• Adamyeyənlər arasındakı tək azərbaycanlı: o, “cəhənnəm”ə necə düşdü? – Səbuhi Məmmədli yazır

    Adamyeyənlər arasındakı tək azərbaycanlı: o, “cəhənnəm”ə necə düşdü? – Səbuhi Məmmədli yazır

    - Bura bir azərbaycanlı gətiriblər. Görəsən nə törədib ki, onu bura atıblar. Bura çox dəhşətli yerdi, həddən artıq.

    Dostumuzun səhər göndərdiyi mesajdan heç nə anlamadım əvvəlcə.

    - “Qara delfin” eşitmisən?

    - Hə... Həbsxana olmalıdır, Rusiyada.

    - Hə, bax o türməyə, bizdən 60-70 km aralıda yerləşir. Burda manyaklar, terrorçular, adamyeyənlər yatır.

    Manyaklar, terrorçular, adamyeyənlər… Hə, düz deyir, burası “Qara delfin”. Orenburqdan 70 km aralıda Sol-İletsk adlı şəhərdə yerləşən bu koloniyada doğrudan da qatillər, adamyeyənlər, terrorçular və digər təhlükəli canilər saxlanılır. Hazırda cəzaçəkmə müəssisəsində təxminən 863 dustaq var. Və onlar elə bir nəzarət altındadır ki, təsəvvür edin, indiyədək buradan heç kim qaça bilməyib.

    Bir qədər tarixinə qayıtsaq... 1756-cı ildə imperatriçə Yelizaveta Petrovnanın fərmanı ilə tikilib. Orada əvvəlcə xüsusi cinayət törədən şəxslərin cəzalandırılması və dəhşətli işgəncələrlə öldürülməsi üçün istifadə olunub. Ötən əsrin 30-50-ci illərində xalq düşmənlərinin sürgünə göndərildiyi düşərgə və müharibə zamanı əsir düşmüş şəxslərin saxlanıldığı həbsxana kimi istifadə olunmağa başlanılıb. 2006-cı ildən isə bura ən amansız qatillərin saxlanıldığı, ömürlük cəzaya məhkum edilənlərin cəza çəkdiyi həbsxana kimi məşhurlaşıb.

    Burda bir məqamı mütləq qeyd edək, “Qara delfin”dəki məhkumlar, üst-üstə təxminən 3500 adamın ölümünə səbəb olublar. Bu da məhbus başına beş cinayət deməkdir.

    Həbsxana içərisində təhlükəsizlik o qədər güclü qorunur ki, binada məhkum sayından daha çox gözətçi var. Bu gözətçilər isə hər 15 dəqiqədən bir kameralara nəzarət edirlər.

    Məhkumlar gündə yalnız 1 dəfə kameralarını tərk edirlər və 90 dəqiqəlik gündəlik gəzinti üçün bir az daha böyük kameraya aparılırlar. Bu yerdəyişmə isə belləri bükük və əlləri yuxarıdan qandallanmış halda, ən az 3 gözətçinin nəzarətində altında edilir.

    24 saat davamlı nəzarət altında olan məhkumların gün boyu yataqlarında oturmalarına və ya uzanmalarına icazə yoxdur. Oturmaq istəyənlər yalnız kətildən istifadə edə bilirlər.

    Burada yeməkxana yoxdur. Məhkumlara gündə 4 dəfə müxtəlif şorbalar verilir və bu zaman da kameralarından çölə çıxarılmırlar.

    Təxminən 270 ilə yaxın müddətdə bu həbsxanadan kimsə qaça bilməyib. Hətta buna cəhd belə olmayıb. Ömürlük həbs cəzası alan bu məhkumlardan indiyədək azadlığa çıxanı da olmayıb.

    “Qara delfin”də cəza çəkən dustaqların ixtiyarında böyük bir kitabxana var. Bu kitabxanada 10 mindən çox kitab saxlanılır. Zarafatla deyirlər ki, “Qara delfin”də cəza çəkən dustaqlar Rusiyada ən çox oxumuş insanlardır.

    Hazırda burda çeçen terrorçular, azı üç nəfərin qətlinə səbəb olanlar, manyaklar cəza çəkir. Amma onların arasında Vladimir Nikolayevin yeri başqadır. 1999-cu ildə Çuvaşiya Respublikasının Çeboksarı şəhər məhkəməsinin qərarı ilə güllələnmə cəzasına məhkum edilib. Amma elə həmin il də güllələnmə ömürlük cəzayla əvəzlənib.

    Nikolayev fenomeni ayrıca mövzudur. O, qətlə yetirdiyi insanların ətini yeyirmiş. Soyuducuya yığıb saxlayırmış. Həmin ətlərdən bişirdiyi yeməkləri dostlarına belə təklif edirmiş.

    O, ümumilikdə 6 nəfəri öldürüb və sonradan yeyib.

    “Qara delfin”də bir çox jurnalist ondan müsahibə alıb. Onunla görüşə gələn həmkarlarımızdan isə ona…insan əti gətirməyi xahiş edirmiş. Amma son dövrlər bu ənənə dəyişib. Manyak indi sadəcə şirniyyat - peçenye və konfet müqabilində müsahibə verir...

    ***

    - Bura bir azərbaycanlı gətiriblər. Görəsən nə törədib ki, onu bura atıblar. Bura çox dəhşətli yerdi, həddən artıq.

    Dostumuzun Orenburqdan bizə göndərdiyi mesajdan yazmışdım yuxarıda.

    Hə, indi “Qara delfin”də saxlanılan amansız qatillərdən biri azərbaycanlıdır. Adı Nazim. Atasının adı Qurban. Soyadı Kovalov. 1969-cu il təvəllüdlü. Bu cani haqda məlumatı uzun axtarışdan sonra müəyyən etdik. Öyrəndik ki, o, 13 may 1999-cu ildə Saratov vilayətinin Tatişev rayonunda yerləşən Oktyabrsk şəhərciyində 4 nəfərlik bir ailəni qətlə yetirib. Hə, özgənin də yox, öz bacısı Güldəstə Məmmədovanın ailəsini.

    Güldəstə və əri Tatişev rayonunda fermer təsərrüfatı ilə məşğul olurdular. Normal da dolanırdılar. Nazim isə tüfeyli həyat keçirirdi, yeznəsi və bacısını gözü götürmürdü. Həmin gün həddən artıq spirtli içki qəbul edən Nazim bacısıgilə gəlir. Yemək istəyir. Bacısı onun üçün süfrə açır. Stola yemək qoyanda, üstündə gizlədiyi bıçaqla Güldəstənin ürəyindən vurur. Sonra o biri otağa keçib, onun ərini də öldürür. Bununla da ürəyi soyumur. Onların körpə qızları Namirə və Aygünü də öldürür. Sonra…

    Sonra hamısının meyitini doğrayıb, torbalara yığır və çöldə basdırır. Məmmədovların 3 yaşlı Kamil adlı oğlanları isə təsadüf nəticəsində sağ qalır. O, həmin vaxt qonşudaymış.

    Nazimin cinayətinin üstü 1 il sonra açılır. Bir il də məhkəmə sürür. Nəhayət, məhkəmə keçirilir, onu ömürlük həbs cəzasına məhkum edirlər. Cəzasını isə “Qara delfin”dən heç də geri qalmayan “Belıy lebed” də çəkir. Bir qədər əvvəl isə “Qara delfin”ə köçürülür.

    ***

    Bu həbsxana rəsmən “Orenburq vilayəti, 6 saylı cəzaçəkmə müəssisəsi” adlanır. Qeyri-rəsmi “Qara delfin” adının verilməsinin də maraqlı tarixçəsi var. Şəkildə gördüyünüz bu delfin heykəllərini elə bu canilər, qatillər, manyaklar düzəldiblər və həbsxananın qarşısında ucaldıblar. Və ironiyaya bax, Sol-İletskdə bircə görməli yer olmadığına görə, yeni evlənənlər məhz bu heykəlin qarşısına gəlib, şəkil çəkdirirlər...

    Adamyeyənlər arasındakı tək azərbaycanlı: o, “cəhənnəm”ə necə düşdü? – Səbuhi Məmmədli yazır
    Adamyeyənlər arasındakı tək azərbaycanlı: o, “cəhənnəm”ə necə düşdü? – Səbuhi Məmmədli yazır
    Adamyeyənlər arasındakı tək azərbaycanlı: o, “cəhənnəm”ə necə düşdü? – Səbuhi Məmmədli yazır
    Adamyeyənlər arasındakı tək azərbaycanlı: o, “cəhənnəm”ə necə düşdü? – Səbuhi Məmmədli yazır
    Adamyeyənlər arasındakı tək azərbaycanlı: o, “cəhənnəm”ə necə düşdü? – Səbuhi Məmmədli yazır
    Adamyeyənlər arasındakı tək azərbaycanlı: o, “cəhənnəm”ə necə düşdü? – Səbuhi Məmmədli yazır
    Adamyeyənlər arasındakı tək azərbaycanlı: o, “cəhənnəm”ə necə düşdü? – Səbuhi Məmmədli yazır

    Rubrika.Az


    Facebook-da paylaş