• Ankaradan İrəvana hədə kimi xəbərdarlıq - “Ağlını başına yığ!..”

    Ankaradan İrəvana hədə kimi xəbərdarlıq - “Ağlını başına yığ!..”

    Türkiyə Ermənistana bir daha yerini göstərdi; zaman təcavüzkara işləmir; işğalçı özünün ən sadiq havadarlarını da itirməyə başlayıb...

    Azərbaycanla Ermənistan arasında iyulun 12-dən, sonuncunun təxribatı ilə dövlət sərhədində baş verən hərbi toqquşma müəyyən fasilələrlə davam edir. Ancaq informasiya savaşı bir an belə dayanmayıb. Bu da təbiidir. Torpaqlar, strateji yüksəkliklər uğrunda mübarizə təkcə səngərlərdə getmir, həm də siyasi-diplomatik müstəvidə gedir, beynəlxalq rəy uğrunda mübarizə ilə aparılır.

    Bu istiqamətdə də Ermənistan açıq-aşkar iflasla üz-üzədir. İrəvanın israrlı cəhdlərinə rəğmən, hətta 1 nömrəli hərbi-siyasi müttəfiq Rusiya və onun ekspert çevrələri son olaylarda işğalçı ölkənin yanında yer alıb, Azərbaycan əleyhinə hansısa bəyanat vermir, addım atmır. O sırada Rusiyanın dominant olduğu “Rus NATO-su” (KTMT) Ermənistanı, baş nazir Nikol Paşinyanı tam məyus edən bir mövqe sərgiləməkdədir. Blok öncə təcili iclas çağırsa da, sonra onu qeyri-müəyyən müddətə ləğv edib. Yəni müzakirəyə lüzum görməyib. Belə yanaşma həmçinin o anlama gəlir ki, sabah Azərbaycan Ordusu Qarabağda antiterror əməliyyatına başlasa, Rusiya, KTMTb ümumiyyətlə, qarışmayacaq...

    *****

    Bu arada isə son insidentlərdən dolayı Azərbaycana beynəlxalq dəstək gəlməkdə davam edir. Dünən İsrail dövləti ölkəmizin ərazi bütövlüyü və suverenliyini müdafiə edən bəyanat yayıb. Eyni gündə qardaş Türkiyə bir daha mənfur qonşulara göz ağardıb, ona həddini göstərib.

    “Ermənistan hakimiyyəti ağlını başına yığıb Cənubi Qafqazda problemlərin deyil, həll yollarının bir hissəsi olmağı tez bir zamanda öyrənməlidir”.

    Bu sözlər Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı açıqlamadandır. Açıqlamada həmçinin deyilir ki, işğalçı Ermənistan Azərbaycana qarşı təcavüzkar hərəkətlərini ört-basdır etmək üçün riyakar qaralama kampaniyasını Türkiyəyə qarşı da yönəldir. Daha sonra qeyd olunub ki, Azərbaycan torpaqlarında illərdir qanunsuz işğalını həyata keçirən Ermənistanın ikiüzlü münasibəti Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olmasına əngəl yaratmasını açıq-aşkar ortaya qoyur.

    “Kontekstdən ayrılan bu cür ittiham və iftiralarla xarici siyasət yürütmək nə bölgəyə, nə də Ermənistana fayda verəcək. Bu cür yanaşma ilə yalnız birtərəfli tarixi anlayışlarını canlandırmaq və təcavüzlərinə haqq qazandırmaq təəssüratı yaradır. Təcavüzkar millətçiliyi alovlandıran bu şikəst yanaşma isə təəssüf doğurur”, - deyə bəyanatda qeyd olunub.

    Yada salaq ki, Ermənistan XİN Türkiyəni Azərbaycana açıq dəstək verdiyi üçün ittiham etmişdi. Bakıya dəstək isə anındaca və ən yüksək səviyyədə - qardaş dövlətin prezidenti, milli müdafiə naziri və xarici işlər nazirindən gəlmişdi.

    Prezident Rəcəb Tayyib Ərdoğan: Hər kəsi Ayasofya ilə bağlı qərara ...

    Prezident Rəcəb Tayyib Ərdoğan bu xüsusda həmçinin demişdi: “Əcdadlarımızın əsrlər boyu Qafqazlarda yerinə yetirdiyi vəzifəni biz də davam etdirəcəyik. Bu son hücum Dağlıq Qarabağda yox, iki dövlətin sərhədində ağır silahlarla edilib. Heç şübhəsiz, bu, Ermənistanın çapını aşan bir hadisədir. Türkiyə qədim dostluq bağları və qardaşlıq əlaqələri olan Azərbaycanın haqqına, hüququna, torpaqlarına yönəlik hər cür hücumun qarşısında dayanmağa əsla tərəddüd etməyəcək”.

    Xarici işlər naziri Mövlud Çavuşoğlu isə sərhəddəki insidentlə bağlı belə bir cümlə işlətmişdi: “Azərbaycan Qarabağ münaqişəsinin həlli üçün hansı qərarı versə, Türkiyə Azərbaycanın yanında olacaq”.

    Eyni bəyanatı müdafiə naziri Hulusi Akar dilə gətirmişdi. Yəni Bakı müharibə yolu seçəcəksə, qardaş ölkə hərbi köməyini də əsirgəməyəcək. Bu bəyanatların ardınca isə qardaş ölkənin hərbi hava qüvvələrinə məxsus təyyarələr Türkiyə-Ermənistan sərhədi boyu manevrlər edərək düşmənə əsl göz dağı vermişdi...

    *****

    Maraqlıdır ki, diplomatik-təbliğati uğursuzluq fonunda Ermənistanın ən sadiq havadarları da İrəvanın vay-şivənini, Azərbaycanı “təcavüzkar kimi tanımaq” çağırışlarını ciddiyə almaq istəmirlər. Məsələn, onlardan biri - Rusiya Dövlət Dumasının ermənipərəst deputatı, MDB işləri üzrə komitənin sədr müavini, Azərbaycan XİN-in “qara siyahısı”nda olan Konstantin Zatulin ermənilərin Tovuz təxribatı ilə bağlı gözlənilməz açıqlama ilə çıxış edib. Belə ki, News.am-a verdiyi müsahibəsində o, Ermənistan-Azərbaycan sərhədindəki hərbi müdaxilə təhrikçisini Ermənistanda axtarmaq gərəkdiyini bildirib.

    “Mənim şəxsi qənaətimə görə, Ermənistan hakimiyyəti daxili siyasətdə kütləvi səhvlərə yox verib, məhkəmə sistemində islahatlar, həbslər, tutuqlanmalarla siyasi gərginlik yaradıb. Hazırkı vəziyyətdə hakimiyyət bu yolla (sərhəddəki təxribat nəzərdə tutulur - red.) istənilən müxalif və istənilən tənqidi fikri niyə də susdurmaq istəməsin?” - deyə Zatulin məntiqli sual edib.

    Zatulin həmçinin Rusiyanın öz öhdəliyindən imtina etmədiyini söyləyib: “Rusiya KTMT üzrə öhdəliyinə sadiqdir, əgər Ermənistana qarşı təcavüz olarsa, onda Rusiya müqaviləyə uyğun olaraq Ermənistanı öz ərazisi kimi qoruyacaq. Hazırda isə bunun üçün heç bir əsas yoxdur”, - deyə o, Tovuz insidentinə görə İrəvanın məsuliyyət daşıdığını təsdiqləyib.

    “Bu günə qədər aparılan təhlillər onu deməyə əsas verir ki, Ermənistan-Azərbaycan sərhədində baş verən hadisə çətin ki, Ermənistana qarşı hazırlanmış, planlaşdırılmış və həyata keçirilmiş təcavüz aktı kimi şərh edilsin. Şəxsən məndə münaqişənin başlanğıcını Azərbaycanın hücuma hazırlaşdığının sübutu kimi qəbul etmək kimi təəssürat yoxdur. Bütün bunlar Hitler Almaniyasının SSRİ-yə hücum cəhdi kimi görünmür”, - deyə o bir az da ironik şəkildə vurğulayıb.


    Öz növbəsində rusiyalı politoloq Qriqori Trofimçuk hesab edir ki, məhz KTMT sayəsində Ermənistan bu gün təhlükəsizlikdədir (Axar.az). “Ermənistan KTMT-yə arxalana bilər. Əgər belə olmasaydı, onun Qarabağ konfliktinə görə yalnızca Azərbaycanla yox, həm də Türkiyə ilə savaşı olardı. Rusiya və KTMT faktoru olmadan hər şey qısa zamanda və qorxulu şəkildə inkişaf edərdi”, - deyə o, nankor ermənilərin öz varlıqlarına görə kimə minnətdar olmalı olduqlarına aydın işarə vurub.

    Bununla belə, rusiyalı ekspert KTMT-nin Azərbaycanla savaşmayacağını da söyləyib.

    “Rusiya qəti şəkildə Azərbaycanla sərhədyanı hərbi münaqişədə Ermənistanı dəstəkləməyəcək”.

    Bu sözləri isə “Vestnik Kavkaz”a müxbirinə müsahibəsində digər rusiyalı analitik Mixail Neyzhmakov söyləyib.

    “Rusiya şübhəsiz ki, münaqişənin ən qısa müddətdə diplomatik yolla həllində maraqlıdır və bu yanaşma da tərəflərdən birinə birbaşa və publik dəstəyi istisna edir”, - deyə ekspert qeyd edib.

    *****

    Beləcə, əslində zaman təcavüzkara, Paşinyan iqtidarına işləmir. Çünki Ermənistan yetərli resurslar olmadığı üçün getdikcə həm iqtisadi, həm də hərbi cəhətcə daha da zəifləyir, geri gedir. Düşmən tərəfin axır vaxtlar əsəbi ovqatda tələsməsinin, əl-qol atmasının bir səbəbi də yəqin ki, budur: kim(lər)insə ətəyindən yapışıb siyasi-iqtisadi bataqlıqdan qurtulmaq...(musavat.com)

    Rubrika.Az


    Facebook-da paylaş