çox canlı qüvvə cəlb olunub. Yanğının səbəbləri hələ məlum deyil, araşdırmalardan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

    17.24

    Yanğın yerinə Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev də gəlib. O, yanğınsöndürmə işləri ilə tanış olub, müvafiq tapşırıqlarını verib.


    16.39

    Dərnəgül qəsəbəsində taxta bazarda baş vermiş yanğına görə hadisə yerinə 10 təcili yardım briqadası göndərilib. Bu barədə virtualaz.org-a Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib. Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin bir yanğınsöndürən əməkdaşına tibbi yardım edilib. Briqadalar hazırda hadisə yerindədir, müraciətlərlə bağlı əlavə məlumat veriləcək.

    16.37

    Bu dəqiqələrdə FHN yanğınöndürənlərin Bakının Dərnəgül qəsəbəsində, "Baksol yolu" adlanan ərazidəki taxta bazarında güclü alovla necə mübarizə apardığına dair kadrları yayıb. Həmin kadrları təqdim edirik:

    Son məlumata görə yanğın "Baksol" yolu adlanan ərazidəki taxta bazarında baş verib , hazırda davam etməkdədir. Yanğınla əlaqədar həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb. Bu barədə virtualaz.org-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Agentlik bildirib ki, nəqliyyat vasitələrinin Ziya Bünyadov prospektindən Dərnəgül 1 yoluna (Baksol yolu) girişi bağlanıb.

    Yanğınsöndürmə texnikalarının və digər operativ nəqliyyat vasitələrinin hadisə yerinə maneəsiz gəlməsi, eləcə də ərazidə sərbəst hərəkət etməsi üçün sürücülərdən zərurət olmadığı halda bu yoldan istifadə etməmələri xahiş olunur.

    Bu gün FHN-in 112 “Qaynar xətt”inə Bakının Nərimanov rayonunda, Dərnəgül qəsəbəsində güclü yanğının baş verdiyi haqda məlumat daxil olub. virtualaz.org xəbər verir ki, yanğın əhalinin sıx yaşadığı ərazinin yaxınlığında başlayıb.

    FHN-in mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva virtualaz.org-a bildirib ki, yanğının söndürülməsi üçün nazirliyin müvafiq qüvvələri həyacan siqnalı ilə səfərbər edilib. Əlavə məlumat veriləcək.

    Yanğın strateji əhəmiyyətli sənaye müəssisəsi olan “Baku Steel Company”nin yaxınlığında baş verib. Məlumata görə yanan Dərnəgüldəki taxta bazarındakı anbarlardır. Zavodun mətbuat xidmətindən virtualaz.org- a bildiriblər ki, hazırda müəssisəyə elektrik enerjisinin verilməsi dayandırılıb.

    RUBRİKA.AZ


    Facebook-da paylaş