• "Günaybank"ın rəhbərinə qarşı ağır ittiham - milyonların yoxa çıxdığı cinayət işində adı keçir

    "Günaybank"ın rəhbərinə qarşı ağır ittiham - milyonların yoxa çıxdığı cinayət işində adı keçir


    Milyonların taleyi araşdırılan məhkəmə iclasında Mahmud Məmmədovun adı çəkilir. O, "Günaybank"ın rəhbəridir.

    Rublika.Az Müsavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Emin Zeynalovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasına dindirilməyən zərərçəkmişlərdən heç biri gəlməyib.

    Emin Zeynalovun vəkili Kamandar Nəsibov zərərçəkmişlərin məhkəmədə dindirilməsini istəyib. Hakim bildirib ki, məhkəmə ifadə verməyən hər üç zərərçəkmişin məhkəməyə gətirilməsi üçün lazım olan bütün addımları atıb. Lakin onlardan biri ölkə xaricində olduğu üçün, biri isə xəstəxanada müalicə aldığı üçün məhkəməyə gələ bilmir. Digər şəxs isə şikayət və tələbi olmadığı üçün məhkəməyə gəlmək istəmir.

    Buna görə də hakim məhkəmə iclasının davam etdirilməsini istəyib. Hakim Emin Zeynalova ifadə verməyi təklif edib. Emin Zeynalov hazırkı mərhələdə ifadə verməyə hazır olmadığını deyib. O, həbsxanada karsa salındığını deyib. Buna görə də ifadə verməyə hazırlaşa bilmədiyini söyləyib.

    Musavat.com Emin Zeynalovun karsa salınmasının səbəbini də öyrənib. Məlum olub ki, Emin Zeynalov həbsxanada mobil telefondan istifadə etdiyi üçün cəzalandırılıb. Hakim məhkəmə iclasına gəlməyən üç nəfər zərərçəkmişin ifadələrinin elan edilməsini istəyib. Prokuror və prosesdə iştirak edən zərərçəkmişlər bununla razılaşıb. Lakin Emin Zeynalovun vəkili buna etiraz edib. Vəkil Kamandar Nəsibov deyib ki, zərərçəkmişlərin ifadəsi elan edilsə belə onlara bəzi məqamları aydınlaşdırmağa, araşdırmağa vaxt verilməlidir.

    "Bir zərərçəkmiş psixi problemlərinə görə xəstəxanada müalicə alırmış. Biz rəsmi sorğu verib bunu dəqiqləşdirəcəyik. Bir zərərçəkmiş xaricdə olduğu üçün gəlmir. Biz aydınlaşdıraq görə bu adam Azərbaycana heç gəlmir?" - deyə vəkil bildirib.

    Məhkəmənin davamında hakim zərərçəkmişlərin ifadələrini elan edib. İlk olaraq zərərçəkmişlərdən İlkin Nuriyevin ifadəsi elan edilib. Məlum olub ki, İlkin Nuriyev də valyuta dəyişmə əməliyyatlarından qazanc əldə etmək üçün Emin Zeynalova pul verənlərdəndir.

    İlkin Nuriyev ifadəsində Emin Zeynalovu dostu Ramil Sultanov vasitəsi ilə tanıdığını bildirib. Qeyd edib ki, bir neçə dəfə Emin Zeynalova xarici valyuta alqı-satqısı üçün pul verib və qazancı ilə də geri alıb. Sonuncu dəfə isə ümumilikdə Emin Zeynalova 750 min dollar verib. Amma pulunu geri ala bilməyib. Ona dəymiş zərərin az bir hissəsi ödənilib.

    Vəkil Kamandar Nəsibov bildirib ki, rəsmi sorğu verərək zərərçəkmişin hansı xəstəlikdən müalicə almasını dəqiqləşdirnək lazımdır. Müdafiəçi bunun üçün məhkəmədən vaxt istəyib.

    Daha sonra digər zərərçəkmiş Əmrah İldırımzadənin ifadəsi elan edilmiş hesab edilib. Məlum olub ki, zərərçəkmiş məhkəməyə teleqram vuraraq şikayət və tələbi olmadığı üçün məhkəmədə iştirak etmək istəmədiyini bildirib.

    İş üzrə əsas zərərçəkmişlərdən biri də Orxan Vəliyevdir. O hazırda ölkə xaricində olduğu üçün məhkəməyə gəlmir. Kamandar Nəsibov Orxan Vəliyevin əsas zərərçəkniş olduğunu, məhkəmədə mütləq dindirilməsini istəyib.

    Məlum olub ki, Orxan Vəliyev bu iş üzrə 4 milyon dollardan artıq zərər çəkib. Orxan Vəliyev digər tanışlarının da Emin Zeynalova pul verməsində vasitəçi olub. Vəkil Kamandar Nəsibov deyib ki, məhkəmə təsir altına düşməməli və Orxan Vəliyevi məhkəməyə gətirməlidir. Hakim Əfqan Hacıyev məhkəmənin heç kimin təsiri altına düşmədiyini deyib.

    Məhkəmə araşdırması davam etdirilir.

    İttihamda yazılır ki, Emin Zeynalov "GünayBank"da sədr müavini olan zaman müxtəlif şəxslərdən külli miqdarda pul alıb. Həmin şəxslərə vəd edib ki, bankdan kənar valyuta dəyişməklə qısa zamanda qazanc əldə edəcək, onlara da qazanc verəcək.

    Bu məqsədlə Emin Zeynalov Rəşad Qəribovdan 200 min dollar, bacısının əri Fərid Məmmədov 1 milyon dollar, Tamerlan Şeyxzamanovdan 100 min dollar, M.Məmmədəliyevdən 2,5 milyon dollar, Əmrah İldırımzadədən 300 min dollar, Rövşən Əlizadədən 200 min dollar, Eldar Abbasovdan 600 min dollar, Rüfət Kərimovdan 1.4 milyon dollar, İlkin Nuriyevdən 750 min dollar, Orxan Vəliyevdən 4 milyon dollar, Vazeh Xələfovdan 20 min dollar, Elnur Talıbovdan 45 min dollar, Elgün Bağırovdan 1 milyon 850 min dollar, Türkiyə vətəndaşı Zivari Sərdar Mustafa oğlundan 4.5 milyon dollar, Araz Süleymanovdan 1.5 milyon dollar, Rahim Məmmədovdan 500 min dollar, Sahib Səfərovdan 3.5 milyon dollar, Tural Bağırovdan 1 milyon 460 min dollar, Heydər Süleymanovdan 134 min dollar alıb. Ümumi zərər 30 milyon yaxındır.

    İş yoldaşı Xalidə Məmmədovanın isə evini satdığını və yeni ev almaq istədiyini bilib. Ona tanışları vasitəsi ilə sərfəli ev alacağını vəd edərək 143 min 700 dollar nağd pulunu ələ keçirib. Törətdiyi əmələ görə ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə ittiham irəli sürülüb. Emin Zeynalov elan olunmuş ittihamla özünü təqsirli bilməyib.

    Emin Zeynalov "Kapital Bank"ın (adı "BUSBank" olanda) keçmiş rəhbəri Zakir Zeynalovun oğludur. Z. Zeynalov 2000-ci ildə yaradılmış Birləşmiş Universal Səhmdar Bankı (BUS) İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib. O, 4 avqust 2004-cü il tarixinə kimi həmin vəzifədə işləyib. Daha sonra “Finans Lizinq” ASC Müşahidə şurasının sədri vəzifəsində çalışıb.

    Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının dosentidir. Qeyd edilir ki, E.Zeynalovun pulunu mənimsədiyi şəxslər arasında yüksək vəzifəli məmurların yaxınları da var. Məhkəmə proseslərində təqsirləndirilən tərəf bildirir ki, bütün bu baş verənlər "Günaybank" rəhbəri Mahmud Məmmədovun sifarişləridir. Təqsirləndirilən tərəf Mahmud Nəbiyevin həm istintaqda, həm də indi iatinyaqa təsir etdiyini bildirir.

    Onu da qeyd edək ki, ötən proseslərdə şahidlərdən Turxan Əliyev ifadə vermişdi. O, Emin Zeynalovun işçisi olduğunu demişdi. Bildirmişdi ki, bu hadisələrdən sonra iki mənzili və iki evi əlindən alınıb. O, təzyiqlərdən sonra mənzillərini Mahmud Məmmədovun mühafizəçisinin adına keçirib. Maşınlarını da onların göndərdiyi alverçiyə verib.


    RUBLİKA.AZ


    Facebook-da paylaş