• Qoşulmama Hərəkatını uzunömürlü edən dəyərlər – Azərbaycanın dönəm sədri olduğu qurumun yaranma günüdür

    Qoşulmama Hərəkatını uzunömürlü edən dəyərlər – Azərbaycanın dönəm sədri olduğu qurumun yaranma günüdür

    BMT-dən sonra ən böyük beynəlxalq təşkilat sayılan Qoşulmama Hərəkatının bu gün yaranma günüdür. İdeoloji əsasını 1955-ci ildə qəbul edilmiş Bandunq prinsipləri təşkil edən Hərəkat 1961-ci il, sentyabrın 6-da ovaxtkı Yuqoslaviyanın (indiki Serbiyanın) paytaxtı Belqradda təsis edilib.

    Rubrika.Az musavat.com-a istinadla bildirir ki, təşkilat “Soyuq müharibə” illərində təşəkkül tapsa da, daim ədaləti, beynəlxalq hüququ, dövlətlərin suverenliyi və ərazi bütövlüyünü, multulateralizmi müdafiə edib. Bununla da qlobal sülhə öz töhfəsini verməyə çalışıb. “Soyuq müharibə” bitdikdən, yəni SSRİ və sosialist düşərgəsi dağıldıqdan sonra da qurum öz aktuallığını itirməyib. Çünki dünyada etnik-ərazi münaqişələri, ölkələrarası konfliktlər azalmayıb, əksinə, daha da artıb.

    Qeyd edildiyi kimi, Qoşulmama Hərəkatı BMT-dən sonra tərkibində ən çox dövləti (120 ölkə) birləşdirən bir siyasi təsisatdır. Balanslı xarici siyasət yürüdən ölkə olaraq, Azərbaycan onun sıralarına 2011-ci ildə qoşulub. Üzv olduğu gündən keçən qısa müddətdə də Hərəkatda böyük nüfuz qazanıb.

    Bunu nəticəsi olaraq, ölkəmiz 2016-cı ildə qəbul edilmiş qərarla 2019-2022-ci illər üçün, 3 illiyə Hərəkatın dönəm sədri seçilib.

    Şübhə yox ki, bu qərar 119 ölkənin ölkəmizə olan inam-etimadının və hörmətinin təzahürü idi. Bakı bu etimadı doğrultdu. 2019-cu il oktyabrın 25-26-da Hərəkatın dövlət və hökumət başçılarının Bakı sammiti keçirildi. Qoşulmama Hərəkatının sədri, prezident İlham Əliyev çıxışında Azərbaycanın sədrlik zamanı öz prioritetlərini və fəaliyyətini bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən tarixi Bandunq prinsipləri üzərində quracağını bildirdi. Ölkə prezidenti, həmçinin Azərbaycanın sədrlik zamanı Hərəkat üzvlərinin maraqlarını müdafiə edəcəyini, digər təsisatlarla dialoq quracağını və inkişaf etdirəcəyini qeyd etdi.

    Bundan əlavə, Azərbaycan sədrlik müddəti üçün geniş, əhatəli Fəaliyyət Planı hazırladı. Təəssüf ki, koronavirus pandemiyası səbəbindən vəziyyət tamamilə dəyişdi. Buna rəğmən, Azərbaycan yaranmış vəziyyətə çevik reaksiya verməyi bacardı.

    Belə ki, 2020-ci il mayın 4-də İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının pandemiyaya qarşı videokonfrans formatında dövlət və hökumət başçıları səviyyəsində Zirvə görüşü keçirildi

    Zirvə görüşündə Azərbaycanın dövlət başçısı Hərəkat adından BMT Baş Assambleyasının pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Təklif Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən müdafiə olundu. Belə bir dəstək Hərəkat üzvlərinin bir daha öz dəyərlərinə olan hörmətinin, çoxtərəfli beynəlxalq əməkdaşlığa, multilateralizmə, qlobal problemlərin yalnız qlobal səylərlə həll oluna biləcəyi düşüncəsinə olan inamının bariz təzahürü idi.

    Azərbaycan prezidentinin xüsusi sessiyanın çağırılması təşəbbüsünə dünyanın 130-dan çox ölkəsindən dəstək gəldi. Bu təşəbbüsə qarşı çıxan tək ölkə isə təcavüzkar Ermənistan oldu. Bununla da o, öz antihumanist və xəbis mahiyyətini, dünya xalqları ailəsinə layiq olmadığını bir daha nümayiş etdirmiş oldu.
    İrəvanın özünü ifşa cəhdlərinə rəğmən, iyulun 10-da BMT-nin pandemiyaya qarşı 31-ci xüsusi sessiyası rəsmi proses kimi başladı. Xüsusi sessiyanın dövlət və hökumət başçıları səviyyəsində ümumi müzakirələrinin keçirilmə vaxtı hazırda Nyu-Yorkda ölkələr arasında müzakirə olunur...

    Yuxarıda vurğulandığı kimi, Hərəkatın prioritet verdiyi dəyərlərdən biri dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipinə hörmətdir. Bu xüsusda Azərbaycan Qoşulmama Hərəkatına üzv olan ölkələrin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı tutduqları ədalətli mövqedən məmnundur.

    Məlumdur ki, Hərəkat öz sənədlərində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə, ərazi bütövlüyünə dəstəyini bir neçə dəfə açıq ifadə edib və münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinin vacibliyini vurğulayıb. Erməni işğalını birmənalı şəkildə pisləyib, işğalçı qoşunların qeyd-şərtsiz Azərbaycanın qanuni torpaqlarından çıxmasını tələb edib. Eyni zamanda, Dağlıq Qarabağdakı oyuncaq qurumla üzv ölkələrin hər hansı əlaqələrini qadağan edib.

    Elə təkcə bu il Qoşulmama Hərəkatı Ermənistanın işğal olunmuş Dağlıq Qarabağda təşkil etdiyi “seçki şousu”nu tanımadığını, bunu qanunsuz hesab etdiyini bildirib və Ermənistanın Tovuzla sərhəddə törətdiyi təxribatı pisləyib.

    Nəzərə alsaq ki, 120 üzv dövlət BMT üzvlərinin 2/3-sini təşkil edir, o zaman rəsmi İrəvanın bütün bu bəyanat və qərarlara niyə isterik reaksiya verdiyini anlamaq olar. Çünki söhbət artıq beynəlxalq birliyin daşlaşan rəyindən, Ermənistanın işğalçı siyasətinin yüzlərlə ölkə tərəfindən qəbul olunmamasından gedir. Bu da o anlama gəlir ki, İrəvan Azərbaycan torpaqlarının işğalını heç vaxt rəsmiləşdirə, erməniləri ərazilərimizdə süni şəkildə məskunlaşdıra bilməcəyəcək.

    Əslində, Qoşulmama Hərəkatını bunca uzunömürlü edən onun söykəndiyi təməl prinsiplər və üzv dövlətlərin bu prinsiplərə sayğısıdır...

    Rubrika.Az


    Facebook-da paylaş